“Kurban Berdıyevin yanında çalışmaq hər bir məşqçinin arzusudur”.
Futbolinfo.az xəbər verir ki, bunu “Report”a açıqlamasında “Turan Tovuz” klubunda baş məşqçi Kurban Berdıyevin köməkçisi təyin olunan Yunis Hüseynov deyib.
59 yaşlı mütəxəssis Berdıyevin bir məktəb olduğunu vurğulayıb:
“Kurban Berdıyevi çoxdandır tanıyıram. 2012-ci ildə “Xəzər Lənkəran”da çalışarkən bir dəfə onun məşq prosesində iştirak etmişəm. Fikrimcə, Berdıyevin yanında çalışmaq hər bir məşqçinin arzusudur. Həqiqətən də o, məktəbdir. Futbolda yeniliklər çoxdur. “Turan Tovuz”un yüksək yerlərdən birini tutması üçün var gücümlə çalışacağam və əlimdən gələni əsirgəməyəcəyəm. Hazırda komanda yaxşı çıxış edir. Avrokuboklara vəsiqə qazanmaq şansı var”.
Buna qədər AFFA Elit-məşq layihəsinin rəhbəri, həmçinin Futbolun İnkişaf Fondunun Himayəçilər Şurasının sədri kimi fəaliyyət göstərən Y.Hüseynov bu vəzifələrdə qalıb-qalmayacağı barədə sualı da cavablandırıb:
“Yəqin ki, rəhbərliklə danışacağam və AFFA-dakı işimdən ayrılacağam. Ancaq Futbolun İnkişaf Fondundakı işim ictimai xarakter daşıyır. Yəni həmin işimdə qalacağam”.
Qeyd edək ki, Y.Hüseynov “Turan Tovuz”da köməkçi məşqçi təyin olunub. Tovuz təmsilçisi hazırda Misli Premyer Liqasında 26 xalla üçüncü pillədə qərarlaşıb.