Son iki ildə Azərbaycan basketbolunda böyük bir silkələnmə hiss olunur. Çempionatımız demək olar ki, yenidən quruldu, təşkilatçılığın səviyyəsi yüksəldi, klublar yaradıldı, əcnəbi oyunçu və məşqçilər liqamıza cəlb olundu. Artıq federasiyada da işi bilən və bu yolda püxtələşən insanlar çalışır.

Türkiyədə “Qalatasaray” kimi klubun basketbol şöbəsinə rəhbərlik etmiş Turqay Zeytingözün ölkəmizə dəvət olunması xüsusi qeyd olunmalıdır. ABF-də idman direktoru vəzifəsində çalışan türkiyəli funksionerin fəaliyyəti ilə yaxından tanışıq. Amma onu daha yaxından tanımaq üçün Azərbaycan Basketbol Federasiyasının baş ofisinə yollanmaq qərarına gəldim.

– Azərbaycandan sizə təklif necə gəldi?

– Bundan iki il əvvəl “Qalatasaray”da çalışarkən Azərbaycana səfər etmişdim. Qardaş ölkə olduğumuzdan onsuz da Azərbaycan basketbolunu yaxından izləyirdim. Məndən əvvəl burada türkiyəli Evren Alkaya, Murat Dikmen, Uğur Özdemir və Bedri Meriç kimi mütəxəssislər çalışırdı. Onlarla müntəzəm olaraq Azərbaycan basketbolunun durumunu müzakirə edirdik. Bura səfər edərkən federasiyasının vitse-prezidenti Fərrux Mahmudovla da görüşdüm. Fərrux bəy də məni təhsil naziri Emin Əmrullayevlə tanış etdi. Söhbət edərkən düşüncələrimizin bir-birinə yaxın olduğunu gördük və nəticədə qərara aldıq ki, Azərbaycan basketbolunu inkişaf etdirmək üçün birgə yola çıxaq.

– Azərbaycan basketbolunun səviyyəsi nə yerdədir?

– Azərbaycan basketbolununun ən böyük problemi sabitliyin olmamasıdır. Gördüyünüz kimi, çempionat son iki ildə belə normal şəraitdə keçirilir. Buna qədər uzun müddət peşəkar səviyyədə liqa təşkil edilməmişdi. Bu sabitliyi əldə edə bilsək, nəsə uğurdan danışmaq olar. Hazırda bunun üzərində işləyirik. 5 il sonra Turqay burada olmasa belə, sabitliyi yaratmaq olar. Əslində, Azərbaycanda basketbol potensialı var. Biz sadəcə, bu mədəniyyəti formalaşdırmaq istəyirik.

– Bəs, bu iki il ərzində inkişaf hiss olunur?

– Əlbəttə. Məktəblilər çempionatı izləyir və günlərin bir günü onlar da bu liqada çıxış etmək istəyəcəklər. Ona görə də çempionatın keçirilməsi çox vacibdir. Legioner basketbolçular da inkişaf üçün təkan rolunu oynayır. Hazırda bir sistem formalaşdırmışıq. Məsələn, yeniyetmə oğlan və qızlardan ibarət komandalarımız Avropada C divizionunun qalibi olurlar. İnkişaf hiss olunur və biz bunu daha da təkmilləşdirmək istəyirik.

c7d66dba e26c 465a a5ca 29fa71d798de 1 - Futbolinfo.az

– Azərbaycanda valideynlər uşaqlarını basketbola boy artımına görə qoyurlar. Heç kim uşağının basketbolçu olmasını istəmir. Buna münasibətiniz necədir?

– Əslində, bu, basketbol mədəniyyətinin formamalaşması ilə əlaqəlidir. Hazırda Azərbaycanda evlərdə basketbolu çox da izləmirlər. Bu gün bir ata övladına basketbol topu hədiyyə vermir. Biz valideynlərə basketbolun əsl fəlsəfəsini aşılayıb onları bu istiqamətdə inandıra bilsək, nəyisə dəyişdirərik. Təbii ki, bunun üçün uzun vaxta ehtiyacımız var. Təbliğat doğru aparılsa, valideynlər də basketbolla maraqlanar, övladlarını bu oyunda qüvvəsini sınamağa təşviq edər. Basketbol təkcə orqanizmin deyil, həm də zehnin inkişafına yol açır. Uşaqlar həm təhsil almalı, həm də idmanla məşğul olmalıdır. Məsələn, qarşıda millimizin iki oyunu var. İrlandiya və İsveçrə üzərində qələbələr də təbliğat üçün təkan ola bilər.

– Bəs, Türkiyədə vəziyyət necədir? Orada da övladını boy atması üçün basketbol dərnəklərinə yazdıranlar var?

– Əslində, bu, bütün düynaya yayılan inanc növüdür. Bununla yanaşı belə bir stereotip də formalaşıb ki, basketbolu ancaq ucaboylu insanlar oynaya bilər. Bu iki inancı yerlə bir edən nümunələr var. Milli Basketbol Assosiasiyasında 1.60 boya malik basketbolçu olub. Təbii ki, basketbol boy artımına kömək edə bilər, hər halda, əzələləri inkişaf etdirir, amma “basketbol oynamaqla boy uzanar” fikri də doğru deyil. Elə “ucaboylular da yaxşı basketbolçu olar” fikri də səhvdir.

– Eyni millətik, oğuz türküyük. Bəs, niyə bizimlə sizin aranızda bu qədər fərq var?

– Genetik olaraq eyni millətik. Mən Azərbaycan basketbolunun yüksək səviyyəyə yüksələ biləcəyini düşünürəm. Sadəcə, Türkiyə çoxdan bu yola çıxıb. Türkiyədə 35 ildir ki, Superliqa keçirilir. Azərbaycanda isə çempionat 2 ildir təşkil olunur. Türkiyədə uzun illərdir ki, bu idman növü formalaşıb. Bununla yanaşı, Türkiyədə təşkilatlanmış və böyük idman camiələri var. Buna misal olaraq “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş”, “Karşıyaka”, “Tofaş” və “Banvit” kimi klublar bu sahədə işlər görüb. Azərbaycanda belə camiələr yoxdur. Biz həm də belə təşkilatlanmış klublar yaratmaq istəyirik. Hədəflərimizdən biri də odur ki, klubların öz “alt yapı”ları olsun. Bunu həyata keçirə bilsək, uşaqlar da klublara məxsus olduğunu anlayar. Futbolda “Qarabağ” nümunəsinə baxsaq, bunu həyata keçirməyin mümkün olduğunu anlayarıq. “Qarabağ” Futbol Klubu Azərbaycanı Avropada uğurla təmsil edir. Yaxın zamanlarda basketbolda da belə formalaşan komanda yarada bilsək, nədənsə danışmaq olar.

Turgay Zeytingoz Banvit080817 - Futbolinfo.az

– Maraqlıdır, “Qarabağ” niyə basketbol üzrə Azərbaycan çempionatında oynamaq istəmir?

– “Qarabağ”ın idman direktoru Əmrah Çəlikəl uşaqlıq dostumdur. Biz eyni məktəbdə oxumuşuq. O, hətta mənim komanda yoldaşım olub. Əmrah bəyin də basketbol keçmişi olub. “Qababağ”ın baş meneceri Asif Əsgərovla da müntəzəm olaraq görüşürük. Onların basketbola böyük marağı var. Amma hazırda əsas diqqətlərini futbola yönəldiblər. Buna görə onları sıxmaq lazım deyil. Ümid edirəm ki, günlərin birində bizə tərəf də boylanarlar.

– Amma gələcəkdə basketbolla bağlı planları var?

– Dediyim kimi, basketbolu çox sevirlər, amma hələ ki, ortada konkret heç nə yoxdur.

– Türkiyə basketbol liqasında “Aliağa Petkim” komandası var ki, ona sponsorluğu SOCAR edir. Bizim dövlət neft şirkətimiz niyə məhz bu komandanı seçdi?

– Bildiyim qədəri ilə SOCAR-ın İzmirin Aliağa bölgəsində bir fabriki var. Məhz buna görə orada bir komandaya sponsorluq etmək qərarına gəlib. Ümumiyyətlə, bu şirkət uzun illərdir ki, Türkiyə basketboluna yatırım edir. Onların bu dəstəyi Türkiyə basketbolu üçün çox qiymətlidir. Ümid edirəm ki, bir müddət sonra Azərbaycan basketbolu da onların dəstəyi sayəsində inkişaf edəcək.

– Elədirsə, SOCAR-ı Azərbaycan basketboluna cəlb etmək olarmı? Bu istiqamətdə iş görürsünüzmü?

– Mən hələ burada yeniyəm. Əlbəttə, bu şirkətlə dialoq qurulmasının tərəfdarıyam. Amma onu da nəzərə alaq ki, SOCAR “Neftçi” Basketbol Klubuna da dəstək olur. Ümid edirəm ki, bu yatırımlar daha da artar. Hər halda, “Aliağa Petkim”ə verdiyi dəstək faydalı olur. “Aliağa” Türkiyəni FIBA Çempionlar Liqasında təmsil edir. Bunu Azərbaycanda da etmək mümkündür.

– Bəs, başqa şirkətlərlə və iş adamları ilə təmaslarınız olur? Yəni, onları Azərbaycan basketbol liqasına gətirmək üçün hansı işləri görürsünüz?

– Onsuz da Emin bəyin və Fərrux bəyin səyləri nəticəsində bir çox şirkət çempionatımıza sponsorluq edir. Bizim indi əsas məqsədimiz həmin şirkətlərə etdiyi yatırımların qarşılığını qazandırmaqdır. Bildiyiniz kimi, çempionat oyunlarımız TV-dən də yayımlanır. Günü-gündən arenaya gəlib oyunların sayını izləyənlərin sayı artır və daha da artacaq. Bununla da yeni şirkətləri öz tərəfimizə çəkmək şansımız olacaq.

– Basketbol idmanın bir növüdür, özünüz də idman funksioneriniz. Azərbaycanda hansı idman növü var ki, əminlikdə deyə bilərsiniz ki, Türkiyədən üstünük?

– Azərbaycanda bəzi fərdi idman növləri Türkiyədən daha üstündür. Paris Olimpiadasında da Azərbaycan medal sıralamasında Türkiyədən üstün oldu. Burada cüdoda qazanılan 2 qızıl medal həlledici rol oynadı. Məsələn, Azərbaycanda cüdo Türkiyədən daha yaxşı inkişaf edib. Güləşdə də ənənələr var.

492301196830823 - Futbolinfo.az

– Olimpiadadan söz düşmüşkən, Parisdəki uğursuzluğunuzun səbəbini nə ilə izah edə bilərsiniz?

– Türkiyə hazırda bu mənada problemlər yaşayır. Olimpiadadakı uğursuzluqdan sonra ölkə daxilində problemlərin səbəbi araşdırılmalıdır. Bu işə məsuliyyət daşıyan insanlar var və mənim buradan nəsə yol göstərməyim doğru olmazdı. Amma şəxsi fikrimi öyrənmək istəyirsinizsə, Türkiyədə klub çəkişmələrinə son qoyulmalıdır. Uşaqlara yatırım etmək lazımdır. Türkiyədə indi idmanın fəlsəfəsi bir kənarda qalıb, hamı matç qazanmaq fikrindədir. Əsas idmançı yetişdirməkdir. Olimpiada çox ciddi layihədir. Olimpiadaya bir ay hazırlaşmaq olmaz. Uğur qazanmaq üçün işə indi başlayıb 2028-i deyil, 2032-ci ili fikirləşmək lazımdır. Ümid edirəm ki, Paris Olimpiadası bizim üçün dərs olacaq.

– Bu mənada idmançı yetişdirməyə görə “Fənərbaxça”nın rolu daha böyükdür…

– Haqlısınız, Olimpiadaya ən çox idmançı gönədərən klub “Fənərbaxça”dır. Bu klubun son illər həvəskar növlərə böyük yatırımı var. Bu mənada “Qalatasaray”la “Beşiktaş”ın müəyyən dəstəyi hiss olunur. Digər klubları da bu prosesə cəlb etmək lazımdır.

– Məsələn, güləşi götürək. Bu idman növündə daha çox kənddən çıxan uşaqlar uğur qazanmaq potensialına malikdir. “Fənərbaxça”, “Qalatasaray” və “Beşiktaş” İstanbulu təmsil etdiyindən şəhərdə yaxşı güləşçi kəşf etməyə bilərlər. Sizin bölgələrdə hansı problemləriniz var?

– Bəli, bölgələrdə də dövlət bu işin üstünə düşməlidir. “Qalatasaray”, “Fənərbaxça” və “Beşiktaş” kimi klublarda bunu həyata keçirmək o qədər də asan deyil. Bunu həm İstanbulla əlaqələndirmək olar, həm də onlar varlıqlarını sponsorların dəstəyi ilə davam etdirirlər. Böyük klublara “hər idman növünə pul burax, bütün məsuliyyət sənin üzərində olsun” deyə bilmərik. Böyük şəhərlərdə idmanla məşğul olmaqla kiçik şəhərlərdə bunu etmək arasında çox böyük fərqlər var. Böyük şəhərlərdə hər şey bahadır, nəqliyyat problemi və s. Güləş və cüdo kimi idmanları kiçik şəhərlərə yönəldə bilsək, uğur qazana bilərik. Bu sözlər Azərbaycan üçün də keçərlidir. Biz basketbolu Lənkəran, Şəki, Quba və Naxçıvan kimi bölgələrə də yaymaq istəyirik. Həmin şəhərlərdə sosial və iqtisadi məsələlərə görə idarəçilik daha rahatdır. 10 illik “Banvit” təcrübəmi nəzərə alsaq, biz bu bölgə komandasında çox böyük uğurlar qazandıq, yüksək səviyyəli oyunçular yetişdirdik. Buna misal olaraq hazırda MBA-da ulduzumuz olan Alperen Şengünün adını çəkə bilərəm.

– Alperendən söz düşmüşkən, Azərbaycanda yeniyetmə basketbolçuları ilhamlandırmaq üçün şəxsi münasibətlərinizi işə salıb “Hyuston Rokets”in liderini Bakıya gətirə bilərsiniz?

- Futbolinfo.az

– Alperen MBA-da ağır mövsüm keçirir. Mövsümlərarası fasilə dönəmində də milli matçlar var. Amma niyə də olmasın?! Mən heç bir türk basketbolçunun Azərbaycandan gələn təklifi geri çevirəcəyini düşünmürəm. Sevə-sevə bura gəlib basketbolun inkişafı üçün təkan olmaq istəyərlər. Onunla bu haqda söhbət etməmişəm, amma bu layihəni reallaşdırmaq olar.

– “Qalatasaray”ın basketbol şöbəsinə rəhbərlik etmisiniz. Orada işləriniz necə getdi? Oranı uğurla tərk etdiniz, yoxsa uğursuzluqla?

– “Qalatasaray”da iki ildən bir prezident seçkiləri keçirilir. Mən Burak Elmasın başqanlıq dövründə, Erdem Timurun basketbol şöbəsinə nəzarət etdiyi vaxtda oradan dəvət aldım. Klubda Kerem Tunçeri və Barış Nane kimi similar da var idi. Biz orada əla iş mexanizmi qurduq və bunun bəhrəsini görməyə başladıq. Məhdud büdcə ilə Türkiyə çempionatında yarımfinala qədər yüksəldik və seriyada “Anadolu Efes”ə 2:3 hesabı ilə məğlub olduq. Uzun illərdən sonra gördüyümüz doğru işlərin qarşılığında “Qalatasaray” öz azarkeşlərini salona çəkməyi bacardı. O vaxt biz “Sinan Erdem” İdman salonunda oynayırdıq və son oyunlarımızı 16 minlik azarkeş dəstəyi altında keçirirdik. Bir bu qədər də insan arenanın kənarında qalırdı. Amma sonradan “Qalatasaray”da rəhbərlik dəyişdi, nəticədə işlər istədiyimiz kimi getmədi. Mən də yeni gələn klub funksionerləri ilə eyni düşüncədə deyildim. Bütün bunlar nəticələrə də mənfi təsir göstərdi. Belədə mədəni şəkildə ayrılmaq qərarına gəldik. Hər iki ildən bir rəhbər dəyişikliyi ilə klubun basketbol şöbəsinin çalxalanması ciddi problemdir. “Qalatasaray” basketbolda uğur qazanması üçün əvvəlcə bu problem həll etməlidir. Ümumiyyətlə, “Fənərbaxça” və “Beşiktaş” kimi “Qalatasaray” elə klubdur ki, siz orada mütləq nəticə qazanmalısınız. Əks halda, işləriniz qaydasında getməyəcək.

– “Qalatasaray”dan danışdıq, keçək futbola. Bu komandanın Okan Burukun başçılığı altında çıxışını necə dəyərləndirərdiz?

– Son iki ildə “Qalatasaray” Türkiyə çempionatının ən uğurlu komandasıdır. Burada həm rəhbərliyin, həm də Okan Burukun çox böyük rolu var. Okan hoca “sarı-qırmızılılar”ın heyətində uğurlu futbolçu karyerasından sonra baş məşqçi kimi “İstanbul Başakşəhər”də əla nəticələr əldə etdi. Məncə, Buruk “Qalatasaray”a çox doğru zamanda gəldi. O, yaxşı məşqçi olması ilə yanaşı, həm də yaxşı insandır. İnsani keyfiyyətləri sayəsində klubun ulduzları ilə də çox yaxşı dil tapır. Bu mövsüm də Superliqaya çox yaxşı başlayıblar. “Qalatasaray”ın bu uğuru digər komandaları da müsbət mənada silkələdi. “Fənərbaxça” kimi “Beşiktaş” da çox yaxşı heyət qurmağı bacarıb. Mən də çempionatı həvəslə izləyirəm.

– Amma Okan Burukun avrokuboklarda işləri o qədər də qaydasında getmir.

– Təəssüf ki, belədir. Ötən mövsüm Çempionlar Liqasında bir neçə uğurlu oyundan sonra Avropa Liqasında “Sparta” ya məğlub oldular. Bu mövsüm də ÇL-in pley-offunda bəxtsiz şəkildə “Yanq Boyz”a uduzub Avropa Liqasına düşdülər. “Qalatasaray” Türkiyə çempionatında olduğu kimi avrokuboklarda uğurlu çıxış edə bilmir. Uğur qazanmaq istəyiriksə, səbirli olmaq lazımdır. Məsələn, “Qalatasaray” Fatih Terimin 4-cü mövsümündə Avropada uğur qazandı. Halbuki, buna qədər dalbadal Türkiyə çempionu olurdu. Çox təəssüf ki, türk insanının səbirsizlik problemi var. Səbr sabitlik və uğur üçün vacib şərtdir. Ümid edirəm ki, Okan Buruka qarşı səbirli olarlar. Okan Buruk Fatih Terim qədər uğurlu mütəxəssis ola bilər.

– “Fənərbaxça”nın 2014-cü ildən çempion ola bilməməsini nə ilə əlaqələndirərdiz?

– Bildiyiniz kimi, Ali Koç bu klubda president seçildikdən sonra çempionluq sevinci yaşaya bilməyiblər. Etiraf edək ki, “Fənər” bəxtsizliklərlə də üzləşib. Camiə olaraq çempionluq həsrəti ilə alışıb yanırlar. Bu da komandanı təzyiq altında saxlayır. Rəhbərdən tutmuş azarkeşə qədər hamı təzyiq altındadır. Məncə, hər şeydən əvvəl təzyiqdən qurtulmaq lazımdır. Bəzən belə gərginlik insanı səhv qərarlar verməyə vadar edir. Amma istənilən halda, “Fənər”in çox yaxşı heyəti və dünyaca ünlü baş məşqçisi var. Belə vəziyyətdə komandaya dəstək verib səbirli olmaq lazımdır.

– Ötən mövsüm “Fənər”in çempion ola bilməməsininin səbəbi “Qalatasaray”dır. Mükəmməl mövsüm keçirdilər. “Bülbüllər”in özləri belə əla performansla yadda qaldı və 99 xal yığdı. Bu qədər xal yığan komandanın baş məşqçisi İsmayıl Kartalla yolları ayırmaq nə dərəcədə doğru qərar sayıla bilər ki?

– Türkiyə kimi ölkədə 99 xal toplasanız belə, çempion ola bilmirsinizsə, təəssüf ki, uğur qazanmış sayılmırsınız. “Qalatasaray” özü də yaxın vaxtlarda çox baş məşqçi dəyişib. Bu klubun əfsanəsi Fatih Terimə belə səbr etmədilər. İsmayıl Kartal komandaya bu qədər xal qazandırsa da, təzyiqin güdazına getdi. Səbr etsəydilər, bəlkə də İsmayıl hoca bu mövsüm komandanın qələbələrini sıralamasında yardımçı ola bilərdi. Belə vəziyyətdən sonra Joze Mourinyo kimi məqçini gətirib, belə demək olarsa, camiənin “qazını almağa” nail oldular. Məncə, Kartala güzəşt etmədilərsə, Mourinyoya səbr etmələri lazımdır.

– Vinçentso Montellanın Türkiyə millisini toparlaması haqda nə deyə bilərsiniz?

– Əvvəla onu qeyd edim ki, mən son Avropa çempionatının oyunlarını Bakıda izlədim. Azərbaycanda “ay-ulduzlular”a böyük dəstək var idi. Azərbaycanlılarla birgə matçları izləyəndə özümü Türkiyədəki kimi hiss etdim. Arada heç bir fərq hiss olunmadı. Belə hallarda qardaş olduğumuzu daha yaxından hiss edirsən. O ki, qaldı milliyə, komandada bir sistem var. Nəticələr də göz qabağındadır. Millət olaraq baş məşqçiyə və komandaya dəstək olmalıyıq. Ümid edirəm ki, arada bir 1-2 məğlubiyyətə görə radikal dəyişiklik etməzlər. Yaxşı bir məşqçimiz, əla bir oyunçu nəslimiz var. Avropada öz adından söz etdirən Arda Gülər kimi oyunçumuz komandamıza fayda verir. Bununla yanaşı, “Fənərbaxça” və “Qalatasaray”dan yaxşı yerli oyunçular çıxır.

bc16f83c 532d 43d3 94ef 5936194f3cca 1 - Futbolinfo.az

– Arda Gülərin adını çəkdiniz. O, “Real”ı seçməklə düz qərar qəbul etdi? Doğrudur, ÇL-i qazandı, amma məsələn, “Barselona” kimi gənc oyunçulara güvənən komandada daha çox ön plana çıxa bilərdi. Məlum məsələdir ki, Karlo Ançelotti bu mənada bir az fərqli strategiyaya güvənir. Onun gənc oyunçu yetişdirmək özəlliyi yoxdur.

– Komanda seçmək məsələsində fərqli kriteriyalar var. “Real”ın adı çox böyükdür, bir futbolçu üçün bu klubdan gələn təklifi rədd etmək asan deyil. Mən əminəm ki, transfer ərəfəsində Ançelotti Arda ilə söhbət edib. Ona fəlsəfəsini anladıb. İşin sonunda Arda ailəsi və meneceri ilə birgə oturub qərar verib. Ola bilər ki, başqa komandada daha çox oynamaq şansı qazanardı, amma “Real”da qazandığı təcrübəni də başqa yerdə əldə etməzdi. Arda gənc və perspektivli oyunçudur, hələ yolun əvvəlindədir. Ümid edirəm ki, hər şey onun üçün yaxşı olacaq.

– Basketbolda Avroliqa FIBA-dan qopa bildi. Futbol buna doğru gedir? Çünki klublar UEFA-nın gəlir bölgüsündən narazıdır. Nəvaxtsa Superliqa yarana bilər?

– Avropa basketbolunda futbol qədər gəlir yoxdur. Futbolda Çempionlar Liqasında böyük pullar dövr edir. Basketbolda bir az daha artıq gəlir əldə etmək üçün belə bir liqa yaradıldı. Futbol buna doğru gedirmi, mən o qədər də buna əmin deyiləm. Ən azı yaxın gələcəkdə bunu görmürəm. Superliqa yaradılsa, ilk illərdə ÇL-in kölgəsində qalacaq. Uzaq gələcəkdə bunu reallaşdıra bilərlər, amma yaxın vaxtlarda bunu etmək olmaz. Çünki UEFA böyük gücdür, bütün federasiyalar onun əlindədir.

TAHİR MİRZƏ

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

media - Futbolinfo.az
Shares: