Misli Premyer Liqasının 13-cü turunda meydan sahibləri uduzmadılar. 5 görüşün ikisində ev sahibləri qələbə qazandıqları halda, digər matçlarda heç-heçə qeydə alındı. Tur ərzində ümumilikdə 15 qol vuruldu ki, bu da orta hesabla hər oyuna 3 qol deməkdir.
“Şamaxı”dan geridönüş
“Şamaxı”nı qəbul edən “Neftçİ” qarşılaşma start götürən kimi rəqibə “soyuq duş” yaşatdı. Qonaqlar meydandakı yerlərini tam tutmamış qapılarında qol gördülər. 1-ci dəqiqədə “ağ-qaralar”ın gənc futbolçusu Murad Məmmədov rəqibin müdafiə xəttini çaş-baş salaraq Dembo Darboya ötürmə verdi. O da öz növbəsində soyuqqanlı oynayaraq, topu “Şamaxı”nın qapısından keçirdi.
Cəmi 2 dəqiqə sonra Məmmədov özü fərqləndi. O, qonaqların cərimə meydançası daxilindən aşırma zərbə ilə baxımlı qola imza atdı. Murad bu oyundakı performansı ilə belə davam edəcəyi halda, “Neftçi”nin aparıcı üzvlərindən birinə çevriləcəyinin mesajını verdi.
Düşünmək olardı ki, 3 dəqiqəyə qapısından 2 top buraxan “Şamaxı” psixoloji cəhətdən tam sınacaq və özünə gələ bilməyəcək. Əvəzində “Neftçi”nin qolların ardını gətirəcəyi gözlənilirdi. Lakin tam əksi oldu. Ayxan Abbasovun yetirmələri oyundan qopmadılar və özlərində güc taparaq nəinki matçın sonunadək, hətta fasiləyə qədər hesabı bərabərləşdirdilər.
29-cu dəqiqədə qonaqlar baxımlı hücum qurdular və hücumun yekununda Brahim Konate dəqiq zərbə ilə hesab arasındakı fərqi minimuma endirdi. Hissənin sonuna dəqiqələr qalmış isə Leroy Mikels səhnəyə çıxdı və Emin Mahmudovun səhvindən sonra topu ələ keçirərək cərimə meydançasının xətti üzərindən fantastik zərbə ilə toru silkələdi.
4 qolun vurulduğu ilk hissə ilə müqayisədə ikinci yarıda qol olmadı. Tərəflərin cəhdlərinə baxmayaraq, hesab dəyişmədi və 3-cü dəqiqədə 0:2 hesabı ilə geridə olan “Şamaxı” paytaxt səfərindən vacib 1 xalla qayıtmağı bacardı. “Neftçi”də isə hələ vəziyyət düzəlmək bilmir. Samir Abasovun gəlişindən sonra komanda cari mövsümdə ilk qələbəsini qazansa da, onun ardını gətirmək mümkün hələlik mümkün olmur.
“Turan Tovuz”u tovuzlu büdrətdi
“Səbail” Şahin Diniyevin istefasından sonra ilk oyununu “Turan Tovuz”a qarşı keçirdi. “Dənizçilər”i bu görüşə müvəqqəti baş məşqçi təyin edilən, əslən tovuzlu Elvin Məmmədov çıxartmışdı. Hesab 6-cı dəqiqədəcə açıla bilərdi. Ancaq Suleyman Alluşun yaxın məsafədən başla zərbəsinə əla reaksiya göstərən “Turan Tovuz”un qapıçısı İvan Konovalov buna imkan vermədi.
Növbəti epizodda Rüfət Abdullazadənin zərbəsindən sonra top qapının üstündən keçdi. “Turan Tovuz”un cavab həmləsində isə Ayxan Quseynovun zərbəsini meydan sahiblərinin qapıçısı Hüseynəli Quliyev tutdu.
Daha istəkli görünən “Səbail” fasiləyədək hesabı aça bildi. 40-cı dəqiqədə Rüfət Abdullazadə uzaq məsafədən sol ayağı ilə gözəl qol vuraraq, hesabat turuna daha bir baxımlı qol əlavə etdi. Onun qüvvətli və qarşısıalınmaz zərbəsi qarşısında Konovalov aciz qaldı.
Qonaqlar az sonra hesabı bərabərləşdirmək imkanı qazandılar. “Səbail”in müdafiəçisi Mert Çelik topu uzaqlaşdırandan sonra rəqib futbolçu İsmayıl Zülfüqarlının ayağını tapdaladı və hakim buna görə meydan sahiblərinin qapısına penalti təyin etdi. Lakin topa yaxınlaşan Kristian da Silvanın qüvvətli zərbəsindən sonra top qapı tirinə dəydi. Düzdür, qayıdan topu Ayxan Quseynov başla qapıdan keçirdi. Ancaq VAR-ın müdaxiləsindən sonra Quseynovun başla zərbəsindən sonra topun da Silvaya dəyərək qapıdan keçdiyi əsas gətirilərək, qonaqların qolu ləğv olundu.
İkinci hissə tam olaraq “Turan Tovuz”un üstünlüyü şəraitində keçdi. Hesabda geridə olan tovuzlular məğlubiyyətdən xilas olmaq üçün böyük qüvvə ilə irəli atıldılar. Kurban Berdıyevin komandasının təzyiqi 86-cı dəqiqədə öz bəhrəsini verdi. Sol cinah müdafiəçisi Rüfət Əhmədovun ötürməsindən sonra hücuma qoşulmuş sağ cinah müdafiəçisi Faiq Hacıyev əla baş zərbəsi ilə status-kvonu bərpa etdi.
“Turan Tovuz” son dəqiqələrdə qələbə qolunu vurmaq üçün irəli atılsa da, bu istəkləri həyata keçmədi. Beləliklə, turnir cədvəlinin ön sıralarında qərarlaşan Qərb təmsilçisi Bakıda 2 vacib xal itirdi.
Letiçin səhvləri, “Sabah”ın qələbə həsrəti
Son oyunlarda qələbə üzünə həsrət qalan “Sabah”ın uğursuz seriyaya “Kəpəz”lə matçda son qoyacağı gözlənilirdi. Ancaq “bayquşlar” bunun öhdəsindən gələ bilmədilər. 4-cü dəqiqədə “Sabah”ın futbolçusu Boyan Letiç ötürmə zamanı səhvə yol verdi və bundan istifadə edən Orxan Əliyev topu rəqib qapıçının ayaqları arasından qapıya göndərərək, “Kəpəz”i hesabda önə keçirdi.
Əliyev 32-ci dəqiqədə yenidən səhnəyə çıxdı, ancaq bu dəfə avtoqol müəllifi oldu. Belə ki, Yeqor Xvalkonun uzaqlaşdırmaq istədiyi top Orxanın ayağına dəyərək “Kəpəz”in qapısından keçdi. Bunadək bir neçə epizodda komandasını qoldan xilas edən Rojerio Santos avtoqola mane ola bilmədi.
İkinci hissəyə “Sabah” daha istəkli başladı. Ev sahiblərinin həmlələri 73-cü dəqiqədə bəhrəsini verdi. Kahim Parris cərimə meydançası həndəvərindən sol ayağı ilə uzaq küncü dəqiq nişan aldı. Ancaq bu qol qonaqları ruhdan salmadı. “Kəpəz” məğlubiyyətdən xilas olmaq üçün irəli atıldı. Epizodların birində Banın başla zərbəsinin qarşısını Yusif İmanov kəsdi. “Sabah”ın cavab hücumunda isə Şafranko boş qapını dəqiq nişan ala bilmədi.
Oyunda yekun hesabı müəyyənləşdirən qola 89-cu dəqiqədə Nicat Süleymanov imza atdı. O, Ehtiram Şahverdiyevin ötürməsindən sonra topu başla qapıdan keçirdi – 2:2. Bu epizodda Letiç Nicatın önünü kəsməkdə aciz qaldı. “Sabah”ın “7 nömrəsi” buraxılan hər iki qolda səhvə yol verərək, oyunun ən zəiflərindən oldu. Beləliklə, “bayquşlar”ın qələbə həsrəti yenə bitmədi.
“Araz-Naxçıvan”a 1 qol bəs edir
Son vaxtlar qələbələri tək qolla əldə edən “Araz-Naxçıvan” bu görüşdə də ənənəsinə sadiq qaldı. “Sumqayıt”ı qəbul edən Naxçıvan təmsilçisi oyun baxımından rəqibi üzərində aşkar üstünlük qura bilmədi. Bərabər səviyyədə keçən matçda gah meydan sahibləri, gah qonaqlar qol epizodu yaradırdılar. Ancaq fasiləyədək tərəflərdən heç biri hücumları məntiqi sonluğa çatdıra bilmədi.
Matçın gedişatı onu göstərirdi ki, bu görüşün taleyini bir qol həll edəcək. Ehtimallar özünü doğrultdu. 87-ci dəqiqədə Ramon Maçadonun zərbəsini “Sumqayıt”ın qapıçısı Mehdi Cənnətov dəf etsə də, özünü yetirən Ülvi İsgəndərov təkrar zərbə ilə toru silkələdi. Bu, “Araz-Naxçıvan”ın cari mövsümdə 9-cu qələbəsi oldu.
“Qarabağ”dan 4 qol, Cəfərquliyevdən 2 assist
Avropa Liqasının Liqa mərhələsində ilk qələbəsini “Bodo Qlimt”lə oyunda qazanan (2:1) “Qarabağ” ölkə çempionatının 13-cü turunun bağlanış matçında “Zirə”ni qəbul etdi. Təbii ki, favorit Ağdam klubu idi. Ancaq “Zirə”nin rəqibinə qarşı əzmkar oyun göstərəcəyi ehtimal olunurdu. Lakin qarşılaşma “Qarabağ”ın asan qələbəsi ilə nəticələndi.
Artıq 2-ci dəqiqədə hesab açıldı. Benzianın kornerdən ötürdüyü topu Mateus Silva başla qapıdan keçirdi. İlk hissədə başqa qol olmadı.
İkinci yarının əvvəlində meydan sahibləri penalti vurmaq hüququ qazandılar. Hakim Pyer Zeblinin Musa Qurbanlıya qarşı kobud oynadığını əsas gətirərək, 11 metrlik nöqtəni göstərdi. Topa yaxınlaşan Benzia isə “Zirə”nin qapıçısı Aydın Bayramovla dueldən qalib ayrıldı.
Bir qədər sonra hesab arasındakı fərq 3-ə çatdı. Elvin Cəfərquliyevin hava ötürməsini Bəhlul Mustafazadə dəqiq baş zərbəsi ilə qola çevirdi. Oyunda son nöqtəni isə Aleksey Kaşuk qoydu. Bu qolda da Elvin mühüm rol oynadı. Məhz onun növbəti məhsuldar ötürməsini Kaşuk sol ayağı ilə qol çevirdi.
Beləliklə, “Qarabağ” “Zirə” üzərində rahat qələbə qazanaraq liderliyini davam etdirdi.