Voleybol üzrə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan Azərbaycan Kubokunun qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Futbolinfo.az xəbər verir ki, bağlanış mərasimində ölkə kubokunu qazanan kişi və qadınlardan ibarət kollektivləri təbrik etmək üçün səhnəyə Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov dəvət olunub.
Qurum rəsmisi bu gün maraqlı final matçlarına şahidlik etdiklərini söyləyib.
Ardınca qalib komandaların heyətində ən yaxşı oyunçular müəyyənləşib.
“Xilasedici”dən Reyes Rodriqes, “Abşeron”dan isə Katerina Jidkova final görüşünün ən yaxşı voleybolçusu mükafatına layiq görülüblər.
Son olaraq kişilərin yarışında “Xilasedici”, qadınların mübarizəsində isə finalda qalib gələn “Abşeron” kollektivi qızıl medal və Azərbaycan Kuboku ilə təltif ediliblər.