“Əsas rəqibimizin Estoniya olduğunu düşünürəm. Məncə, mütləq bu komandanı məğlub etməliyik. Çünki buna qadirik və bunu bacara biləcək gücümüz var”. Bu sözləri futbolinfo.az saytına millimizin C Divizionunda Estoniya və İsveç yığmalarına qarşı keçirəcəyi oyunlara haqda danışarkən Ceyhun Sultanov deyib.

Mütəxəssis Estoniyanın həm çempionat, həm də futbolçu keyfiyyətinə görə bizdən zəif olduğunu bildirib: “İsveçlə oyun isə bizim üçün bir az çətin olacaq. Çünki onlar qrupdan lider kimi çıxmaq istəyəcəklər. Hazırda ən real və maksimum 3 xal götürmə ehtimalımız var. O da Estoniya ilə oyunda baş tuta bilər. Yığmamızın bunu edəcəyinə inanıram. Artıq itiriləcək bir şey yoxdur. Rahat şəkildə çıxıb, futbol oynamaq lazımdır. Əgər bilsəydik ki, stress altında oynayırlar, hardasa başa düşmək olardı. Düzdür, qrupdan çıxma şansımız yoxdur və aşağı düşmə ehtimalımız böyükdür. Buna baxmayaraq, Estoniya həm çempionat, həm də futbolçu keyfiyyətinə görə bizdən zəifdir. Qalır meydançada mübarizə apararaq, düzgün futbol oynamaq. Qarşıdakı oyunlarda milli komandamıza uğurlar arzulayıram”.

Qeyd edək ki, millimiz noyabrın 16-da Qəbələdə Estoniya seçməsini qəbul edəcək. Yığmamız daha sonra noyabrın 19-da İsveç yığmasının qonağı olacaq.

GÜNAY SÜLEYMANOVA

Shares: