“Səbail” yeni baş məşqçisini seçib. Qeyri-adi bir şey baş verməsə, Cavid Hüseynov “dənizçilər”in “sükanı arxasına” keçəcək. Azsaylı namizədlər arasından məhz onun üzərində dayanılıb.

Əslində, tərəflər arasında danışıqlar çoxdan başlayıb. Klub rəhbərliyi aylardır Şahin Diniyevin büdrəməsini gözləyirdi ki, onu Hüseynovla əvəzləsin. Bu barədə hələ 3 ay öncə xəbər vermişdik. Sadəcə, Diniyev inadla komandanı toparlamağa çalışır, istefaya getmirdi. Son həftələrdə isə anladı ki, klub rəhbərliyi onunla bir deyil, əksinə, gedişini arzulayırlar.

Cavid Hüseynovla danışıqların hələ avqustda başlaması bundan qaynaqlanırdı. Klub rəhbərliyi Diniyevlə birgə çalışmaqdan məmnun deyildi. Nəticələrin qənaətbəxş olmaması üzündən inciklik yaranmışdı. Arxada iş çevirməkdənsə, məşqçini yola salmaq daha məntiqli olardı. Lakin sanki hansısa günahları varmış kimi ilk addımı atmır, Şahin bəyin özünün qərarını elan etməsini gözləyirmişlər.

Məşqçisi olan komanda ilə gizlicə danışıq aparmağın etik cəhətdən doğru olmadığını Hüseynov da bilməmiş deyil. Amma vəzifə hirsi gözünü örtdüyündən bunu özünə rəva bildi. İndi isə başqa “oyun oynayır”.

Bildiyiniz kimi, vaxtilə “Şamaxı”nı Premyer Liqada saxlaya bilməyən, baş məşqçi kimi debütü uğursuz olan Cavid bəy hazırda “Turan Tovuz”un məşqçilər korpusundadır. Tərslikdən növbəti turda qərblilər məhz “Səbail”in qonağı olacaq. Hüseynovun gələcək və indiki komandalarının qarşılaşmasında hansı düşərgədə olacağı bilinmir. “Səbail” rəhbərliyi tez qərar versə, o, tovuzlulara rəqib olacaq, əks halda, bu matçdan sonra yeni komandasında işə başlayacaq.

1686913835 cavid2 - Futbolinfo.az

Maraqlıdır ki, “Səbail” COP29-la bağlı tədbirləri bəhanə gətirərək bu matçın təxirə salınmasını istəyirmiş. Turdan sonrakı fasiləni də nəzərə alsaq, Hüseynov komandanı növbəti matça hazırlamaq üçün daha çox zaman qazanacaqdı. Amma Peşəkar Futbol Liqası qarşılaşmanı ertələmək üçün ciddi səbəb görməyib. Ona görə təyinatın açıqlanması üçün uyğun məqam axtarılır.

“Turan Tovuz” rəhbərliyi də diqqətli olmalıdır. Hətta təyinatın rəsmiləşməsi qarşıdakı matçdan sonraya qalsa belə, ürəyi başqa, həm də rəqib komandada olan birisini düşərgədə saxlamaq qorxuludur. Bilmək olmaz, bəlkə Hüseynov komandanın sirrlərini “Səbail”ə ötürəcək. Axı, Diniyevin istefasından sonra “dənizçilər”in hazırlığı U-19 komandasının baş məşqçisi, Hüseynovun dostu və gələcək köməkçisi Elvin Məmmədova tapşırılıb.

Gənc məşqçinin “Səbail”ə təyinatı digər məqama görə də maraqlıdır. Hüseynov hazırda I Liqada mübarizə aparan “Cəbrayıl”ın rəsmi təsisçisi və prezidentidir. Sabah sözügedən komandaların yolu çempionatda, ən real variant kimi kubokda kəsişsə, necə olacaq? Həmin vaxt Hüseynov prezdent, yoxsa baş məşqçi kimi davranacaq? Yolu həbsxanadan da keçmiş sabiq yarımmüdafiəçi gələcək karyerasını necə quracağına, hansı istiqaməti tutacağına indidən qərar verməlidir.

FƏRİD

Shares: