Almaniyanın “Nürnberq” klubunun baş məşqçisi Miroslav Kloze 2-ci Bundesliqanın 11-ci turunda “Hamburq”la səfər oyununu dəyərləndirib.
Futbolinfo.az xəbər verir ki, 46 yaşlı mütəxəssis 1:1 hesabı ilə başa çatan matçda çox sayda qol şansları əldə etdiklərini bildirib.
Kloze Azərbaycan millisinin üzvü Mahir Emrelinin də yer aldığı hücum xəttindən narazılığını dilə gətirib: “Güclü komandaya qarşı sərgilədiyimiz oyuna görə komandamla fəxr edirəm. Ancaq hücumçularımızın yaranan şansları əldən vermələrindən narazıyam. Əgər qol vurmaq üçün bu qədər imkan qazanırsınızsa, bunları düzgün qiymətləndirib qələbə qazanmalısınız. Ancaq yenə də 1 xala görə razıyam. Bu, düzgün yolda olduğumuzu göstərir. Komandamızı yenidən izləmək əyləncəli oldu”.
Qeyd edək ki, qarşılaşmanın 63-cü dəqiqəsində Mahir Emreli komandasına 1 xalı qazandıran qola imza atıb. Forvard bununla “Nürnberq”in heyətində ardıcıl 4-cü matçda qol vurub.