Bu günə qədər Arif Əsədov mətbuata çox açıqlama verib, dəfələrlə, mikrafon, diktafon və kameralar önündə danışıb. Amma onunla əsasən bu gündən danışıblar, keçmiş çox da çalxalanmayıb.

Əsədovun keçmişinə nəzər salsaq, orada zəngin bir xəzinə taparıq. SSRİ millisi ilə yeniyetmələr arasında dünya və Avropa çempionluğu və daha nələr-nələr. Kimlərlə bir yerdə kimlərə qarşı oynamayıb ki?

Çox az adam bunlardan xəbərdardır. Millimzin sabiq futbolçusu və məşqçisini, “Neftçi”yə çempionluq sevinci yaşadan mütəxəssisin karyerasına daha yaxından bələd olmaq istəyirsinizsə, səhifədə “aşağıya qədər düşün”.

– Başlayaq 1985-ci ildən. “Neftçi”yə necə dəvət aldınız?

– O vaxt Azərbaycan millisinin müxtəlif yaş qruplarından ibarət millisində oynayırdım. Gənclərin Futbol Məktəbində çıxış edərkən SSRİ-nin yeniyetmələrdən ibarət komandasına dəvət də almışdım. O vaxt mənimlə yanaşı Vladislav Qədirov və Ruslan Lukin bu şansı əldə etmişdi. O ərəfədə “Neftçi”dən də dəvət gəldi. Həmin vaxt artıq millidə oynayırdıq. Həmin vaxt “Neftçi”ni Ruslan Abdullayev çalışdırırdı. Əvəzedicilərdən ibarət komandanın baş məşqçisi isə Anatoli Qryazev idi. Biz o vaxt əsasən SSRİ-nin yeniyetmələrdən ibarət komandasının düşərgəsində daha çox olurduq. Həmin vaxtlar “Neftçi”nin daha çox əvəzedicilərdən ibarət komandasında meydana çıxırdım. 1986-cı ildə isə “Neftçi”nin əsas heyətində oynamağa başladım.

–  O vaxt komandada sizə daha çox kim dəstək verirdi? Komandada ab-hava necə idi?

– Ümumiyyətlə, “Neftçi” bizim üçün xəyallar aləmi idi. Mən özüm Sumqayıtda anadan olmuşam, Nazim Süleymanovla bir mikrorayonda yaşamışıq. Yaşadığımız binalar arasında haradasa 100 metr məsafə var idi. Nazim o vaxt “Neftçi”də oynayırdı. Onun hər dəfə məşqdən qayıdarkən məhəlləmizdən keçdiyini görürdüm. Onu görəndə həmişə “kaş ki, mən də “Neftçi”də oynayardım” arzusunu ürəyimdən keçərdi. Arzum reallaşanda çox sevindim. O vaxt bazada “Neftçi”nin oyunçularını görəndə belə sevinirdim. Biz əvəzedicilərin bazada qapısı ayrı idi. Əsas komandaya düşəndə təzə-təzə sıxılırdıq, amma İsgəndər Cavadov, Maşallah Əhmədov və İqor Ponomaryov kimi oyunçuların əhatəsində mühitə alışırdıq. Hər yeni oyunçu hansısa bir futbolçunun himayəsi altında böyüyürdü.

– Necə oldu ki, 17 yaşınıızda SSRİ-nin yeniyetmələrdən ibarət millisinə dəvət aldız və Kanadada keçirilən dünya birinciliyində oynamaq imkanı qazandınız. İş elə gətirdi ki, çempion da olduz.

– Mənim də çıxış etdiyim gənclərdən ibarət Azərbaycan millisi Gənclik Kubokunda çox yaxşı çıxış edirdi. Biz SSRİ üzrə final mərhələsinə vəsiqə qazandıq. Onu da SSRİ-nin yeniyetmələrdən ibarət komandalarının məşqçiləri izləyirdi və seleksiya işi aparırdı. Hələ qrup mərhələsində oynayarkən, məşqçilərimiz bizə onların diqqətində olduğumuzu söyləyirdilər. Nalçikdə keçirilən final mərhələsində yekun qərarlarını verməli idilər. Biz turnirdən sonra bəyəniləcəyimiz halda qalmalı idik. Elə odu ki, Qədirov və Lukinlə birgə məni də saxladılar. Təlim-məşq toplanışları zamanı uşaqlar ələnə-ələnə azaldı. Mən də sona qədər düşərgədə qaldım.

9677948b 33ba 4d1b b5d4 2dcbc0c10510 - Futbolinfo.az

– Siz onda da müdafiəçi kimi oynayırdız?

– Bəli, mərkəz müdafiəçisi idim. Bir növ libero kimi mübarizə aparırdım. Həm də Azərbaycan millisinin kapitanı idim. Mərkəzdə güclü rəqabət var idi, amma sağ cinahda müəyyən problemlər görünürdü. Yeniyetmələrdən ibarət SSRİ millisinin baş məşqçisi Aleksandr Piskaryov məni sağda yoxlamaq istədi. Çünki mərkəzdə Sergey Bejenarla bir-birimizi əvəzləyə bilirdik, amma sağda belə rəqabət yox idi. İş elə gətirdi ki, bu cinahda da özümü göstərib elə orada da əsas heyətin üzvü kimi meydana çıxmağa başladım.

– Bəs bu dünya çempionatına necə düşdünüz?

– Biz buna qədər Avropa çempionatında mübarizə aparmışdıq və finala qədər irəliləmişdik. Həlledici görüşdə İtaliyaya uduzduq. Amma sonradan italiyanların heyətində bir “lipa” tapdıqlarından nəticələrini ləğv etdilər. Belə olan məqamda biz çempion elan olunmalı idik, ancaq UEFA buna getmədi. Çünki bu baş versəydi, İtaliya böyük turnirlərdən diskvalifikasiya edilməli idi. Hətta bu əsas yığmaya da təsir göstərə bilərdi. Bir növ bu qərarla vəziyyətdən çıxdılar. Qalib komanda olmadı, biz də ikinci yerdə qaldıq.

– Çıxış etdiyiniz İlk Avropa birinciliyində rəqiblərin heyətində kimləri xatırlayırsınız? O komandalarda sonradan məşhurlaşan oyunçular arasında kimlər var idi?

– Birinci yeri İtaliya, ikinci yeri biz, üçü Fransa, dördü də Türkiyə yığması tutdu. Turnir başa çatandan sonra bu 4 komandanın üzvləri üçün banket təşkil olundu. İtaliya millisində Canluka Pesotttonu, Türkiyə yığmasının heyətində isə Tuqay Kərimoğlunu daha çox xatırlayıram. Məsələn, türklərə SSRİ millisinin heyətində Azərbaycandan olan futbolçuların olması təəccüblü gəldi.

– Komandanız hansı keyfiyyəti sayəsində dünya çempionu oldu?

– Biz kollektiv oyuna üstünlük verirdik. Heyətimiz yüksək səviyyəli oyunçulardan qurulmuşdu. Hələ xaricdən də bizi gözaltı etmişdilər. Sadəcə, bizə SSRİ-dən kənara çıxmağa imkan vermirdilər. Qrupumuzda Meksika, Nigeriya və Boliviya komandaları var idi. 2 oyunda qalib gəldik, bir oyunda da heç-heçə oynadıq.

– Hətta Boliviya ilə oyunda qol da vurdunuz. Həmin qolu xatırlayırsınız?

– Əlbəttə. Bir cinah müdafiəçisi kimi tez-tez hücuma qoşulurdum. Epizodların birində sol cinahdan ötürülən top rəqib müdafiəçilərinin üstündən keçdi. Mən də onu saxlayıb qapıdan keçirdim.

– Baş məşqçiniz Aleksandr Piskaryovun siz çempion olarkən 38 yaşı var idi. Sizinlə münasibətləri necə idi?

– O vaxt karyerasını yenicə bitirmişdi, məşqlərdə bizimlə fəal iştirak edirdi. Çox da tələbkar idi. Nizam-intizama böyük önəm verirdi. Özü də “Spartak”dan çıxdığına görə, bu komandanın oyun üslubunu bizə aşılayırdı. Qısa ötürmələrdən istifadə edirdik, baxımlı futbol oynamağa çalışırdı. Hamı ilə münasibəti yaxşı idi.

– “Spartak”da müdafiəçi kimi tandığımız Yuri Nikiforov bu turnirdə hücumçu kimi oynayırdı və 5 qolla turnirin 2 bombardirindən biri oldu. Bilmirsiniz, sonradan niyə mövqeyini dəyişdi?

– Əvvəlcə onu deyim ki, final oyununu arenadan izləyən Pele də onun haqda belə bir fikir söyləmişdi ki, “Nikiforov gələcəyin çox yaxşı futbolçusu olacaq”. O ki, qaldı mövqeyini dəyişməsinə, olimpiya yığmasına keçəndən sonra baş məşqçimiz Vladimir Salkov Niderlandla oyundan əvvəl zədələnən sol cinah müdafiəçimizin yerinə Yurini sınamaq qərarına gəldi. Çünki Nikiforov top uğrunda mübarizələrdə fəallığı ilə seçilirdi. O bu keyfiyyətlərinə görə rusiyalı hücumçunu müdafiədə sınamaq qərarına gəldi. Həmin oyunu da biz yaxşı oynadıq və qalib gəldik. Məhz bu oyundan sonra Nikiforov müdafiəçi kimi sınanmağa başladı və bu mənada ümidləri də doğrultdu.

– Heyətdə sizinlə yanaşı Vladislav Kadırovla Vladislav Lemiş də var idi. Kollektiv daxilində siz 3 Bakı uşağı necə seçilirdiz?

9bc9111a 062f 4691 8a4b a1b4327911b1 - Futbolinfo.az

– Əsas mənimlə Qədirov əvvəldən axıra qədər bu yolu getdi. Heyətdə 14-15 oyunçu var idi ki dəyişilmirdi. Biz ikimiz dəyişilməzlər arasında idik. Lemiş sıralarımıza sonradan qoşuldu, Lukini isə çağırmadılar. Əvvəllər azərbaycanlılara bir az çətin idi. Çünki ukraynalılar və ruslar çoxluq təşkil edirdi.

– Amma heyətdə bir erməni Arutunyan var idi, gürcü yox idi. Səbəbi nə idi?

– Piskaryov nizam-intizama fikir verdiyinə görə gürcülərdən istədiyini ala bilmirdi. Onlarda özündən razılıq, yersiz hərəkətlər, müdafiəyə kömək etməmək… Ona görə də dəvət almırdılar. Müdafiə xəttində yeganə azərbaycanlı mən idim, digər 3 arxa xətt oyunçusu ukraynalı idi. Mircəlal Kasımov mərkəzdən oyun qurması ilə seçilirdi, Nikiforov da öndə öz işini görürdü.

– Bəs həmin turnirdə digər komandalardakı dünya ulduzlarından kimi xatırlayırsınız?

– Braziliya ilə görüşmədiyimizə görə heyətlərindən xəbərsizəm, amma deyilənə görə aralarında Kareka olub. Nigeriyadan Okoça var idi. İtaliyanlardan Pesottonun adını çəkdim.

– Finalda Nigeriya ilə qarşılaşdız və görüş 1:1 hesabı ilə başa çatdı. Penaltilərdə 4:2 hesabı ilə qalib gəldiz. Sizə penalti vurmaq təklif olundu?

– Bizim ən ağır oyunumuz 1/4 finalda fransızlara qarşı oldu. Bu görüşdə 3:2 hesabı ilə qalib gəldik, hələ mən matçın gedişində zədələndim də. 2:1 hesabı ilə öndə idik, onlar tarazlığı bərpa etdi. Matçın sonlarında qələbə qolunu vuraraq yarımfinala yüksəldik. Yarımfinalda Kot d`İvuarı asanlıqla keçdik. Final isə tam fərqli atmosferdə keçdi. Əvvəla onu qeyd edim ki, matçdan öncə nigeriyalı azarkeşlər bizim qaldığımız otelin önündə çalıb-oxumaqla bizi narahat etməyə başladılar. Oyunçuları da fiziki cəhətdən çox güclü idi. İlk hissədən sonra 0:1 hesabı ilə uduzurduq. İkinci hissədə məğlubiyyətdən qaçdıq. Nəticədə qalib penaltilərlə müəyyənləşdi. Əslində biz finalı çox rahat oynadıq, onların üzərində təzyiq var idi. Çünki Nigeriya son dünya çempionu idi. İş elə gətirdi ki, onları penaltilərlə 4:2 hesabı ilə məğlub etdik. Mənim adım ilk 5-likdə penalti vuranların siyahısında yox idi.

– Yeri gəlmişkən, Braziliya millisi turniri qol vurmadan tərk etdi. Bütün yığmalarını nəzərə alsaq, tarixlərinin ən bərbad turniridir.

– Onlar ora elə çətinliklə də düşmüşdülər. O dövrdə aşağı yaşlılarda avropalılar daha güclü idi. Heç Almaniya belə güclü deyildi.

– Həmin turnirdə Özbəkistan futbolunun əfsanəsi Mircalal Kasımov da sıralarınızda idi. Onunla birgə 1 il sonra Boris İqnatyev sizi Çexoslavakiyada keçirilən 18 yaşa qədər futbolçular arasında Avropa çempionatına apardı, amma ətrafınızda nə Lemiş oldu, nə də Qədırov.

f408f4e5 87e8 4bd0 8129 021429b2c988 - Futbolinfo.az

– Dediyim kimi, o heyət çox güclü idi. O komandanın sırasında düşmək çox çətin idi. Orada Oleq Salenko kimi oyunçu var idi. Mən də hətta sağ cinahda Omari Tetradze ilə rəqabət aparırdım. Həmin heyətə mənimlə yanaşı Kasımov, Bejenar, Nikiforov və Moroz düşdü.

– DÇ-1994-ün qəhrəmanlarından biri olan, Kamerunla oyunda 5 qol vuraraq hələ də mundiallarda qırılmayan rekordu müəyyənləşdirən Oleq Salenkonun, “Alaniya”nın fəxri oyunçularından Omari Tetradzenin adını çəkdiz. Hələ Baxva Tedeyev də bu komandada idi. Burada da çempion olduz və finalda Portuqaliyanı məğlub etdiz. Portuqaliyada Joao Pinto xeyli qol vurdu, amma finalda sizinlə bacarmadı. Hərçənd o final oyununda da fərqlənmişdi.

– Portuqaliya o vaxt çox güclü idi. Bu komandada Joao Pinto ilə yanaşı, Fernandu Kouto kimi də oyunçu top qovurdu. Yeri gəlmişkən, finalda baş məşqçimiz Boris İqnatyev məni sol cinahda yoxlamaq qərarına gəldi. Joao Pinto da mənim qərarlaşdığım cinahda oynayırdı. Həlledici görüşdə onu neytrallaşdırmaq mənim üzərimə düşürdü. Görüşdən sonra biz formalarımızı da dəyişdik. Sonradan həmin formanı ad günündə Vəli Qasımova hədiyyə etdim. Ümumiyyətlə, portuqaliyalılar güclü heyətlərinin olmasına baxmayaraq bizdən çəkinirdilər.

– O turnirdə də bütün oyunlarda meydanda olduz?

– Yox. Qrupda 1 görüşdə meydana çıxdım. Oyuna sonradan qoşulduğum vaxtlar da var idi. Amma finalda əsas heyətdə meydana çıxdım. Taktiki baxımdan mən Joao Pintonu saxlamaq üçün ora təhkim olundum. Yeri gəlmişkən, final matçında əsas vaxt 1:1 hesabı ilə başa çatdı, əlavə vaxtda 2 qol vurub sonda çempion olduq.

– Fernandu Santuş Portuqaliya millisinə Avropa çempionluğu qazandıranda Joao Pinto Portuiqaliya Futbol Federasiyasında direktor vəzifəsində çalışırdı. Amma Santuş millimizə baş məşqçi gələn kimi sizinlə işləmək istmədi.

b0a34613 b56d 4706 aa7d 68ad3cafc539 - Futbolinfo.az

– Bu futboldur, nə etmək olar?! Amma hazırkı Millətlər Liqasının püşkatmasında Joao Pinto ilə görüşdüm. Mən onun yadına final oyununu saldım, hamısını xatırlatdı. Hətta oyundan sonra maykalarımızı dəyişdirməyizi müzakirə etdik. Mənə o vaxt güclü olduğumuzu etiraf etdi. Hə, onu da deyim ki, biz Avropa çempionu olduq, onlar bu turnirdən dərhal sonra dünya çempionluğunu bayram etdilər. Mənə orada dedi ki, “biz sizdən çəkinirdik, yenə də finalda qarşılaşacağımızdan qorxurduq”. Məsələ ondadır ki, biz Avropa çempionu olandan sonra 20 yaşlılar arasında dünya çempionatında iştirak etmək üçün Səudiyyə Ərəbistanına yollandıq. Qrup mərhələsini birnəfəsə keçdik. Orada 1/4 finalda Nigeriya ilə qarşılaşdıq. Təsəvvür edin ki, ilk hissəni 4:0 hesabı ilə öndə başa vurduq. Matçın sonuna 14 dəqiqə qalmış hesab 4:4 oldu. Nəticədə penaltilərdə onlara uduzduq. Biz Nigeriyanı keçsəydik, yarımfinalda ABŞ-la düşəcəkdik. Onları rahat məğlub edəcəkdik. Nigeriya da ABŞ-ı udub finala getdi və həlledici görüşdə Portuqaliya ilə üz-üzə gəldi. Onda da Portuqaliya Nigeriyaya qalib gəldi. Bizim finala çıxmamağımıza görə çox sevindilər. Ümumiyyətlə, Nigeriya ilə oyunumuzu sonrada SSRİ-nin bütün millilərinin oyunçularına göstərdilər ki, baxın ilk hissəni necə oynayarlar, matçın sonlarını da necə oynamazlar. Səudiyyə Ərəbistanından qayıtmamış İqnatyevi vəzifəsindən azad etdilər.

– Sizcə SSRİ dağılmasaydı, əsas milliyə dəvət alardız?

– Səudiyyə Ərəbistanında keçirilən mundialdan sonra da yığmaya dəvət alırdım. 1992-ci ilə qədər olimpiya millisinin üzvü idim. Sonradan Nikita Simonyan gəlib MDB yığmasını formalaşdırdı, mənə daha dəvət gəlmədi. İş elə gətirdi ki, olimpiya yığması da böyük turnirlərə düşmədi. O ki qaldı əsas milliyə, SSRİ dağılmasaydı, əsas komandaya dəvət almaq mənim üçün çətin olacaqdı. Çünki o vaxt milliyə əsasən böyük klubların oyunçularını çağırırdılar. İsgəndər Cavadov belə çətinlik çəkirdi. Amma sovet dağılandan sonra bir müddət Azərbaycanda oynayıb “Spartak Alaniya”ya yollandım.

1631995851 arif 1 - Futbolinfo.az

– Bəs Salenko, Tixonov və Kasımov kimi oyunçularla indiyə qədər əlaqələriniz var?

– Mircalalla indiyə qədər danışıram. Hətta o məndən yaxınlarda Azərbaycan çempionatında adını çəkmək istəmədiyim bir legioner haqqında məlumat soruşdu. Onu Özbəkistan çempionatında çalışdırdığı OKMK komandasında görmək istəyirdi. Bununla yanaşı, indiyə qədər Yuri Moroz, Sergey Bejenar, Omari Tetradze və Baxva Tedeyvlə əlaqlərimiz var.

– Azərbaycandan niyə gec çıxdız? 1993-cü ildə Vladiqafqaz “Spartak”ına getmək gec deyidli?

– 1992-ci ilə qədər “Neftçi” məni heç bir kluba satmırdı. Amma Azərbaycan çempionatında 1 il oynadıqdan sonra artıq özüm də getməkdə maraqlı idim. Onu da deyim ki, mənim əsgərlik yaşım çatanda xidmət dövrlərimdə Minsk “Dinamo”sunda oynaya bilərdim. Mənimlə birgə Mircalal da ora gedib razılıq əldə etdik, hətta müqavilə də bağladıq. Turnirə gedəndən sonra Bakıya gəlib əşyalarımı yığıb Minskə qayıtmalı idim. Kasımov problem yaşamadı, amma Bakıda məsələdən xəbərdar olan kimi bu işə qarışdılar. Məni Bakıda hava limanından götürüb nazirliyə qədər aparmışdılar. Hətta evdəkilərə də demişdilər ki, bu necə olur bizdən xəbərsiz müqavilə imzalayıb. Məlum məsələdir ki, əsgərliyə görə idi. Bunlar da götürüb Bədən Tərbiyəsi və İdman İnstitutuna saldılar ki, bir müddət də hərbi xidmətdən rüxsət alım.

– Vladiqafqazdakı karyeranız necə alındı?

– O vaxt Boris İqnatyevə demişdim ki, Azərbaycandan çıxmaq istəyirəm. O da işimi həll etdi, Valeri Qazzayevlə danışdı. Məsələ həll oldu. Onu da deyim ki, Nazim Süleymanov mənim “Spartak Alaniya”a gələcəyimdən xəbərsiz idi, ora çatanda xəbər tutdu. Vladiqafqaza çatdım, dərhal Qazzayevlə görüşdüm, şərtləri dedilər, razılaşdım. Qaldı “Neftçi” ilə razılaşmaq. “Neftçi” də məni ancaq icarəyə verə biləcəyini bildirdi. Belə də oldu. Müqaviləm bitəndən sonra Moskva “Torpedo”su məni heyətinə cəlb etmək istədi. Valentin İvanov məni sərəncamında görmək istəyirdi. Hətta nümayəndə heyətlərini Bakıya göndərdilər. Amma “Neftçi”ni təzəcə himayəsinə götürən Rasim Rəfiyev burada millinin bazasını formalaşdırmaq istədi. Məni getməyə qoymadılar. Transferin baş tutmamasına görə hətta göz yaşları da tökdüm. Hazır pulla da gəlmişdi, “Neftçi” imkan vermədi.

– 1998-ci ildə “Geoloq Tümen” və 1999-cu ildə “Anji” karyeranız necə alındı?

– “Neftçi”də ardıcıl 3 mövsüm çempion olandan sonra vəziyyət dəyişdi, haçalanma yarandı. Nəticədə yenə də Rusiya ilə əlaqə yaratmaq qərarına gəldim. Tümendən gələn təklifi dəyərləndirdim. Ora getdim, hazırlıq dövrünü uğurla başa vurdum, müqavilə imzaladım, oynadım. İkinci dövrədə də mənə komandanın kapitanlıq sarğısını təhvil verdilər. Orada vəziyyət belə idi ki, şəhərin meri komandanın sponsoru olsa da, Moskvadan Vladimir Dolbonosov gəlib komandanın rəisi oldu. O da özü ilə 8-9 futbolçu gətirdi. Mövsümə yaxşı başladıq, sonradan elə oldu ki, Dolbonosvla klubun sponsoru arasında fikir ayrılığı yarandı. Dolbonosov da öz oyunçularını götürüb getdi, qaldıq belə. Nəticədə komanda zəiflədi. Mən də ora Lıçkini gətirdim. Komanda elitadan düşdü, nəticədə mənə SSRİ-nin gənclərdən ibarət millisində birgə çalışdığım Hacı Hacıyevdən təklif gəldi. Məni “Anji”yə dəvət etdi. Orada yaxşı heyətimiz var idi. Jidkov da orada idi. Amma hara gedirdimsə, “Neftçi” məni icarəyə verirdi. Elə oldu ki, I dövrəni oynadım, zədələndim, bərpa olunmağım üçün 3-4 ay vaxt lazım idi. Ora ailəmi aparırdım, uşaqlar da məktəb oxuyurdu. Gedib-gəlmək rahat deyildi. Elə ondansa Azərbaycanda qalaram. Onda da məni “Qarabağ” istəyirdi. Elə də qayıtdım.

8d4e4ae4 6eaf 40bc 9d92 cf36e0a6504b - Futbolinfo.az

– 2000/01 mövsümündə “Şəmkir”lə “Qızıl oyun”da avtoqol. Arif Əsədov hələ də bu oyunu xatırlayırmı?

–  O oyunu yaddan çıxartmaq olar? Ümumiyyətlə, biz həmin çempionatda “Şəmkir”lə rəqabət aparırdıq. Mövsümün gedişindən həmin komandadan 8 xal qabaqda idik. Sona yaxın zədələnmələr və yersiz xal itkiləri nəticəsində xallar bərabərləşdi və nəticədə çempionluğun taleyi “Qızıl oyun”a qaldı. Sumqayıtdakı həmin oyun da küləkli havaya düşdü. Vidadi Rzayevin sağ cinahdan asması nəticəsində cərimə meydançasına enən topu çıxartmaq istəyirdim. Külək də onun trayektoriyasını dəyişdi, mən də topa toxunanda Cahangir qapıdan çıxdı. Bu da avtoqola səbəb oldu. Həmin oyunda xeyli qol vəziyyətlərimiz oldu, ancaq yararlana bilmədik. Nəticədə uduzduq. Həmin ərəfələrdə də atam xəstə yatırdı. O da həmin dönəmdə rəhmətə getmişdi. Təsəllim nədə oldu?! Həmin gün axşam UEFA Kubokunun finalında “Liverpul”la “Alaves” üz-üzə gəlirdi. 117-ci dəqiqədə hesab 4:4 olarkən ispaniyalı futbolçu Delfi Geli topu öz qapısından keçirdi və bunun nəticəsində “Liverpul” kuboku qazandı. Fikirləşdim ki, belə əhəmiyyətli oyunda o səviyyədə oyunçu da topu öz qapısından keçirirsə, Azərbaycan çempionatı nədir ki? Həmin oyun ürəyimdə xal kimi qalmışdı. Sonradan “Neftçi”də baş məşqçi kimi işləyəndə 6 ildən sonra komandaya çempionluq qazandırmaqla toxtaqlıq tapdım. Bir növ borcumu qaytardım.

– “Neftçi”ni çempion edən məşqçi indi niyə kənardadır?

– İstər futbolçu, istərsə də məşqçi kimi nəyə nail olmuşamsa, zəhmətim sayəsində etmişəm. Zəhmətlə qazanılan hər şey sənə dogma gəlir. Məni heç vaxt pul düşündürməyib. Çempion olandan sonra “Neftçi”dən getməyə də bilərdim. Bir az haqsızlıqlar məni əsəbləşdirdi. Elə mühit formalaşdırmışdılar ki, sanki biz Çempionlar Liqasında Zaqreb “Dinamo”sunu mübariədən kənarlaşdırmalı idik. Heç-heçə etdik və sonra da 0:3 hesabı ilə uduzduq. Bu, mənə pis təsir etdi, dedim ki, yox, getməliyəm. Sağ olsun, Sadıq Sadıqov, Tahir Süleymanov, klub rəhbərliyi də mənə dəstək oldu. Mənə günlərlə dedilər ki, getmə, lazım deyil. Millidəki vəziyyət də haradasa buna oxşayır. İşsizəm, bu həyatdır belə şeylər olur. Amma AFFA-da fəaliyyətimi davam etdirirəm. Aslan Kərimovla birgə məşqçilərin maarifləndirilməsi ilə məşğuluq.

– Premyer Liqa klublarından təklif gözləyirsinizmi?

1728486926 img 1143 - Futbolinfo.az

– Həmişə yüksək hədəflər uğrunda mübarizə aparan komandaları çalışdırmışam. Yenə də belə yerdə çalışmaq istəyərəm. Mən elitaya çıxıb orada qalmaq uğrunda yarışan komandanı orada saxlamağı uğur saymıram. Vaxtilə “Sabah” I Liqada oynayanda onun təklifini qəbul etdim. Çoxları məni hədəflərimi kiçiltdiyimə görə qınadılar. Amma mən layihəyə getdim. Mikayıl Cabbarovla görüşəndən sonra bu klubun hədəflərinin nə qədər böyük olduğunu gördüm.Çünki bilirdim ki, bu klubun gələcəyi var. İndi “Sabah”ın bu səviyyəyə yüksəlməsi məni sevindirir. “Neftçi” və “Sabah” mənə həmişə doğmadır.

– Santuş niyə sizi öz yanınınızda görmədi?

– Bizim ilk dəfə federasiyada ayaqüstü görüşümüz oldu. Mənə dedi ki, təzə gəlmişəm, sizin dövrünüzdəki oyunlara baxmışam, çox bəyənmişəm və bizim ətraflı söhbətimiz olacaq. Üstündən bir neçə gün keçdi, mənə dedilər ki, Santuş mənə köməkçi məşqçi gözü ilə baxmaq istəmir, deyir ki, daha yaxşı statusda işləməyə layiqsən. Mən də dedim ki, sağ olsun, mənə belə dəyər verdi.

– Roman Qriqorçuk gedəndən sonra “Neftçi”dən təklif gözləyirdiz?

118126237 1191908331192644 1230060247651113098 n - Futbolinfo.az

– “Neftçi” kimi klubda kim işləmək istəməz ki? Mənə dogma klubdur. Bildiyimə görə içəridə namizədliyimi verən olub, amma mənə heç bir rəsmi təklif gəlməyib. Amma yenə də Samir Abasov özümüzküdür, ona bu yolda uğurlar arzulayıram.

TAHİR MİRZƏ

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

media - Futbolinfo.az
Shares: