Sabah Avropa Liqasının IV turunda “Qarabağ”ı qəbul edəcək “Bodo Qlimt” tarixində ilk dəfə Azərbaycan təmsilçisi ilə üz-üzə gələcək.
Futbolinfo.az saytı xəbər verir ki, əksinə, Norveç komandaları təmsilçimiz üçün yaxşı tanışdır.
Ağdam klubunun indiyə qədər norveçlilərlə üç dəfə avrokuboklarda yolu kəsişib. Komandamızın rəqibləri üzərində üstünlüyü diqqətdən qaçmır. Qurban Qurbanovun yetirmələri heç vaxt 90 dəqiqəlik mübarizədə Norveç komandasına uduzmayıb. 2009-2010 və 2023-2024 mövsümlərində Avropa Liqası çərçivəsində müvafiq olaraq “Rusenborq” və “Mölde” “Qarabağ”la matçların birində uduzub, birində heç-heçə ediblər.
Norveçlilərin yeganə uğuru 2020-2021 mövsümünə təsadüf edir. Həmin vaxt Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində komandalar neytral meydanda – Kiprdə qarşılaşıblar. Görüş qolsuz bərabərə yekunlaşıb və “Mölde” yanlız penaltilər seriyasındakı dəqiqlik sayəsində mərhələ adlayıb.
Sabah “Qarabağ” 6-cı dəfə Norveç komandası ilə qarşılaşacaq. Bodo şəhərində keçiriləcək “Bodo Qlimt” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
Avropa Liqası, 2009-2010 mövsümü, 2-ci təsnifat mərhələsi
“Qarabağ” – “Rusenborq” 1:0, 0:0
Çempionlar Liqası, 2020-2021 mövsümü, 3-cü təsnifat mərhələsi
“Qarabağ” – “Mölde” 0:0 (penaltilərlə 5:6)
Avropa Liqası, 2023-2024 mövsümü, qrup mərhələsi
“Qarabağ” – “Mölde” 1:0, 2:2