Azərbaycan Premyer Liqa klubları mövsümdə 4 dəfə bir-biri ilə qarşılaşmağa məcbur olduğu kimi, millimiz də hər tsikldə Estoniya yığmasına qarşı oynamaq öhdəliyini sanki öz üzərinə götürüb. Avropa çempionatının seçmə mərhələsindən sonra millimiz bu dəfə Baltikyanı ölkənin komandası ilə Millətlər Liqasında oynayır.

Daha doğrusu, ilk oyun geridə qalıb və Fernandu Santuşun komandası Tallindən boynubükük vəziyyətdə qayıdıb. Halbuki, Canni de Byazinin başçılığı altında estonları doğma azarkeşləri önündə 2:0 hesabı ilə məğlub etmişdik. Amma hazırkı komanda uduzmaq bir kənara, qapısında 3 top görür. Ötən ayın 11-də qarşılaşdığımız rəqibin cavabını vermək üçün Qəbələdə bütün qüvvəmizi səfərbər etməliyik.

Millinin qələbə qazanmaq üçün motivasiyası var. Doğrudur, bu qələbə bizə sadəcə, reytinqdə 1-2 pillə irəliləmək şansı qazandıra bilər. Amma həm də daha aşağı liqaya düşməmək üçün azı 2 top fərqi ilə qələbə vacibdir.

İstənilən halda, bu oyuna ciddi hazırlaşmaq və qələbə qazanmaq həvəsini qoruyub saxlamalıyıq. Amma bizim ötən ay təhlil etdiyimiz Estoniya millisininə yenidən  “lupa” ilə nəzər salmaq motivasiyamız nə dərəcədə yüksək ola bilər ki? Bir ay ərzində bu komandada nə dəyişəcək ki? Sadəcə, həmin oyunun işığında rəqibi yenidən saf-cürük edə bilərik.

Tallində bizə qarşı meydanda olan ilk “11-liy”ə nəzər salsaq, heyətdə ciddi dəyişikliyin olmadığını görərik. Sadəcə, Buxarest “Rapid”inin yarımmüdafiəçisi Mattias Kayt bu dəfə zədə səbəbindən düşərgəyə dəvət olunmayıb. Heyət açıqlanandan sonra Estoniya millisinin baş məşqçisi Yürgen Henn daha bir dəyişiklik etmək məcburiyyətində qalıb. Belə ki, eyni səbəbdən Polşanın “Katovitse” komandasının arxa xətt oyunçusu Myarten Kuusk heyətdən çıxarılıb. Onu “Flora”nın müdafiəçisi Ekro-Yonne Tıuqyas əvəzləyib. Kaytdan fərqli, Kuusk bizə qarşı ilk oyunu ehtiyat oyunçular skamyasından izləmişdi.

Böyük ehtimalla, estonlar bizə qarşı ilk oyunda hansı heyətlə meydana çıxmışdılarsa, aşağı-yuxarı yenə də eyni “11-lik”lə mübarizə aparacaq. Qapıda “Arsenal”dan “Valyadolid”ə icarəyə verilən Karol Yakob Heyn qərarlaşacaq. La Liqada komandasının bütün oyunlarında meydana çıxan 22 yaşlı qapıçı 25 top buraxıb ki, bu da hazırda İspaniya çempionatında ən pis göstəricidir. Amma bizimlə oyundan sonra “Valyadolid”də 4 oyuna çıxan Heyn ardıcıl 2 matçın hərəsində 2, növbəti 2 görüşün hərəsində isə 1 top buraxıb. 4 oyuna 6 qol heç də autsayder komandanın qapıçısı üçün pis göstərici deyil.  Amma bizim dərdimiz Estoniyanın qapıçısı deyil axı…

Əsas problem bu komandanın müdafiə “4-lüy”ünə çətin anlar yaşatmaqdır ki, Tallindəki matçda biz bunu qismən bacardıq. Niyə qismən, çünki səfərdəki matçda onların qapısı qarşısında təhlükəli vəziyyətlər yaradırdıq. Amma yeganə qolumuzu penaltidən vurmuşuqsa, deməli, öz işimizin öhdəsindən gələ bilməmişik. Etiraf etmək lazımdır ki, estonların mərkəz müdafiəçiləri Karol Metslə Yoonas Tamm yüksək səviyyəli futbolçulardır. Mets Bundesliqada çıxış edən “Sankt-Pauli”nin əsas heyət üzvlərindən biridir. Onun komandası bu mövsüm 10 oyuna 12 top buraxıb ki, burada Karolun da böyük rolu var.

Bolqarıstanın “Botev” klubunda çıxış edən Yoonas Tamm da pis müdafiəçi deyil. Cinah müdafiəçilərinin isə parlaq çıxış etdiyini söyləmək olmaz. Hər halda, biz hücum qurarkən onların qərarlaşdıqları mövqelərdən sıza bilirdik. Qapımızda gördüyümüz 3 topdan yalnız 1-də onların qərarlaşdığı cinahdan zərbə yedik. Amma oyunçuların qiymətləndirilməsində Maksim Paskotsi ilə Mixail Şenninq-Larsen yüksək bal alıb. Maraqlıdır ki, bu iki oyunçu mərkəz müdafiəçiləridən daha yaxşı qiymətə layiq görülüb. Deməli, biz onları səhvə məcbur edə bilməmişik. Qəbələdə ya onları daha da təzyiq altında saxlamalı, ya da ki hücumlarımızı daha zəif nöqtələrindən qurmalıyıq.

Dayaq yarımmüdafiəçiləri “Levadiya”lı Mixkel Aynsalu ilə Niderlandın “Dordext” klubundan Rokko Robert Şeyn Estoniya millisinin bizə qarşı ən etibarlı “bunker”i oldu. Qətiyyən onların arxasından sıza bilmədik. Çox vaxt bu iki oyunçu hücumumuzu ilk fazada boğmağı bacardı. Hətta bu azmış kimi Şeyn 2-ci, Aynsalu isə 3-cü qolun ötürmə müəllifi oldu. Hətta Şeyn komandasının 3-cü qolunu da vurdu. Yəqin ki, Santuş bundan nəticə çıxartmağı bacarıb və onu da öyrəndi ki, dayaq yarımmüdafiəçiləri necə oynamalıdır.

Təbii ki, Santuşun məşqçilik stajı qədər haradasa Estoniya yığmasının məşqçisi Yürgen Hennin yaşı var. Santuşa nəyisə göstərmək ayıb olar. Amma onlara yenə də əl-qol açmağa imkan versək, bu dəfə də xal üzünə həsrət qala bilərik.

Estonların cinah hücumçularına gəlincə, sağda qərarlaşan “Levadiya”lı Yoan Yakovlevə xüsusi diqqət ayırmaq lazımdır. Bu futbolçu meydanda olduğu 68 dəqiqə boyunca bizim sol cinahımızı təhlükə altında saxladı, üstəlik, qol da vurdu. Hətta onu əvəzləyən “Qəbələ”dən tanıdığımız Sergey Zenyov belə o effekti vermədi. Zenyovun bu dəfə meydana çıxıb-çıxmayacağını söyləyə bilmərik, amma o, Qəbələki stadionunun hər qarışına bələddir. Amma çətin ki, 35 yaşlı futbolçu 90 dəqiqə oynamaq imkanı qazansın. Sadəcə, Heyn onu məhsuldar hücumçusunun olmamasına görə start heyətində meydana buraxa bilər.  Çünki ilk oyunda Honkonqun “Li Man” komandasının forvardı Henri Ayner ümidləri doğrultmadı. Hətta iş o həddə çatdı ki, Heyn bizə qarşı dayaq yarımmüdafiəçisi mövqeyində çıxış Aynsalunu İsveçlə matçda sürpriz şəkildə irəlidə oynatdı. Sol cinahda isə Çexiyanın “Slovaçko” komandasının üzvü Vlasi Sinyavskiyə də diqqət ayrımaq lazımdır.

Məlum məsələdir ki, bizimlə oyunda estonlar yenə də müdafiədən oynayacaq və Tallindəki matçda olduğu kimi uzun ötürmələrdən istifadə edəcəklər. Onlarla səfər matçında qapımıza vurulan 1-ci və 2-ci qol məhz bu uzun ötürmələri sayəsəndə reallaşdı. Santuş buna çarə tapmalıdır. Onlar bizə ya belə, ya da standart vəziyyətlərdən qol vura bilər. Yenə də eyni səhvləri təkrarlasaq, qrupu sonuncu pillədə bitərəcəyik. Qol vurmaq üçün daha aqressiv oynamalıyıq. Çünki hücum qurmaq problemimiz olmayacaq. Düzdür, Mahir Emreli və Renat Dadaşov qarşıdakı matçı buraxacaq, amma onları əvəz edənlər vəzifənin öhdəsindən gəlməlidir.

Estoniya ilə indiyəqədərki oyunlarımız:

1. 15.02.1996. Larnaka. Yoldaşlıq oyunu. Estoniya – Azərbaycan 0:0

2. 01.03.1997. Larnaka. Yoldaşlıq oyunu. Estoniya – Azərbaycan 2:0

3. 04.06.1997. Vilyandi. Yoldaşlıq oyunu. Estoniya – Azərbaycan 1:0

4. 16.05.1998. Vilyandi. Beynəlxalq turnir. Estoniya – Azərbaycan 0:0

5. 28.11.1998. Gəncə. Yoldaşlıq oyunu. Azərbaycan – Estoniya 2:1

6. 06.03.1999. Larnaka. Yoldaşlıq oyunu. Azərbaycan – Estoniya 2:2

7. 03.07.2002. Kuressaare. Yoldaşlıq oyunu. Estoniya – Azərbaycan 0:0

8. 15.11.2013. Tallin. Yoldaşlıq oyunu. Estoniya – Azərbaycan 2:1

9. 17.06.2023. Bakı. AÇ seçmə mərhələ. Azərbaycan – Estoniya 1:1

10. 13.10.2023. Tallin. AÇ seçmə mərhələ. Estoniya – Azərbaycan 0:2

11. 11.10.2024. Tallin. UEFA Millətlər Liqası. Estoniya – Azərbaycan 3:1

AĞA

Shares: