Bədavi Hüseynov Azərbaycan millisinin heyətində ən çox oyun keçirən futbolçuların siyahısında ilk “5-liy”ə daxil ola bilər.

Futbolinfo.az saytının məlumatına görə, bunun üçün “Qarabağ”ın müdafiəçisinə 2 matçda meydana çıxmaq kifayət edəcək.

Millimiz UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində son oyunlarını Estoniya və İsveçə qarşı keçirəcək. Hüseynov hər iki qarşılaşmanın iştirakçısı olsa, yığmamızın heyətində oyun sayını 77-yə yüksəldəcək. Bununla o, Tərlan Əhmədov və Mahir Şükürovu geridə qoyacaq, 5-ci pillədəki Qara Qarayevə isə çatacaq. Bədavi Hüseynovun bu ana qədər aktivində 75 oyun var.

Millimizin heyətində ən çox oyun keçirən 10 futbolçu:

1. Rəşad Sadıqov – 111 oyun

2. Maksim Medvedev – 81

3. Aslan Kərimov – 80

4. Kamran Ağayev – 79

5. Qara Qarayev – 77

6. Mahir Şükürov – 76

7-8. Tərlan Əhmədov – 75

7-8. Bədavi Hüseynov – 75

9. Qurban Qurbanov – 68

10. Ramil Şeydayev – 67

Qeyd edək ki, noyabrın 16-da Estoniyanı Qəbələdə qəbul edəcək Azərbaycan millisi üç gün sonra Solnada İsveçin qonağı olacaq.

Shares: