Azərbaycan milli komandasının sabiq futbolçusu Vidadi Rzayevin futbolinfo.az saytına müsahibəsi
– “Qarabağ” Avropa Liqasının Liqa mərhələsində, nəhayət, ilk qələbəsini (2:1) qazandı. “Bodo Qlimt”lə səfər matçı ilə bağlı fikriniz necədir? “Qarabağ”ın oyunundan tam razı qaldınız?
– “Qarabağ”ı qələbə münasibətilə təbrik edirəm. “Bodo Qlimt”in yaxşı komanda olduğunu gördük. Demək olar ki, oyun onların üstünlüyü şəraitində keçdi. Xoşbəxtlikdən, rəqib yaratdığı qol epizodlarından istifadə edə bilmədi. “Qarabağ” pressinq etməyə çalışırdı, ancaq meydan sahibləri pressinqdən asanlıqla çıxırdılar. Sadəcə, bir epizodda qapıçıları səhv etməyə məcbur oldu, onda da Toral Bayramov həddindən artıq gözəl qol vurdu. Çox çətin rəqib idi. “Bodo Qlimt” bütün mövqelərdə sürətli oyunçulara sahibdir. Fasilədən sonra Patrik Andradenin zərbəsi dirəyə dəydi, digər epizodda isə Abdullah Zubir qol vurdu. Başqa qol imkanımızı xatırlamıram. Rəqibi əks-hücumda tuta bilmirdik, çünki “Bodo Qlimt”in bütün futbolçuları sürətli idi.
– Sizcə, “Qarabağ”ın qələbəsində həlledici rolu nə oynadı?
– Qurban Qurbanov əvəzetmələri vaxtında etdi. 62-ci dəqiqədə 3 əvəzetmə edərək, Benzia, Leandro və Silvanı meydana buraxdı. “Qarabağ”ın heyətində bu görüşdə ən zəif çıxış edənlərdən biri Abbas Hüseynov oldu. Əvəzetmələrdən sonra “Qarabağ” oyunu təxminən 10 dəqiqəlik bərabərləşdirə bildi, həmin müddətdə də qələbə qolunu vurdu.
– Komandamızın heyətində ən çox kimin oyununu bəyəndiniz?
– Ən çox Kevin Medinanı bəyəndim. Onun arxa xətdə inamlı çıxışı qələbədə mühüm rol oynadı. Buvaxtadək Azərbaycana gəlmiş mərkəz müdafiəçilərindən ən yaxşısı, birincisi Medinadır. Onun oyununu çox bəyənirəm. “Bodo Qlimt”lə görüşdə də inamlı təsir bağışladı.
– “Qarabağ”ın heyətində avrokubokda ilk dəfə start heyətdə yer alan Aleksey Kaşuk və Emmanuel Addai necə təsir bağışladı?
– Addai özünü pis tərəfdən göstərmədi. Pis futbolçu deyil. Amma Kaşuk öz formasından uzaqdır. “Sabah”da göstərdiyi oyun hara, “Qarabağ”dakı oyunu hara? Yəqin fiziki durumu hələ yaxşı deyil. Kaşuk elə də inamlı təsir bağışlamadı, ondan gözləniləni vermədi.
– Bu oyun növbəti matçlar öncəsi ümid verdimi? “Qarabağ” pley-offa çıxa bilərmi?
– Arzu edirəm ki, “Qarabağ” pley-offa çıxsın. Amma düşünürəm ki, çıxa bilməyəcək. Mənim proqnozum adətən düz olmur. İnşallah, bu dəfə də proqnozum səhv çıxar və “Qarabağ” pley-offa yüksələr.
FƏRİD