“Araz-Naxçıvan” klubunun baş məşqçisi Elmar Baxşıyevin futbolinfo.az saytına müsahibəsi

– Misli Premyer Liqasının 3-cü turundan təxirə salınmış oyunda səfərdə “Zirə” üzərində qələbə qazandınız. Sizcə, nəyin hesabına bu görüşdən 3 xalla ayrılmağı bacardınız?

– Hər iki komanda üçün vacib matç idi. Üstəlik, biz son 10 günü sıx oyun qrafiki ilə keçirmişdik. “Neftçi” ilə görüşdə də iki futbolçumuz zədələnmişdi. Bunlara baxmayaraq, oyun üslubumuzdan və intizamından qopmadıq. Mübariz və dinamik oyun nümayiş etdirdik. Yekunda da vacib 3 xal qazanmaqla həm xal ehtiyatımızı artırdıq, həm də turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdırdıq.

– Komandaya yeni cəlb olunan Qara Qarayevə bu görüşdə start heyətdə şans verdiniz. Onun çıxışından razı qaldınız? Qaranın əsl formasını bərpa etməsi və komandaya tam uyğunlaşması üçün nə qədər vaxt lazımdır?

– Qara təcrübəli və peşəkar futbolçudur. Uzun illər Azərbaycan futboluna xidmət edib. Onun tam formaya düşməsi üçün vaxt lazımdır. Bu, birdən-birə olmur. Heyətimizdəki itkilərlə əlaqədar, təcrübəsinə güvənib bu görüşdə Qaraya şans verdik. Komandaya kömək etdiyini deyə bilərəm.

– 12 oyunda 8 qələbə, 27 xal. Mövsümə bu qədər uğurlu başlayacağınızı gözləyirdiniz? Maraqlıdır, sezonun startından öncə 12 oyuna neçə xal toplamağı qarşınıza məqsəd qoymuşdunuz?

– İstənilən bir işə başlayanda inam olmalıdır. Yayda normal hazırlıq keçdik, heyətimizi tanıdığımız futbolçularla gücləndirdik. Hər kəs də buraya nəyə görə dəvət olunduğunun fərqindədir. Özümüz üçün riyazi hesablama aparmamışdıq. Bunu heç vaxt etmirəm. Bizim üçün əsas prioritet, məqsəd hər həftə keçirəcəyimiz oyundan maksimum xalla ayrılmaqdır.

– Çempionatda növbəti görüşünüz noyabrın 10-da “Sumqayıt”a qarşı olacaq. Komandanız qələbə seriyasını davam etdirə biləcəkmi? Qısa müddətdə tez-tez oyun keçirmək futbolçularda fiziki və psixoloji yorğunluq yaratmaz ki?

– Düzgün qeyd edirsiniz ki, son həftələrdə gərgin oyun qrafikində çıxış edirik. Mümkün qədər futbolçulara istirahət üçün də şərait yaradırıq. Ancaq onlar peşəkardırlar. “Sumqayıt”la oyuna gəldikdə, bu matçın hazırlığı “Zirə” ilə görüşdən sonra başlayıb. Hər oyun üçün komandanın qarşısına qoyulan tələb, məqsəd var. Bunu istər məşq prosesində, istərsə də fərdi söhbətlərdə onlara çatdırırıq. “Sumqayıt”ın da son oyunlarda özünə gəldiyini deyə bilərik. Komanda ardıcıl qələbələr qazanmaqla mövqeyini yaxşılaşdırıb. Çətin görüş olacaq.

– Komandanızdakı zədəli futbolçuların durumu nə yerdədir?

– Zədəli futbolçularımızdan Karlos Jatoba bərpa prosesi keçir, Ramin Nəsirli 4-5 gün əvvəl əməlliyatdan qayıdıb. Bəxtiyar Həsənalızadə və Slavik Alxasov isə yaxın günlərdə sıralarımıza qoşulacaqlar.

– “Araz-Naxçıvan” hazırda turnir cədvəlində 2-ci yerdədir. Bu mövqeyinizi mövsümün sonunadək qorumağı və sezonu medalçılar sırasında bitirməyi bacaracaqsınız?

– Mövsümün sonunda necə olacaq, onu zaman göstərəcək. Mümkün qədər üst sıralarda qərarlaşmağa çalışırıq. Onadək işimiz çıxdığımız hər oyunda maksimum nəticə əldə etməkdir.

– Qışda heyətə yeni futbolçular dəvət etməyi planlaşdırırsınız, yoxsa hazırkı heyətin də məqsədə çatmaq üçün yetərli olduğu qənaətindəsiniz?

– Axtarışlar hər zaman davam edir. Komandamızı gücləndirəcək futbolçu tapa bilsək, niyə də olmasın?! Amma qışda keyfiyyətli oyunçu tapmaq çox çətindir.

CAVAD

Shares: