Misli Premyer Liqasında 12-ci tur son dəqiqə qolları ilə başa çatdı. Bununla turnir cədvəlinin ikinci beşliyində vəziyyət dəyişdi.

Şənbə günü Şamaxıda rahat qələbə qazanan “Zirə” 4-cü pillədə qalmağı bacarmışdı. “Qartallar” həm liderlər qrupundan uzaqlaşmamaq, həm də izləyicilərin onu ötməsinə imkan verməmək üçün intizamlı oynadığı matçda səhvə yol vermədi.

Əvəzində “Sabah” qeyri-sabit çıxışına daha bir matç əlavə etdi. Əla hücum xətti olan bakılılar üstün olduğu matçda “Sumqayıt”ın qapısına yol tapa bilmədi. Meydan sahibləri son saniyələrdə təşkil etdiyi hücumla qonaqlara bir xalı da çox gördü. Mövsümün ən məhsuldar ikinci komandasının müdafiədəki bərbad çıxışı turlardır davam edir. Krunoslav Renduliç buna çarə tapmadıqca kreslosu yellənməkdə olacaq. Avrokubokdakı bərbad nəticələrin ardınca çempionatda da sabitliyə nail olmamaq məşqçinin birbaşa günahıdır. Çempionluq uğrunda mübarizə aparmalı olan “Sabah” “Sumqayıt”ı 4 xal məsafəsinədək yaxına buraxıb, üstəlik, liderlərdən də xeyli geri düşüb.

Samir Abasovun gedişindən sonra böhrana düşməyən “Sumqayıt”a gəlincə, Vaqif Cavadov ardıcıl ikinci qələbə ilə bəlkə də daimi baş məşqçi olmaq potensialını ortaya qoyur. Düzdür, dünənki oyunda komanda rəqibə aşkar şəkildə uduzurdu. Lakin müdafiəni qüsursuz təşkil etmək, hətta qələbə qolunu da vurmaq gözardı edilməməlidir.

Turun bəlkə də ən vacib oyunu Tovuzda baş tutdu. Həmin matçda da daha yaxşı oynayan yox, son fürsətdən yararlanan qələbəyə sevindi. İlk yarısı darıxdırıcı keçən qarşılaşmada “Səbail” daha çox hücum edib, daha çox şans yaratdı. Lakin “Kəpəz” inamla müdafiə olunub son zərbəni vurmağı bacardı.

Son dəqiqə qolu “Kəpəz” axırıncı pıllədən qurtarmadı. Amma məğlub edilən “Səbail”lə cəmi 1, “Neftçi” ilə 3 xallıq fərq var. Bu qələbə komandanın Premyer Liqada qalmaq uğrunda mübarizədə ümidlərini çiçəkləndirdi. İndi “Səbail” daha çox təzyiq altında olacaq. Halbuki qələbə olmasaydı, Azər Bağırovun yetirmələri psixoloji cəhətdən çökəcəkdi.

“Səbail”in baş məşqçisi Şahin Diniyev həftələrdir inamlı danışır, ümidini itirmirdi. Görünür, “Sumqayıt”ın ardınca daha bir autsayderə məğlubiyyət onun da ümidini tükəndirdi. İstefa qərarının klubun xeyrinə olacağı, yoxsa vəziyyətin bir az da pisləşəcəyi qarşıdakı turlarda bilinəcək.

Turnir cədvəlində maraqlı vəziyyət yarnıb. İlk üçlük nisbətən uzaqlaşıb, orta sıralarda həm yuxarı qalxmağa, həm də aşağı enməyə namizədlər var, autsayderlər qrupu ardıcıl qələbələrlə dəyişə bilər. Komandalar arasında çox böyük səviyyə fərqi olmadığından hər an yerdəyişmələr mümkündür. İndi əsas hədəf qış fasiləsinə kimi mümkün qədər çox xal yığmaqdır. Çempionatın yaz hissəsi daha maraqlı olacaq.

FƏRİD

turnir 1024x759 1 - Futbolinfo.az
Shares: