“Allah nəsib etsə, futbolçularımı meydana köməkçi məşqçi çıxardacaq. Lakin mingəçevirli hakimlərlə çətin ki, ömrümüzü normal başa vuraq”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Kəpəz”in əvəzedici komandasının baş məşqçisi Xaliq Mərdanov deyib.

Gəncəlilərin çalışdırısı AFFA İntizam Komitəsi tərəfindən 5 oyunluq cəzalandırılmasına münasibət bildirib: “Hakimlər oyunu yaxşı idarə etmədiyi üçün əsəbləşmişdim. Qırmızı vərəqə aldığım zaman öz futbolçularıma hirslənmişdim və həmin epizodda hakimin çox böyük bir səhvi var idi. Mən də həmin an özümdən çıxdım. Artıq 5 oyunluq cəza almışam. Həmin qarşılaşmadakı 4 hakimin hər biri oyunları həddindən artıq bərbad idarə edir. Onların bizim kiçik yaş qruplarımızın idarə etdiyi oyunlarını da izləmişəm. Bu qədər bərbad idarəetməyə rəğmən, necə bunları hələ də hakim olaraq oyunlara təyin edirlər bilmirəm. Belə hakimlər olsa, çətin biz növbəti tura kimi yaşayaq”.

Qeyd edək ki, Mərdanov “Səbail-2” ilə matçda hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılıb. Klub isə 400 manat cərimələnib.

GÜNAY SÜLEYMANOVA

Shares: