“Sabah”ın braziliyalı müdafiəçisi İqor Noqeyranın futbolinfo.az saytına müsahibəsi
– Misli Premyer Liqasının 13-cü turunda “Kəpəz”lə (2:2) matçda da qələbə qazana bilmədiniz…
– “Kəpəz”lə oyunda rəqibdən üstün idik. Qol şanslarımızdan yetərincə istifadə edə bilmədik. Matça qələbə üçün çıxmışdıq. Sırf oyun baxımından yanaşsaq, qalib gəlməli olduğumuz oyun idi.
– Son turlarda komanda heç də yaxşı çıxış etmir, nəticələr ürəkaçan deyil. Bunun səbəbi nədir?
– Yaxşı oynamadığmızla bağlı razı deyiləm. Sadəcə, qalib gələ bilmirik. Əlbəttə, futbolda nəticə əsasdır. Buna görə qalib gəlməyəndə avtomatik olaraq əksəriyyət oyunun da yaxşı olmadığını düşünür. Amma bununla razı deyiləm. Oyun var, sadəcə, nəticə istədiyimiz kimi olmadı. Səhvləri aradan qaldırmaq üçün çalışmalıyıq. Bunun üçün də işləyirik. İnanıram ki, tezliklə bu, nəticələrdə də özünü göstərəcək.
– Hazırkı durumu dəyişmək üçün nə etməlisiniz?
– Vəziyyəti düzəltmək üçün üzərimizdə daha çox çalışmalı, səhvləri aradan qaldırmalı və özümüzü təkmilləşdirməliyik. Komanda olaraq da bunun üzərində işləyirik.
– Hücum xəttində problem olduğu ilə razılaşırsız?
– Qələbə qazanılmayanda səbəb axtarılır. Bu cür fikirlərin olması normaldır. Amma mən qələbə qazana bilməməyimizi sırf bir mövqe ilə bağlamazdım. Qalib gələ bilməmişiksə, bunda hamının səhvi var.
– Qarşıda ağır “Turan Tovuz” səfəri var. Xalla qayıda biləcəksiz?
– Rəqibin kimliyindən asılı olmayaraq, növbəti oyun həmişə ən çətin olandır. Ümumiyyətlə, çempionatda asan oyun yoxdur. Biz hər matçımıza qalib gəlmək üçün çıxırıq. Bu oyun da istisna olmayacaq. Əsas olan meydana çıxıb, var qüvvəmizlə öz oyunumuzu sərgiləməkdir. Bundan sonra nəticə də olacaq.
ABBAS