“Qarşıdan gələn hər iki oyunda milli komandamıza uğurlar arzulayıram. İnanıram ki, Qəbələdəki matçda yığmamız yaxşı nəticə əldə edərək, qalib gələcək. Buna güvənim sonsuzdur”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında UEFA Millətlər Liqası çərçivəsində keçiriləcək oyunlar haqda danışarkən Yunis Hüseynov söyləyib.

Hüseynov İsveç millisi ilə qarşılaşmanın daha çətin olacağını bildirib: “Səfər oyunu isə bir az çətin olacaq. Lakin yaxşı futbol nümayiş etdirmək mümkündür. Bəzi futbolçular komandaya yeni dəvət alıb, həvəslidilər. Futbolçular nə qədər istəkli olub, ən yaxşı oyunlarını göstərsələr, bir o qədər bizə xeyirdir. Ümid edirəm ki, belə də olar. Yəqin ki, baş məşqçi rəqibləri analiz edərək, hansı taktika ilə oynamaq lazım olduğunu təyin edib. Məncə, əsas futbolçularda özünəinamın çox böyük olmasıdır. Meydançaya çıxırsansa, hər bir komandaya qalib gəlməyin mümkün olduğunu düşünməlisən”.

Qeyd edək ki, noyabrın 16-da Qəbələdə Estoniya seçməsini qəbul edəcək Azərbaycan millisi bundan 3 gün sonra Solna şəhərində İsveç yığmasının qonağı olacaq.

GÜNAY SÜLEYMANOVA

Shares: