“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo Super Liqada “Trabzonspor”a qalib gəldikləri oyunu şərh edib.
Təcrübəli mütəxəssis 3:2 hesabıyla bitən matçla bağlı bunları deyib: “Qarşımızda yaxşı komanda var idi və mübarizə apardılar. Lakin biz sistemə qarşı oynayırıq. Bunu “Fənərbağça” azarkeşləri adından deyirəm. Buna görə qələbəni böyük sevinclə qeyd etdik. Bura gəlməzdən əvvəl mənə hekayənin yarısını danışıblar. Hamısını desəydilər, gəlməzdim”.
“Fənərbağça” Super Liqada 23 xalla 2-ci sıradadır və lider “Qalatasaray”dan 5 xal geri qalır: “Oyunun ən yaxşısı Atilla Karaoğlan idi (VAR hakimi – red.). Meydandakı hakim sadəcə, bir uşaqdır. Atilla Karaoğlan isə matçın adamıdır. Onu bir daha bizim matçlarımızda görmək istəmirik. VAR olaraq da istəmirik, meydanda da istəmirik. Mən bura gəlməzdən əvvəl xeyli şey söyləmişdilər. Bunlara inanmamışdım. Demə, vəziyyət daha pis imiş”.
Mourinyo Türkiyə futbolunda hakimliyin yaxşı durumda olmadığını deyib: “İllərdir davam edən haqsızlıqları siz türklərin danışması lazımdır, mənim yox”.