Avropa Liqasının Liqa mərhələsindəki ilk 3 oyununda məğlubiyyətlə üzləşən “Qarabağ” dünən ciddi sınaq qarşısında idi. Qurban Qurbanovun komandası Norveçdə ya “tamam” deyəcəkdi, ya da “davam”. Ardıcıl yenilgilər, üstəlik, rəqibin güclü və intizamlı olması “Qarabağ”ın uğurlu nəticəsinə inananların sayını azaltmışdı.
Matç bitdikdən bir neçə dəqiqə sonra milli qürur və şərəf tariximiz olan 8 Noyabr – Zəfər Günü başlayacaqdı. Bu, “Qarabağ”ın üzərindəki təzyiqi bir qədər də artırmışdı. Ancaq Qurban Qurbanovun komandası adətən belə sınaqlardan üzüağ çıxmağı bacarıb. Bu dəfə də çətin missiyanın öhdəsindən gələrək, ZƏFƏRƏ ZƏFƏR qatdılar.
Çempionumuz oyuna itkilərlə çıxmışdı. “Ayaks”la Bakıdakı qarşılaşmada qırmızı vərəqə alaraq cəzalı duruma düşən Elvin Cəfərquliyev və Julio Romao “Bodo Qlimt”lə səfər matçını buraxmaq məcburiyyətində qalmışdı. Bu faktor da “Qarabağ”ın bizi sevindirəcəyinə şübhə edənlər üçün bir arqument olmuşdu.
Qurban Qurbanov əvvəlki avrokubok matçları ilə müqayisədə hücumun cinahlarında dəyişikliklər etmişdi. Adətən solda Abdullah Zubir, sağda isə Leandro Andrade yer alsa da, bu dəfə müvafiq olaraq Emmanuel Addai və Aleksey Kaşuka şans verilmişdi. Belə olan halda, Zubir “10 nömrə” mövqeyinə çəkilmiş, Yassin Benzia isə ehtiyatda qalmışdı.
Aydın məsələ idi ki, bu, Qurban Qurbanovun taktiki gedişidir və ikinci hissənin gedişində təcrübəli mütəxəssis Benzia ilə Leandronu da oyuna qoşacaq. Önəmli olan buna qədər, yəni Addaili və Kaşuklu “Qarabağ”ın necə təsir bağışlayacağı idi.
İlk dəqiqələrdən hiss olundu ki, rəqib atletik və intizamlı komandadır. Meydan sahibləri topu ələ keçirən kimi böyük qüvvə ilə irəli atılır, təhlükəli hücumlar qururdular. Ancaq “Qarabağ” da boş dayanmırdı. Vacib idi ki, “Bodo Qlimt”in öz oyununu bizə diktə etməsinə imkan verməyək. Zaman-zaman “Bodo Qlimt” “1 nömrə” kimi çıxış etsə də, “Qarabağ” bunun 90 dəqiqəyə yayılmasına mane olmağı bacardı. Norveçdə qeydə alınan uğurlu nəticənin səbəblərindən biri də məhz budur.
Havanın həddindən artıq soyuq və meydanın süni örtüklü olması bizə problem yarada biləcək məqamlar sırasında göstərilirdi. İlk dəqiqələrdə komandamız bu baxımdan müəyyən çətinliklər yaşasa da, iqlimə və meydançaya uyğunlaşması çox çəkmədi.
“Qarabağ”ın əsas qol ümidi sayılan Juninyo rəqib müdafiəsini təzyiqdə saxlamağı bacarırdı. “Bodo Qlimt”ə sürətini göstərdiyi ilk epizodda “sambaçı”nın zərbəsi zəif alınsa da, 6 dəqiqə sonra braziliyalı forvard real qol şansını qaçırdı. O, Zubirlə divar paslaşması etdikdən sonra topu yaxın küncə göndərmək istəsə də, rəqibin qapıçısı komandasını qoldan xilas etməyi bacardı. Bu, görüşün ilk real qol epizodu oldu.
22-ci dəqiqə. “Qarabağ”ın Norveçi sükuta qərq etdiyi an. Rəqib qapıçı ötürmə zamanı səhvə yol verir və Toral Bayramov topu sinəsi ilə önünə atdıqdan sonra uzaq məsafədən sol ayağı ilə fantastik qol vurur. Bu qol həm “Qarabağ”a, həm stadionda komandamızı dəstəkləyən azsaylı azarkeşlərə, həm də ekran önündə əyləşən çoxsaylı “Qarabağ”sevərlərə inam verir.
Addai və Kaşuk ümumi ansambldan geri qalmamağa çalışsa da, bəzi məqamlarda doğru qərar verməmələri Qurban Qurbanovun ikinci hissədə onları dəyişəcəyini düşünməyə əsas verirdi. 30-cu dəqiqədən etibarən “Budo Qlimt” təzyiqi artırdı. Norveçlilər fasiləyədək hesabı bərabərləşdirmək istəyirdilər, buna da nail oldular. Əslində, ardıcıl həmlələr meydan sahiblərinin fərqlənəcəyindən xəbər verirdi. Növbəti dəfə “Qarabağ”ın standart vəziyyətlər zamanı zəif olması təsdiqini tapdı. Rəqibin ev tapşırığına əsaslanmış korneri kapitan Patrik Berqin qapımıza vurduğu qolla nəticələndi.
Qoldan ruhlanan “Bodo Qlimt” ikinci hissənin əvvəllərini də üstün keçirdi. Bu məqamda “Qarabağ”ın futbolçuları döyüşkənlik və mübarizlik sayəsində hesabın yenidən dəyişməsinə imkan vermədilər. Komandamızın üzvləri rəqibin zərbələri zamanı özlərini sipər edərək, topun önünü kəsirdilər.
“Qarabağ” meydan sahiblərinin 15 dəqiqəlik təzyiqindən çıxa və yenidən oyunu bərabərləşdirə bildi. Patrik Andrade həm müdafiə olunarkən, həm də hücuma çıxarkən komandamıza böyük xeyir verirdi. Şübhəsiz, dünənki görüşün ən yaxşılarından idi. Bizə əvvəlki Patriki xatırladaraq, Romaonun yoxluğunu hiss etdirmədi.
Məhz Patrik 60-cı dəqiqədə “Bodo Qlimt”ə ikinci şoku yaşada bilərdi. Ancaq onun cərimə meydançası həndəvərindən əla zərbəsinin qarşısını qapı çatı kəsdi.
62-ci dəqiqədə Qurban Qurbanov birdən-birə 3 əvəzetməyə əl ataraq, oyuna vaxtında və düzgün müdaxilə etdi. O, Addai, Kaşuk və matçın ən zəiflərindən olan Abbas Hüseynovun əvəzinə meydana Yassin Benzia, Leandro Andrade və Mateus Silvanı buraxdı.
Bu dəqiqələrdə üstünlük “Qarabağ”ın tərəfinə keçdi. Komandamız ardıcıl sürətli hücumlar qurur, rəqibin qapısı qarşısında təhlükəli epizodlar yaradırdı. Bu dəfə artıq “Qarabağ”ın qolunun gəldiyi hiss edilirdi. Elə də oldu. Oyuna az öncə qoşulan Leandro və Benzianın iştirakı ilə qurulan hücumun yekununda Zubir cərimə meydançasına daxil olaraq, dəqiq zərbə ilə toru silkələdi.
Bundan sonra hesabı qorumaq, “Bodo Qlimt”in yenidən bərabərlik qolunu vurmasına imkan verməmək lazım idi. “Qarabağ” bu missiyanın da öhdəsindən gəldi və Avropa Liqasının Liqa mərhələsində ilk qələbəsini qazandı.
Zəfər Gününə dəqiqələr qalmış Azərbaycan xalqına bu zəfəri yaşatdığı üçün “Qarabağ”a təşəkkür və alqış düşür. Şübhəsiz, təmsilçimizin heyətində oyunu zəif keçirən, ansamldan geri qalanlar da oldu. Ancaq qaliblər mühakimə olunmurlar. Toral Bayramov, Kevin Medina, Patrik Andrade, Marko Yankoviç və Abdullah Zubir özlərini daha yaxşı tərəfdən göstərsələr də, komandamızın digər üzvləri də sonadək döyüşdülər. Və bu döyüşün sonunda “tamam” yox, “davam” dedik…
FƏRİD