“Kəpəz” klubunun futbolçusu Orxan Əliyevin futbolinfo.az saytına müsahibəsi
– Misli Premyer Liqasının 12-ci turunda “Səbail” üzərində vacib qələbə (1:0) qazandınız. Oyunun sonlarında qələbə qolunu vurmağa fürsət tapacağınızı gözləyirdiniz?
– Bu oyun bizim üçün böyük önəm kəsb edirdi. Həqiqətən də, “Kəpəz” adına olduqca vacib qarşılaşma idi. Şükürlər olsun, qələbə qazana bildik. Asan görüş olmadı, matç gərgin keçdi. Düzü, yaxşı oynadığımızı deməzdim. Amma əsas 3 xal idi, onu da əldə etməyi bacardıq.
– Qarşılaşmanın 55-ci dəqiqəsində əvəzləndiniz. Bu, nə ilə bağlı idi?
– Məşqçilər korpusunun qərarı idi. Yəqin oyun yaxşı alınmırdı deyə, belə qərar verdilər.
– Çempionatın növbəti turunda “Sabah”ın qonağı olacaqsınız. Paytaxt səfərində hansı nəticəyə ümid edirsiniz?
– Biz hər oyuna qələbə üçün çıxırıq. Başa düşürük ki, “Sabah” yaxşı komandadır, güclü rəqiblə qarşılaşacağıq. Ancaq turnir cədvəlindəki vəziyyətimizi göz önünə gətirərək, qələbə qazanmağa çalışacağıq. Qalib gəlmək üçün meydanda nə lazımdırsa, edəcəyik.
– Son qələbədən sonra turnir cədvəlində 9-cu pillədəki “Səbail”dən cəmi 1 xal geridəsiniz. Sizə görə, komandanızın Premyer Liqadakı yerini qorumaq şansı nə qədərdir?
– Premyer Liqada qala bilmək üçün real şansımız var. Qarşıda bizi çoxlu oyun gözləyir. Hər görüşdə xal qazanmaq lazımdır. Bunu bacaracağımıza, Premyer Liqada qalacağımıza inanıram.
– Paralel olaraq, Azərbaycan Kubokunda da mübarizəni davam etdirirsiniz. Kubokda növbəti rəqibiniz “İmişli” olacaq. Həm bu komanda ilə oyun, həm də ümumiyyətlə kubokda irəliləmək şansınızla bağlı nə deyə bilərsiniz?
– Bəli, həm çempionatda, həm də ölkə kubokunda mübarizə aparırıq. Hər iki cəbhədə meydana qələbə üçün çıxırıq. Bütün oyunlara ciddi hazırlaşırıq. “İmişli” ilə matça da belə yanaşacağıq. Rəqibin Premyer Liqada və ya I Liqada çıxış etməsinə baxmırıq, rəqiblər arasında fərq qoymuruq. Həmişə hazır olmaq lazımdır.
– Hazırkı “Kəpəz”də kimi komandanın lider oyunçusu hesab edirsiniz?
– Öz haqqımda danışmağı xoşlamıram. Amma mən çalışıram, bundan sonra da çalışacağam ki, “Kəpəz” hazırkı pis durumdan çıxsın.
ABBAS