“Sabah” klubunun kapitanı Elvin Camalovun futbolinfo.az saytına müsahibəsi
– Misli Premyer Liqasının XIII turunda “Kəpəz”lə oyundan qələbə ilə ayrılmağınıza nə mane oldu?
– Bu cür oyundan sonra danışmaq çətindir. Artıq neçənci dəfədir ki, rəqibdən üstün oyun sərgiləsək də, sonda qələbəni əldən veririk. Komanda olaraq yaxşı təsir bağışladıq, qol fürsətlərimiz oldu. İlk dəqiqlərdə hesabda geri düşsək də, sonradan üstünlüyü həm oyunda, həm də hesabda ələ ala bildik. Təəssüf ki, yenə son dəqiqələrdə buraxdığımız qol qələbəmizə mane oldu. Yeri gəlmişkən, bizə sonadək dəstək olan azarkeşlərimizə təşəkkür edirəm. Onların dəstəyini daim hiss edirik. İnanıram ki, növbəti oyunlarda bizə olan inamlarını doğruldaraq, onları qələbələrlə sevindirəcəyik.
– Baş hakim Əliyar Ağayev və köməkçilərinin idarəçiliyindən razı qaldınız?
– Ümumiyyətlə, komandamızın əleyhinə çox ciddi qərar verilmədiyi müddətcə hakimlik barədə danışmağı, hansısa xal itkisini onlarla bağlamağı xoşlamıram. Bizim kimi, hakimlər də meydanda öz işlərini görürlər.
– “Sabah” çempionatda son oyunlarda qələbə qazana bilmir. Bunun xüsusi bir səbəbi varmı? Uğursuz seriyanı nə ilə əlaqələndirərdiniz?
– Son oyunlarda qələbə qazana bilməməyimiz komandamızın hər bir üzvünü narahat edir. Bunun qarşısını almaq üçün əlimizdən gələni edirik. Bayaq da dediyim kimi, son 6 oyunun, demək olar, heç birində rəqiblərdən geri qalmamışıq, əksinə, üstün tərəf olmuşuq. Təəssüf ki, bəzən əlindən gələni etsən də, meydanda üstün tərəf olsan da, qələbəyə nail ola bilmirsən. İnanıram ki, tezliklə bu vəziyyəti düzəldəcəyik.
– Belə bir məqamda millinin oyunları ilə əlaqədar çempionatda fasilənin yaranması lehinizə işləyə bilərmi? Fasilə müddətində komanda toparlanmağı bacaracaq?
– Fasilə hamı üçündür. Bizim kimi, rəqiblərimiz də bu fasilədən çatışmazlıqlarını həll etmək üçün istifadə edəcəklər. Fasilədən sonra bunun hər komandaya necə yaradığını görəcəyik. Əlbəttə, biz də əlimizdən gələni edəcəyik ki, bu fasilədə çatışmazlıqlarımızı tam aradan qaldıraq.
– Fasilədən sonra ilk oyununuz cari mövsümə yaxşı başlayan “Turan Tovuz”a qarşı olacaq. Tovuz səfərindən istədiyiniz nəticə ilə ayrılmaq çətin olmayacaq?
– Çempionatda asan oyun olmur. İstənilən matçın öz çətinliyi var. Son oyunlarda bunun şahidi oluruq. “Turan Tovuz” bu mövsüm liderlər qrupunda qərarlaşıb. Bu komanda ilə istənilən qarşılaşma, xüsusilə Tovuzdakı matçlar çətin keçir. Orada azarkeşlər əsl futbol atmosferi yaradırlar. İnanıram ki, komandamız çətin səfər görüşündən yaxşı nəticə ilə qayıtmağı bacaracaq.
– Milliyə dəvət almamağınızı necə qarşıladınız? Qarşıdakı oyunlarda yığmadan hansı nəticəni gözləyirsiniz?
– Normal qarşıladım. Bir müddət idi ki, zədə səbəbindən komandama kömək edə bilmirdim. Müəyyən fasilədən sonra ilk dəfə “Kəpəz”lə oyunda şans qazandım. Millinin heyətini baş məşqçi müəyyənləşdirir. Onun qərarlarına hörmətlə yanaşıram. Yığma komandamıza qarşıdakı matçlarda uğurlar arzu edirəm. İnanıram ki, millimiz bu görüşlərdə müsbət nəticə üçün meydanda sonadək mübarizə aparacaq. Yığmamızın azarkeşləri müsbət nəticə ilə sevindirəcəyinə ümidliyəm.
FƏRİD