Misli Premyer Liqasında nəhs tur darmadağınla bitdi. Heç-heçələrin sıralandığı həftənin son günü liderlərin qələbələri sıralandı.
Hamını təəccübləndirməkdə olan “Araz-Naxçıvan” ardıcıl 12-ci məğlubiyyətsiz matçında 9-cu qələbəni rəsmiləşdirdi. 7-ci dəfə 1:0 hesabına sevinən muxtar respublika təmsilçisi “Qarabağ”ın əsas izləyicisi kimi yoluna davam edir. Bir saatlıq liderliyə də yüksələn Elmar Baxşıyevin yetirmələri ağdamlılardan cəmi bir xal geri qalır. Amma çempionun ehtiyatda “Şamaxı” ilə matçı da var.
Vaqif Cavadovun təyinatından sonra yüksəlişə keçən “Sumqayıt” az qala “Araz-Naxçıvan”ı da büdrədəcəkdi. Amma ardıcıl iki qələbənin ruhkandırdığı komanda 87-ci dəqiqədə təslm oldu. Ülvi İsgəndərov “Qəbələ”dəki günlərni xatırlayaraq yenə əvəzetmədən meydana daxil olaraq fərqlənməyi bacardı. Felipe Santosun seriyasının dayandığı bir vaxtda digər qolçunun səhnəyə çıxması Baxşıyevi sevindirməlidir.
Oyuna gəlincə, məğlubiyyətə baxmayaraq, sumqayıtlılar özünü heç də döyülən uşaq kimi aparmadı. Bəzən ərazi üstünlüyü qazanan qonaqlar bir neçə dəfə real şans da əldə etdi. Amma qələbəni onu daha çox istəyən “cibinə qoydu”.
Turun digər qazanclısı “Qarabağ”, ən uğursuzu “Zirə” oldu. Turun bağlanış matçına erkən qolla başlayan ağdamlılar əsas heyətin bəzi üzvlərinə istirahət imkanı versə də, bu, zirvədə möhkəmlənməyə mane olmadı. İkinci hissədə 17 dəqiqə ərzində daha 3 futbolçu rəqib qapısını dəqiq nişan aldı. Beləcə komanda avrokubok yorğunluğunu çıxarıb fasiləyə rahat getdi.
“Zirə” ardıcıl 2-ci məğlubiyyət ilə vəziyyətini pisləşdirdi. “Sabah”ın büdrəməsi “qartallar”ın 4-cü yerdə qalmasını təmin etsə də, öndəki rəqiblərlə aşkar xal fərqi yaranıb. Hazırda ən yaxındakı “Turan Tovuz” 2 qələbəlik məsafədədir, naxçıvanlılar isə 10 xal irəli qaçıb.
Qəsəbə təmsilçisi dünən mövsümdəki ən zəif oyunlarından birini keçirdi. Komandanın əsas oyunçuları sanki kökdən düşüb, əzmkarlıq gözə dəymir, mübarizə aparmaq həvəsi yoxa çıxıb. “Qarabağ” kimi rəqiblə matçda isə bunsuz nəticə qazanmaq mümkünsüzdür. Ağdamlılar müqavimət görmədən, az qala gəzə-gəzə 4:0 hesablı qələbəyə sevindi.
Qonaqların ən böyük problemi standart vəziyyətlərlə bağlıdır. Təsadüfi deyil, dünən qolardan üçü məhz belə vuruldu. Rəşad Sadıqov qarşıdakı fasilə dönəmində sözügedən komponent üzərində ciddi işləməlidir. Əks halda, qış fasiləsinə kimi ilk dördlükdə qalmaq olmayacaq.
ABBAS