Avropa Liqasının əsas mərhələsinin püşkü atılanda “Qarabağ”ın 3 turdan sonra turnir cədvəlinin dibində, 36-cı pillədə qərarlaşacağını təsəvvür edə bilməzdik. Biz ötən mövsüm “Bayer”i az qala mübarizədən kənarlaşdıran komandanın yenə dağı-dağ üstə qoyacağını gözləyirdik. Amma hələ ki, Qurban Qurbanovun yetirmələri azarkeşlərinin ürəyinə dağ çəkir.
Təbii ki, “Qarabağ” sona qədər belə bərbad çıxış etməyəcək. Ola bilsin ki, vəziyyət düzəlməsin və Ağdam klubu ən yaxşı 24 komandanın sırasına düşməsin. Amma pley-in mərhələsinə yüksəlmək üçün çox yol qət etməyə ehtiyac yoxdur. Təsəvvür edin ki, 20-ci sırada qərarlaşan “Viktoriya Plzen”in hesabında 3 xal var. Yəni, 1 qələbə ilə “Qarabağ” yenidən mübarizəyə qoşula bilır. Bundan sonra xal itkiləri “xroniki” hal alsa, artıq komandamızı heç nə xilas etməyəcək. Ona görə də ziyanın yarısından qayıtmaq lazımdır.
Amma təəssüf hissi ilə qeyd etmək lazımdır ki, “Qarabağ” bu turda heç də münasib rəqiblə qarşılaşmayacaq. 2020-ci ildə Kiprdə “Molde” ilə oyunu istisna etsək (onda da penaltilərlə uduzduq), “Qarabağ” Norveç klubları qarşısında aciz qalmır. Sadəcə, necə deyərlər, “bu həna o hənadan deyil”. “Bodo Qlimt” hazırda Norveç futbolunun səviyyəsini aşan komandadır.
Son illər bu komandanın avrokuboklarda möhtəşəm çıxışından hamımız xəbərdarıq. 2021/22 mövsümündə Konfrans Liqasında 1/4 finala qədər irəliləyən, son 4 mövsümdə avrokubokların qrupunda mübarizə aparan komandanın nəticələri göz önündədir. Təkcə onun 2021/22 mövsümündə 2 dəfə “Roma”nı evdə məğlub etməsi (6:1 və 2:1), bununla yanaşı, yaxın illərdə “Seltik”, “Dinamo” (Zaqreb), “Brügge” və “Beşiktaş” kimi komandalara qalib gəlməsi xüsusi vurğulanmalıdır. Bu mövsüm isə ümumiyyətlə, fırtına kimi əsirlər. İlk 3 turda Portuqaliya nəhənglərinə qalib gəlmək (“Portu”nu evdə 3:2 hesabı ilə məğlub etdilər, “Braqa”dan da səfərdə 2:1 hesabı ilə üstün oldular) və Belçikada “Yunion Sen-Jilluaz”dan xal almaq nəyə desəniz dəyər.
Bir sözlə, “Qarabağ”ın rəqibi hazırda turnir cədvəlində 7 xalla 9-cu sıradadır. Nəzərə alaq ki, onun qədər xal toplayan “Ayaks” hazırda 4-cü sıradadır. Bu komanda ilə səfərdə qarşılaşmaq heç də yaxşı olmadı. Çünki Norveçin Nurlann vilayətinin komandası avrokuboklarda evdə keçirdiyi son 4 oyunun hamısında qalib gəlib. Bununla yanaşı, son 7 ev oyununun 6-da qalib gəliblər. Hərçənd səfərdə də pis təsir bağışlamırlar. Rəqib meydanında keçirdikləri son 5 oyunun yalnız 1-də uduzublar.
Statistikaları adamın canına vahimə salır. Sadəcə, problem ondadır ki, “Qarabağ” indi formada deyil. Son 4 ilin 3-də Norveç çempionu olan komanda cari mövsüm də titulun bir addımlığında qərarlaşıb.
Rəqibin keçmişindən və göstəricilərindən çox danışmaq olar. Amma 1916-cə ildə yaranan, ilk çempionluğuna isə 2020-ci ildə qovuşan 3 qat Norveç çempionunun tarixçəsini çox da araşdırmağa ehtiyac yoxdur. Bizi maraqlandıran hazırda bu komandanın gücüdür. “Qarabağ”a qarşı oyunda kimlər şansa qazana bilər və ya hansı oyunçulara diqqət ayırmaq lazımdır?
Heyətlərə keçməmişdən əvvəl “Bodo Qlimt”i bu səviyyəyə yüksəldən şəxs(iyyət)dən danışmaq lazımdır. Azərbaycan futbol ictimaiyyəti necə Qurban Qurbanovun başına dolanırsa, Norveçdə də hamı Kyetil Knutsenin başına and içir. 56 yaşlı müətəxəssisə əminliklə “Skandinaviyanın Qurban Qurbanovu” demək olar. Hazırda İsveç, Danimarka və Finlandiyanı gəzsək, 0-dan komanda qurub bu səviyyəyə qaldıran mütəxəssis görə bilmərik.
“Bodo Qlimt”i 2018-ci ildən çalışdıran və bu komandanı elitaya yüksələn kimi uğura daşıyan Knutsen təkcə Norveç çempionatında yox, avrokuboklarda diqqət mərkəzinə düşdü. Özü də legioner oyunçuların yox, sırf norveçli və skandinaviyalı futbolçuların hesabına yüksək səviyyəli komanda formalaşdırıb. Təsəvvür edin ki, hazırda “Bude Qlimt”də çıxış edən 31 oyunçudan 8-i legioner oyunçudur. Nəzərə alaq ki, onlardan 4-ü danimarkalı, 1-i də isveçlidir. Yerdə qalır 3 oyunçu. Bunlardan biri rusiyalı, digəri slovakiyalı, o biri isə sloveniyalıdır. Bir sözlə, tipik skandinav futbolu oynayan bu komanda sırf əzmkarlıq və döyüşkənliyin hesabına uğur qazanır.
Fiziki cəhətdən güclü olan bu komanda meydanda bir növ vikinqlər kimi döyüşür. Oyun nizamından qopmayan, ilk dəqiqələrdən sona qədər bir növ hissləri olan robotlar kimi mübarizə aparan “Bodo Qlimt” “Qarabağ”a qarşı da eyni əzmlə mübarizə aparacaq. Biz elə bir komandadan danışırıq ki, hansısa oyunçunu digərindən aşkar fərqləndirmək olmaz. Meydanda mübarizə aparan 11 futbolçunun hamısı demək olar ki, eynidir.
Knutsen 4-3-3 taktiki sxeminə güvənir. Qapıda İsraildə doğulan rusiyalı qapıçı Nkita Haykindir. 29 yaşlı qapıçı heç vaxt ölkəsinin çempionatında və milli komandasında çıxış etməsə də, aşağı yaş qrupları və U-21 millisinə dəvət alıb.
Müdafiənin mərkəzində Odin Byorfutla 28 yaşlı danimarkalı Vilad Nilsen qərarlaşıb. Bəzən də Nilseni 29 yaşlı Yosteyn Qundersen əvəzləyir. Müdafiənin cinahlarında iki Frederik əla sürəti ilə diqqət çəkir. Sağdakı 21 yaşlı Syovolda xüsusi diqqət yetirmək lazımdır. Soldakı 26 yaşlı Byorkanın isə “Herta” və “Feyenoord” təcrübələri var.
Yarımmüdafiə xəttinə gəlincə, burada həm dayaq, həm də quruculuq işləri ilə ixtisaslaşan komandanın kapitanı Patrik Berqə böyük yük düşür. Bu oyunçunu qətiyyən tək qoymaq olmaz. Onun ötürmələrini məhdudlaşdırsaq, nəyəsə nail olmaq olmaz. “Ayaks”da Henderson necə mərkəzdən dirijorluq edirdisə, bir müddət “Lans”da oynayan Berq də eyni funksiyanı daşıyır. Onun ətrafında Sondre Fetlə Hakon Evyen də mərkəzdə bufer rolunu oynaya bilir. Evyen hətta “Az Alkmaar” və “”Brondbü”də də özünü yaxşı tərəfdən göstərə bilib.
Hücumdan danışırıqsa, diqqətləri Yens Peter Haugeyə yönəltmək lazımdır. Yəqin ki, Norveç millisində çıxış edən “Milan”ın sabiq hücumçusunu tanıdınız. Hər oyunda özünü yüksək səviyyədə göstərən bu futbolçu cinahdan sürətli reydləri və əla qol duyumu ilə seçilir. “Milan”dan sonra “Ayntraxt” və “Gent”də də oynayan bu futbolçu Almaniya və Belçikada qollar vura bilməsə də, karyerasına başladığı klubda ikinci baharını yaşayır.
Hücumun sivri ucunda qərarlaşan Kasper Hoq da məhsuldarlığı ilə göz oxşayır. Bu ildən Norveçə gələn danimarkalı forvard karyerasının ən yaxşı mövsümünü elə “Bodo Qlimt”də keçirir. Hücumun sağ cinahında “Qroningen”dən transfer olunan İsak Maata ilə “Brügge”dən icarəyə götürülən Filip Zinkerengel də “az aşın duzu deyil”.
O ki qadı komandanın dəst-xəttinə, ən zəif yerləri müdafiədir. Bir az onları sıxan kimi səhvə yol verirlər. Mümkün qədər pressinq etmək və onlar hücuma çıxarkən topu oğrulayıb uzun ötürmələr etmək lazımdır. Nəzərə alaq ki, hazırda da yaxşı formada deyillər. Norveç çempionatında son iki turda evdə “Rusenborq”a 2:3 hesabı ilə uduzublar, səfərdə “Molde” ilə 3:3 hesabı ilə heç-heçə oynayıblar. Diqqət yetirdinizsə, hər ikisi “Qarabağ”ın rəqibi olub. “Qarabağ” da onların heç birinə əsas vaxtda uduzmayıb. Qurban Qurbanovun komandası həmişə skandinaviyalıllara tərs gəlib. Ümid edirik ki, bu dəfə də belə olacaq.
Azərbaycanla Norveç klubları arasında rəqabət tarixi:
1. 16.07.2009. Tronheym, Norveç. UEFA AL. Rusenborq – Qarabağ 0:0
2. 23.07.2009. Bakı, Azərbaycan. UEFA AL. Qarabağ – Rusenborq 1:0
3. 18.07.2013. Tromse, Norveç. UEFA AL. Tromse – İnter Bakı 2:0
4. 25.07.2013. Bakı, Azərbaycan UEFA AL İnter Bakı – Tromse 1:0
5. 15-16.09.2020 Bakı, Azərbaycan. UEFA ÇL. Qarabağ – Mölde 0:0, pen. 5:6
6. 21.09.2023. Bakı. UEFA AL. Qarabağ – Mölde 1:0
7. 30.11.2023. Molde. UEFA AL. Mölde – Qarabağ 2:2
ABBAS