Misli Premyer Liqasının XII turu ilk növbədə aşağı məhsuldarlıqla yadda qaldı. 5 görüşdə azarkeşlər ümumilikdə 5 qol izlədilər. Nəticədə ölkə çempionatında son 8 mövsümün antirekordu qeydə alındı. Halbuki həm turnir cədvəlinin liderlərinin, həm də autsayderlərinin duellərində “qol yağışı” gözlənilirdi.
Qurban Qurbanov adaşına qalib gələ bilmir
Turun açılış və mərkəzi oyunu Tovuzda keçirildi. İkinci pillədə qərarlaşan “Turan Tovuz” turnir cədvəlinin lideri “Qarabağ”ı qəbul etdi. Ağdam klubunun çempionatın cari mövsümündə yeganə məğlubiyyətini ilk dövrədə məhz tovuzlulardan alması oyuna marağı bir qədər də artırırdı. Bunu Tovuz şəhər stadionuna 6000 tamaşaçının toplaşması da təsdiqləyirdi.
Matça qonaqlar daha yaxşı başladılar və ilk dəqiqələrdə oyuna nəzarət edən tərəf oldular. Dəqiqələr keçdikcə “Turan Tovuz” oyunu bərabərləşdirdi. Maraqlıdır ki, qarşılaşmada ilk real qol vəziyyətini də məhz Qərb təmsilçisi yaratdı. 32-ci dəqiqədə meydan sahibləri əla hücum qursalar da, Aleks Souzanın zərbəsinə gözəl reaksiya göstərən “Qarabağ”ın qapıçısı Koxalski hesabın açılmasına imkan vermədi.
Bu epizoddan az sonra “Turan Tovuz” növbəti real qol şansını qaçırdı. Serranonun yaxın məsafədən zərbəsi zamanı Koxalski yenə möhtəşəm oynayaraq, tablodakı rəqəmlərin dəyişməsinə imkan vermədi.
Fasilədən sonra “Qarabağ” təzyiqi artırdı və ardıcıl hücumlar qurmağa başladı. Ancaq Juninyo, Addai və Kaşukun zərbələrində dəqiqlik çatışmadı. “Turan Tovuz”un ikinci hissədə yaratdığı yeganə qol epizodunda Souzanın zərbəsini Koxalski zərərsizləşdirdi. “Qarabağ”ın cavab həmləsində isə “Turan Tovuz”un qolkiperi Konovalov Addainin fərqlənməsinə mane oldu.
Nəticədə hesabın açılmadığı görüşdə tərəflər hərəyə 1 xalla kifayətlənməli oldular. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov adaşı Kurban Berdıyevlə dueldə yenə qələbə qazana bilmədi.
“Neftçi”də ikinci dönəm, ilk məğlubiyyət
Samir Abasovun gəlişindən sonra 2 oyuna 4 xal toplayan “Neftçi” növbəti görüşünü “Araz-Naxçıvan”a qarşı keçirdi. Bir neçə gün öncə Naxçıvan klubu ilə müqavilə bağlayan “ağ-qaralar”ın sabiq futbolçusu Qara Qarayevin adı matçın iştirak ərizəsinə daxil edilsə də, o, təbii olaraq, əsas heyətdə yer almamışdı. Neçə vaxtdır ancaq fərdi məşqlərlə kifayətlənmiş Qarayevin ilk turdaca yeni komandasının start heyətində yer alacağı zatən gözlənilmirdi.
“Araz-Naxçıvan” meydanda qonaq olmasına baxmayaraq, ilk dəqiqələrdən bunu hiss etdirməməyə başladı. Çox keçmədi ki, matçda hesab açıldı. Bu qolun vurulmasında naxçıvanlıların braziliyalı futbolçusu Ramon Maçadonun müstəsna rolu oldu. O, topun aut xəttinə çıxmasına imkan vermədikdən sonra “Neftçi”nin müdafiəçisi Baueri asanlıqla keçdi və daha əlverişli mövqedə dayanan həmyerlisi Felipe Santosa ötürmə verdi. Sonuncu isə yaxın məsafədən toru silkələməkdə çətinlik çəkmədi.
“Neftçi” ilk hissənin qalan dəqiqələrində nə qədər çalışsa da, fasiləyə hesabda geridə yollandı.
İkinci yarıya hər iki komandanın baş məşqçisi əvəzetmə ilə başladı. Samir Abasov yarımmüdafiəçi Edvin Kuçun əvəzinə meydana Emil Səfərovu buraxdı. “Araz-Naxçıvan”da isə Bəxtiyar Həsənalızadəni zədə ilə əlaqədar İssuf Paro, Miço Kuzmanoviçi isə Slavik Alxasov əvəzlədi.
İkinci hissənin əvvəlində üstünlük əldə edə bilməyən “Neftçi” oyunun sonlarında təhlükəli hücumlar qurmağa başladı. “Ağ-qaralar”ın heyətində xüsusən Emin Mahmudov fəal idi. Ancaq nə onun, nə də komanda yoldaşlarının cəhdləri bəhrə verdi. Belə olan halda, “Neftçi” Abasovun qayışından sonra ilk məğlubiyyətini aldı.
“Zirə”nin revanşı
Son oyunlarda məğlubiyyətlə üzləşən “Şamaxı” uğursuz gedişata “Zirə” ilə ev oyununda son qoymaq istəyirdi. Ancaq Ayxan Abbasovun komandası bu istəyinə çatmadı. Qonaqlar ilk dəqiqələrdən daha inamlı təsir bağışlayırdılar. Bunun da məntiqi nəticəsi olaraq, “Zirə” fasiləyədək hesabı açmağa müvəffəq oldu. Davit Volkovun ötürməsindən sonra Martins Junior dəqiq zərbə ilə topu qapıdan keçirdi.
“Şamaxı” ikinci hissəyə pis başlamasa da, 63-cü dəqiqədə qapısından ikinci topu buraxdı. Ruan Renatonun qarşısını kəsməyə çalışan Vasiliye Bakiç topu başla uzaqlaşdırmaq istəyərkən avtoqol müəllifi oldu.
Meydan sahiblərinin sonrakı cəhdləri də fayda vermədi. “Şamaxı”nın heyətində, xüsusən, Leroy Mikels fəal idi. Onun uzaq məsafədən zərbələri təhlükəli alınsa da, “Zirə”nin qapıçısı Aydın Bayramov hər iki epizodda yaxşı reaksiya göstərdi. Beləliklə, Rəşad Sadıqovun komandası “Şamaxı”dan ilk dövrədəki məğlubiyyətin revanşını almağı bacardı.
“Kəpəz”i ümidləndirən, Diniyevi göndərən duel
Bu tur autsayderlərin də dueli ilə yadda qaldı. “Kəpəz” – “Səbail” matçında hansı hesabın qeydə alınacağı maraqla gözlənilirdi. İlk hissədə hər iki komandanın təhlükəli hücumları olsa da, fasiləyədək azarkeşlər qol görmədilər.
İkinci yarıda “Səbail” təzyiqi bir qədər artırdı. “Dənizçilər”in heyətində, xüsusən, Suleyman Alluş fəal idi. Onun uzaq məsafədən zərbələri təhlükəli alınsa da, epizodların birində qapı tiri “Kəpəz”in imdadına çatdı, digərlərində isə qapıçı yaxşı oynadı.
Artıq hər kəs qarşılaşmanın qolsuz bərabərliklə başa çatacağını gözlədiyi bir vaxtda “Kəpəz” qonaqlara “soyuq duş” yaşatdı. Matça əlavə olunmuş sonuncu dəqiqədə gənc futbolçu Camal Cəfərovun cərimə meydançası daxilindən zərbəsi qarşısıalınmaz oldu.
Bu qələbə sayəsində “Kəpəz” özündən 1 pillə irəlidə qərarlaşan “Səbail”lə aradakı xal fərqini 1-ə azaltdı. Gəncə təmsilçisinin bu qalibiyyəti paytaxt klubunun baş məşqçisi Şahin Diniyevin istefası ilə nəticələndi.
Cavadov: 3 oyun, 2 qələbə
Tura Sumqayıtda yekun vuruldu. Əslində, “Sabah”ı qəbul edən “kimyaçılar”ın qələbə şansı yüksək dəyərləndirilmirdi. Oyunun gedişatı da bunu deməyə əsas verirdi. “Sabah” daha fəal görünür, daha çox hücuma atılırdı. Lakin “Sabah”ın həmlələri məntiqi sonluğa çatmırdı.
Meydan sahiblərinin heyətində Roi Kehat fəallığı ilə seçilirdi. Onun matçın taleyini həll etmək istədiyi hiss olunurdu. Epizodların birində Kehatın başla zərbəsindən sonra qapı tiri “Sabah”ı qoldan xilas etdi. Bununla belə, Roi final fitinədək istəyinə çatdı. O, görüşə əlavə olunmuş dəqiqələrdə kornerdən ötürülən topu başla qapıdan keçirdi. Nəticədə qarşılaşma “Sumqayıt”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşdı. Onu da qeyd edək ki, Vaqif Cavadovun baş məşqçi postuna keçidindən sonra komanda 3 oyunda 6 xal toplayıb.
AĞA