“İlk hissədə oyunumuz alınmadı. Çalışdıq ki, ikinci hissədə bunun əvəzini çıxaraq, daha da yaxşı oynayaq. Qalib gələ bilərdik. Ancaq bu gün bəxtimiz gətirmədi”. Bu sözləri futbolinfo.az saytına “Səbail” – “Turan Tovuz” oyunundan sonra qonaqların futbolçusu Fərid Yusifli deyib.
Yarımmüdafiəçi mövsümün sonunda Avroliqaya yollanmaq üçün əllərindən gələni artıqlamasıyla etməyə hazır olduqlarını bildirib: “Bu gün nə qədər çalışsaq da, hücumlarımızı qol ilə yekunlaşdıra bilmədik. Demək olar ki, qaçırdığımız penalti oyunun taleyini dəyişdi. Bəlkə də qol ilə yekunlaşsaydı, hər şey daha fərqli ola bilərdi. Artıq bu matçı unudub, növbəti görüşlərə hazırlaşacağıq. Növbəti tur bizi evdə “Sabah”la çətin oyun gözləyir. Ümid edirəm ki, qalib tərəf biz olarıq və Avroliqa uğurunda mübarizədə şanslarımızı daha da artırarıq. Çünki məqsədimiz “Turan Tovuz”u Avropa Liqasına yollanan komandalar arasında görməkdir. Düzdür, bu mövsüm komandalar daha da güclənib, bizə çətinlik yaradacaqlar. Lakin bizim də bundan sonra dayanmaq fikrimiz yoxdur. Bunun üçün əlimizdən nə gəlirsə, artıqlamasıyla etməyə hazırıq”.
GÜNAY SÜLEYMANOVA