Keçən əsrdə Şambli adlı kəndin yerində salınan Bertirvill şəhərindən Jil Vilnyövün bürünc heykəli oğurlanıb. Formula 1 çempionu Kanadanın bu şəhərində anadan olub.
Heykəl Jil Vilnyöv muzeyində yerləşirdi. Bürüncdən hazırlanmış heykəl pilotun tam ölçüsündə idi.
Oğurluq hadisəsi oktyabrın 31-dən cümə axşamına keçən gecə baş verib və yerli ictimaiyyəti şoka salıb. Oğurluqdan sonra postament üzərində heykəlin yalnız kəsilmiş tunc ayaqları qalıb.
5 fut hündürlükdə olan heykəl 1984-cü ildə heykəltəraş Jül Lasal tərəfindən pilota hörmət olaraq yaradılmışdır. Daha sonra abidə muzeyin yaxınlığında quraşdırılmışdır. Tikinti zamanı onun dəyəri 25 min dollar qiymətləndirilirdi. Heykəl Vilnevin nailiyyətlərinin və avtoidmandakı irsinin rəmzi rolunu oynayırdı.
“Bu cinayət təkcə bizim irsimizə zərər vurmur, həm də cəmiyyətimizi və bütün dünyadakı avtomotor idmanı həvəskarlarını güclü simvoldan məhrum edir”, – deyə şəhər meriyasının açıqlamasında bildirilir.
Vilnyöv avtomobil yarışlarının əfsanələrindən biri sayılır. O, “McLaren” və “Ferrari”nin heyətində 67 qran-pridə iştirak edib və 1982-ci ildə faciəvi şəkildə həlak olub.