Misli Premyer Liqasının 13-cü turunda heç-heçə seriyası davam edir. Açılış matçı kimi dünənki qarşılaşmalar da sülhlə yekunlaşdı.

Baş məşqçi Şahin Diniyevin gedişindən sonra özünü sübut etməyə çalışan “Səbail” futbolçuları qələbəyə yaxın idi. Amma əvvəlki turlarda olduğu kimi, komanda yaxşı oynadığı matçın son nöqtəsini qoya bilmədi. “Turan Tovuz” bərbad keçirdiyi ilk hissənin ardından dönüş yaratmağı bacarsa da, güc yalnız cavab qoluna çatdı.

Məğlubiyyət seriyasının sona çatması “dənizçilər”ə irəliləmək və autsayderlər qrupundan uzaqlaşmaq şansı vermədi. Çünki rəqiblər də turu əliboş bitirmədi. “Turan Tovuz” üçün səfərdə qazanılan xalı qiymətli saymaq olar. Amma unutmayaq ki, elə bu gün “Araz-Naxçıvan” fərqi aça, üstəlk, lider uzaqlaşa bilər. Qərblilərin ən böyük problemi sabitliklə bağlıdır. Komanda “Qarabağ”a qarşı göstərdiyi oyunu sərgiləsəydi, rəqibini darmadağın edərdi.

“Turan Tovuz” qazandığı penaltini dəyərləndirib hesabı daha tez bərabərləşdrsəydi, qələbə qolu üçün zaman qalacaqdı. Amma qərblilər bu mövsüm artıq 3-cü dəfə nikal şansı əldən verməyi bacardı.

Oyun “Səbail”in müvəqqəti baş məşqçisi Elvin Məmmədov üçün pis yekunlaşmadı. Amma o, Diniyevin bostanına daş atmağı özünə rəva gördü. Komandanın fiziki hazırlığından şıkayətlənmək sələfini günahandırmaq deməkdir.

“Kəpəz” də məğlubiyyətdən son anda qurtuldu. Baxmayaraq ki, rəqib ilk dəqiqələrdə gəncəlilərə qol hədiyyə etmişdi, Azər Bağırovun yetrmələri bu üstünlüyü əldən verdi. Bununla belə, “Sabah”ın qol imkanlarını boşa verməsindən ruhlanan qonaqlar rəqiblərinin uzaqlaşmasına imkan verməyən xalı qazandı.

Lakin “Kəpəz”in qazandığı xal daha çox “Sabah”ın ərməğanı idi. Ardıcıl xallar itirən bakılılar yenə eyni səhvlərin qurbanı oldu. Krunoslav Renduliç komandanı toparlaya bilmir. Əla heyətə malik baş məşqçi komandanın oyunundakı qüsurları aradan qaldırmaqda acizdir. Autsayderə xal bağışlamaq yüksək yerləri hədəfləyən “Sabah”ın günahıdır.

Zənnimizcə, klub rəhbərliyi Renduliçə həddindən artıq güvənir. Bu məşqçinin bacarığı yayda avrokubok oyunları zamanı bəlli olmuşdu. Üstəlik, bu qədər imkanlara rəğmən, keçirdiyi 13 oyunun 9-da qələbə qazanmamaq fiaskodur. Gedişat dəyişməsə, qış fasiləsində bakılılar yeni məşqçi ilə yola davam etməli olacaq.

Bu gün baş tutacaq oyunlarda qələbə qazananlar turun qaliblər olacaq. Turnir cədvəlində vəziyyət elədir ki, 3 xal ciddi yerdəyişmələrə səbəb ola bilər. Ona görə də yenə amansız mübarizə, bəlkə də növbəti heç-heçələrə şahid olacağıq.

AĞA

Shares: