“Maraqlı oyun keçdi. Əlimizə düşən fürsətlərdən yararlanaraq, qalib gəldik. Çalışdıq ki, maksimum dərəcədə səhvsiz çıxış edək”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Qarabağ” – “Zirə” (4:0) oyunundan sonra ağdamlıların futbolçusu Bəhlul Mustafazadə deyib.

Müdafiəçi oyuna kapitan sarğısı ilə çıxmasına da münasibət bildirib: “Artıq ikinci oyundur ki, matça kapitan sarğısı ilə başlayıram. Baş məşqçimizin qərarıdır. Bundan sonra da necə məsləhət bilərsə, elə də olacaq. Əsas odur ki, qələbə qazanaraq, istəyimizə nail olduq. Bu qələbədə pay sahibi olduğum üçün xoşbəxtəm. Növbəti qarşılaşmalarda “Zirə”yə uğurlar arzulayıram”.

O, Avropa Liqasında ötənilki nəticələrini daha da yaxşılaşdıracaqlarına ümid etdiyini söyləyib: “Bir neçə gün öncə Avropa Liqasında “Bodo Qlimt”ə qalib gələrək, çox əhəmiyyətli nəticə qazandıq. Ardıcıl 3 məğlubiyyətdən sonra çox yaxşı komandaya qalib gəldik. Mən həmin oyunda iştirak etməsəm də, əsas olan nəticədir. Təkrar azarkeşlərimizin güvənini bərpa etdiyimiz üçün sevinirəm. Ümid edirəm ki, ötənilki nəticəmizi daha da yaxşılaşdıraraq, irəli gedərik. Çünki bunun üçün yetəri qədər təcrübəmiz var”.

Mustafazadə Millətlər Liqasında Estoniya və İsveçə qarşı keçirəcəkləri oyunlara da toxunub: “Artıq milli fasiləsinə ayrılırıq. Sonuncu dəfə zədə səbəbindən heyətdən çıxmalı olmuşdum. Ümid edirəm bu dəfə hər şey fərqli olar. Qarşıda bizi Estoniya və İsveçlə ağır oyunlar gözləyir. Hədəfimiz qələbə qazanaraq, sonuncu pillədən çıxmaqdır. Bunun üçün nə lazımdırsa, etməyə çalışacağıq”.

GÜNAY SÜLEYMANOVA

Shares: