“Təmsilçimiz texniki baxımdan, rəqib isə fiziki cəhətdən güclüdür. Maraqlı qarşılaşma olacaq. Məncə, “Qarabağ” bu gün qalib gələrək söz-söhbətlərə son qoyacaq”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Mahir Şükürov deyib.
Sabiq futbolçu bu gün “Qarabağ”ın Avropa Liqasında “Bodo Qlimt”ə qarşı keçirəcəyi səfər oyunundan qələbə ilə qayıdacağını söyləyib: “Düzdür, “Qarabağ” artıq 3 oyunda məğlub olub. Lakin həmişə səfərdə daha yaxşı çıxış edirlər. “Qarabağ” bu gün söz-söhbətlərə son qoyacaq. Ən azından 80 faiz buna inanıram. Qurban Qurbanov da hər şeyin fərqindədir. 2 oyunçumuz oynamır, amma futbolda əsas və ya ehtiyat oyunçular deyə bir şey yoxdur. Əminəm ki, axşam həmin 2 futbolçunun yoxluğunu hiss etməyəcəyik. İnşallah, səfərdən qələbə ilə qayıdacağıq”.
Şükürov “Qarabağ”ın ardıcıl məğlubiyyətlərini milli çempionatımızın səviyyəsinin aşağı olması ilə əlaqələndirib: “Hər kəs hazırda “Qarabağ”ı qınayır. Amma çempionatımız bu səviyyədədir, digər komandalarımız hər il Avropa Liqasına getmək uğrunda mübarizə aparıb, getdikdən 1-2 mərhələ sonra təkrar geri qayıdırlar. Hər il eyni ssenari təkrarlanır. Boşuna pulunuzu niyə xərcləyirsiniz ki?! Bizim ölkəyə futbolçu da gəlmir. Çünki gəlməmişdən öncə çempionatın atmosferinə, azarkeşlərə diqqət edirlər. Bizdə isə azarkeşlər çempionat matçlarına gəlmir. Futbolçu da gəlib, görür ki, azarkeş yoxdur, qalmaq istəmir. Ona görə futbolçuları tapmaq, eləcə də Azərbaycan çempionatında oynatmaq çətindir. Bəzi klublara baxıram, harada lazım olmayan legionerlər var, yığıb gətiriblər. Ad olsun ki, legioner oyunçularımız var. Elə olduqda təbii ki, çıxıb böyük arenalarda heç nə edə bilməyəcəklər”.
O, Qurban Qurbanovu istefaya səsləyənlərə də münasibət bildirib: “Keçən oyun bəzi azarkeşlər Qurban Qurbanovu istefaya səslədi. Onların ümumiyyətlə, futboldan anlayışının olmadığını düşünürəm. Bu insan illərdi komandadadır. Qurbandan başqa hansı məşqçimiz Avropada irəli gedir?! Yaxşı, deyək ki, onu da istefaya göndərdiniz. Guya başqa məşqçi gəlib, “sehirli çubuğu” ilə nəsə edib, “Qarabağ”ı irəli aparacaq? Həmişə demişəm Qurbanov “Qarabağ” üçün, “Qarabağ” da Qurbanov üçün yaradılıb. Futbolu bilən hər kəs də bu fikri dəstəkləyər. İnşallah, bundan sonra da axıra qədər birlikdə davam edərlər. Bizdə insanı bir günün içində qaldırıb, eyni şəkildə də yerə vura bilirlər. Qurbanovun bu günə qədərki əziyyətlərini unutmaq lazım deyil. Hazırda onu pisləyənlər dünənə kimi tərifləyəndir. Bu insan köynək geyindi, başladılar qiymətini yazmağa. Yazanlar kimlərdi, kimin sifarişi ilə işləyirlər – hamımız yaxşı bilirik. Neçə illərdir futbolçu və məşqçi olmuş biri üçün o qiymətə köynək geyinmək normaldır. Belə şeyləri yazaraq, gözdən salmağa çalışmaq ayıbdır. Gedib Azərbaycan çempionatının səviyyəsini qaldırsınlar”.
GÜNAY SÜLEYMANOVA