“Kəpəz” klubunun braziliyalı hücumçusu Luis Paçunun futbolinfo.az saytına müsahibəsi

– Söhbətə Misli Premyer Liqasının 13-cü turunda “Sabah”la heç-heçə (2:2) etdiyiniz oyundan başlayaq. Səfər görüşündə qazanılan 1 xalı komandanız üçün uğurlu nəticə hesab edirsiniz?

– Çox ağır oyun idi. “Sabah” çempionatın ən yaxşı komandalarından biridir. Onlara qarşı səfərdə oynamaq həmişə çətin olur. Turnir cədvəlindəki vəziyyətimiz elədir ki, hər matça ancaq qələbə üçün çıxmalıyıq. Bu görüşdə də məqsədimiz 3 xal qazanmaq idi. Alınmadı. Bununla belə, evə 1 xalla qayıtmaq da pis nəticə deyil.

– Milli komandanın oyunları ilə əlaqədar çempionatda fasilə yarandı. Bu fasilə “Kəpəz”ə necə təsir edəcək?

– Fikrimcə, fasilənin bizə xeyri dəyəcək. Hələ də təkmilləşdirməli olduğumuz məqamların üzərində işləmək baxımından yaxşı fürsət qazanmışıq. Əslində, oyundan-oyuna güclənirik, amma daha da inkişaf etmək istəyirik. Bu baxımdan fasilə lehimizə olacaq.

– “Kəpəz”in baş məşqçisi Azər Bağırovla münasibətiniz necədir? Onunla birgə çalışmaq sizin üçün rahatdır?

– O, biz çox kömək edir. Bütün futbolçulara rahatlıq verdi, özgüvən hissi aşıladı. Çətin günlərdə komandadaxili atmosferi dəyişməyi bacardı.

– Ötən mövsümü “Turan Tovuz”da keçirmişdiniz, hazırda isə “Kəpəz”in formasını geyinirsiniz. Bu komandalar arasında nə kimi fərqlər var?

– Hər ikisi Azərbaycan çempionatında ənənəsi olan komandadır. “Turan Tovuz”da oynamaqdan həzz aldığım kimi, “Kəpəz”də də özümü xoşbəxt hiss edirəm, öz oyunumla komandaya kömək etmək istəyirəm.

– Gəncəli azarkeşlərin istəyi və tələbi budur ki, “Kəpəz” Premyer Liqanı tərk etməsin. Bunun öhdəsindən gələ biləcəksiniz?

– “Kəpəz”in liqada qalmaq üçün lazımi heyəti və gücü var. İnanıram ki, bu tapşırığın öhdəsindən gələ biləcəyik. Bunun üçün dayanmadan üzərimizdə çalışmalı, işimizə ciddi yanaşmalıyıq. Premyer Liqada qalmağın sirri bundadır.

– Fasilədən sonra çempionatdakı ilk oyununuz “Araz-Naxçıvan”a qarşı olacaq. Rəqibiniz cari mövsümü ən yaxşı keçirən komandalardan biridir. Onlarla görüşdə hansı nəticəyə ümid edirsiniz?

– Qələbəyə ümid edirik. Dediyim kimi, turnir cədvəlində sonuncu pillədəyik. Bu isə o deməkdir ki, vəziyyətimizi düzəltmək üçün xallara ehtiyacımız var. Qalib gəlmək üçün nə lazımdırsa, edəcəyik.

– “Kəpəz” Azərbaycan Kubokunda da çıxışını davam etdirir. Ölkə kubokunun 1/8 final mərhələsi çərçivəsində dekabrın 4-də I Liqa təmsilçisi “İmişli” ilə qarşılaşacaqsınız. Bu görüşdə rahat qələbə qazana biləcəksiniz? Azərbaycan Kubokunda nə qədər irəliləmək gücündə olduğunuzu düşünürsünüz?

– Çempionat oyunları kimi, kubok matçları da bizim üçün önəmlidir. Sadəcə, yanaşmamız belədir ki, ancaq qarşıdakı görüş haqda düşünürük. Yəni bizi hazırkı məqamda “Araz-Naxçıvan”la qarşılaşma maraqlandırır. Vaxtı çatanda “İmişli” ilə kubok oyununa konsentrasiya olacağıq.

ABBAS

Shares: