Şahin Diniyev Misli Premyer Liqasının cari mövsümündə klubundan ayrılan 4-cü baş məşqçi olub.
Futbolinfo.az saytının məlumatına görə, o da Adil Şükürov, Roman Qriqorçuk və Samir Abasov kimi, mövsümə başladıqları komanda ilə sona qədər davam edə bilməyib.
Maraqlıdır ki, Diniyev “Kəpəz”in, konkret olaraq isə Azər Bağırovun vəzifəsindən uzaqlaşmasına səbəb olduğu ikinci baş məşqçidir. Daha əvvəl Roman Qriqorçuk məhz Tovuz şəhər stadionunda “Kəpəz”lə qarşılaşmadan sonra “Neftçi”dən yola salınmışdı.
Digər diqqətçəkən məqam hər iki dövrədə “Kəpəz”lə “Səbail”in duelindən sonra məşqçi istefası reallaşıb. 4-cü turda “ASCO Arena”dakı qolsuz bərabərlikdən sonra gəncəlilərin çalışdırıcısı Adil Şükürov postunu tərk etməli olmuşdu. Bu dəfə isə eyni komandaların Tovuzdakı qarşılaşması “Səbail”in baş məşqçisiz qalması ilə nəticələnib.
Cari mövsüm klubunu tərk edənlərdən 2-si öz istəyi, ikisi isə rəhbərliyin qərarı ilə bu addımı atıb. Şahin Diniyevdən əvvəl Samir Abasov da “Sumqayıt”dakı işindən özü istefa vermişdi. O, “Neftçi”nin “sükanı arxasına” keçmək üçün 9-cu turda “Qarabağ”la ev matçından (0:0) sonra “kimyaçılar”la vidalaşmışdı. Adil Şükürov və Roman Qriqorçuk isə uğursuzluq səbəbindən istefaya göndərilmişdilər.
Hazırda “Sumqayıt”ı müvəqqəti baş məşqçi qismində Vaqif Cavadov çalışdırır. 5-ci turda isə Xaliq Mərdanov bir matçlıq “Kəpəz”də bu funksiyanı yerinə yetirmişdi.
Bu mövsüm komandadan ayrılan baş məşqçilər:
Adil Şükürov (“Kəpəz”): 4-cü turda “Səbail”lə “ASCO Arena”dakı oyundan sonra.
Roman Qriqorçuk (“Neftçi”): 9-cu turda “Kəpəz”lə Tovuzdakı oyundan sonra.
Samir Abasov (“Sumqayıt”): 9-cu turda “Qarabağ”la Mehdi Hüseynzadə adına stadiondakı oyundan sonra.
Şahin Diniyev (“Səbail”): 12-ci turda “Kəpəz”lə Tovuzdakı oyundan sonra.
Qeyd edək ki, Şahin Diniyev 2022-ci ilin dekabrından bəri “Səbail”ə rəhbərlik edib. Qəsəbə təmsilçisi onun rəhbərliyi altında 2022-23 mövsümünü Premyer Liqada 9-cu pillədə tamamlayıb. Komanda ötən mövsüm 7-ci yerlə kifayətlənib. Cari mövsümün isə geridə qalan 12 turunda 7 xal toplayan “Səbail” 9-cu sıradadır.