Formula 1-də 2026-cı ildə debüt edəcək “Audi” şirkətinin rəhbərliyi öz zavod komandasının səhmlərinin bir hissəsini Qətərin suveren fonduna satmaq niyyətindədir.
“Auto Motor und Sport” nəşrinin xəbərinə görə, bu barədə Qətərdə keçiriləcək qran-pri zamanı məlumat verilə bilər. Çox güman ki, Yaxın Şərq investorları komandanın səhmlərinin 50%-dən az hissəsini alacaq və “Audi” nəzarəti özündə saxlayacaq.
Britaniyanın “The Race” nəşrinin ekspertlərinin fikrincə, “Audi”nin Formula 1 proqramı üçün əlavə maliyyə mənbələrinə ehtiyacı var. Onların hesablamalarına görə, “Sauber” komandasının alınması “Audi”yə 600 milyon dollara başa gəlib. Yani motor istehsalına bir o qədər vəsait xərclənir.
Eyni zamanda, şirkətin daxil olduğu bütün VW Qrupu hazırda sıxıntı içindədir və alman konserni yüksək qiymətli elektrik krossoveri Q8 e-tronun istehsal edildiyi Brüsseldəki zavodun bağlanması da daxil olmaqla, xərclərin azaldılması siyasətini aparır. Belçikadakı zavodun bağlanması ilə üç mindən çox insan işsiz qala bilər.
Belə bir şəraitdə əlavə maliyyə mənbələrinin tapılması çox arzuolunandır. Qətər Dövlət İnvestisiya Fondu milli qran-prinin keçirilməsinə xeyli vəsait xərcləyir. Mərhələdə “Qatar Airways” titul sponsoru kimi çıxış edir. Bu səbəbdən də “Audi” ilə kommersiya ittifaqı kifayət qədər məntiqli addım kimi görünür.
Qeyd edək ki, bu təcrübə Formula 1 üçün artıq normaya çevrilir. Bu ilin mart ayından “McLaren Qrup”u tamamilə Bəhreyn dövlət fondu “Mumtalakat”a məxsusdur.