UEFA Millətlər Liqasının son iki turunda Estoniya və İsveçlə keçiriləcək oyunlar Azərbaycan millisinin bəzi futbolçuları üçün əlamətdar ola bilər.
Futbolinfo.az saytının məlumatına görə, konkret olaraq 4 oyunçu qarşıdakı matçlarda yubileyini qeyd etməyə hazırlaşır.
Müdafiəçi Anton Krivotsyuk iki görüşdən birində meydana çıxacağı təqdirdə, bu, onun milli forma altında 40-cı oyunu olacaq. 26 yaşlı futbolçu 2019-cu ildən bəri iştirak etdiyi 39 qarşılaşmada 1 qol vurub.
Ön xətt oyunçuları Musa Qurbanlı 15-ci, Ozan Can Kökçü isə 10-cu oyununu keçirməyə yaxındır. Bunun üçün hər ikisinə cəmi bir matçda meydana çıxmaq kifayət edəcək. Ceyhun Nuriyev isə 10-cu matçını qeyd etmək üçün həm Estoniya, həm də İsveçlə görüşdə iştirak etməlidir.
Qeyd edək ki, noyabrın 16-da Estoniyanı Qəbələdə qəbul edəcək Azərbaycan millisi üç gün sonra Solnada İsveçin qonağı olacaq.