Basketbol üzrə Avroliqa turnirində 7 oyun keçirilib. Ardıcıl məğlubiyyətlərdən sonra Madrid “Real”ı nəhayət ki, qələbə qazanıb. İspanlar evdə İtaliyanın “Virtus” komandasını məğlubiyyətə uğradıblar – 98:86.
Türkiyə komandalarının oyunları maraqlı alınıb. Çempionatın lideri “Bayern” İstanbulda “Fənərbaxça” ilə qarşılaşmada oyuna möhtəşəm başlayıb. Lakin 15 xal öndə olan qonaqlar rəqibin həmləsinə tab gətirə bilməyiblər. Xüsusilə də 3-cü periodda Naycel Eys-Deyvisin 18 xalı dönüşün reallaşmasına (87:76) səbəb olub.
İstanbulun digər komandası “Anadolu Efes” səfərdə qələbə qazanıb. “Baskoniya” ilə qarşılaşmada Türkiyə təmsilçisi çətinliklə də olsa, qalib gəlməyi bacarıb – 89:84.
Son çempion “Panatinaikos” evdə “Makkabi”dən üstün olub – 93:87. “Olimpiakos” ASVEL-i 94:92, “Alba” isə “Olimpiya”nı 105:101 məğlub edib.