AFFA Hakimlər Komitəsinin sədri Frank de Bleker Misli Premyer Liqasının 13-cü turunda keçirilən “Səbail” – “Turan Tovuz” oyununda mübahisəli epizodlara şərh verib.

Futbolinfo.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, mütəxəssis qarşılaşmanın 42-ci dəqiqəsindəki penalti epizodunu dəyərləndirib. O, penalti qərarının doğru olduğunu düşünür: “Səbail” komandasının 20 nömrəli oyunçusu (Mert Çelik) topu cərimə meydançasından uzaqlaşdırır. O, yerə enərkən “Turan Tovuz”un 7 nömrəli oyunçusunun (İsmayıl Zülfüqarlı) ayağını tapdalayır və Zülfüqarlı yerə yıxılır. Hakim penalti təyin edir. “Səbail”in müdafiəçisi rəqibin ayağına qəsdən təmas etməsə də, hakimin bu qayda pozuntusunu penalti ilə cəzalandırması doğrudur”.

De Bleker penalti zərbəsindən sonra qolun ləğv olunmasına da aydınlıq gətirib: “Turan Tovuz”un 9 nömrəli oyunçusu (Kristian da Silva) penalti zərbəsini yerinə yetirir və topu dirəyə vurur. Top meydana qayıdır və “Turan Tovuz”un 11 nömrəli oyunçusu (Ayxan Quseynov) topu birbaşa qapıya vurur. Hakim bu qolu təsdiqləyir və VAR penalti zərbəsini yoxlayır. VAR görür ki, 11 nömrəli oyunçu zərbə zamanı təyin olunmuş məsafəyə riayət etmir (qayda pozuntusu) və mövqeyindən üstünlük qazanaraq müdaxilə edir. Oyun Qaydalarına 2024-cü ildə edilmiş dəyişikliklərə əsasən, qol ləğv edilməli və oyun sərbəst zərbə ilə bərpa olunmalıdır. Hakimin və VAR-ın yekun qərarı doğrudur”.

Qeyd edək ki, oyun 1:1 hesabı ilə yekunlaşıb.

Shares: