“Komanda günü-gündən daha da yaxşılaşır. Nəticə olduqca hər birimizdə özünəinam qayıdır”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Kəpəz”in futbolçusu Nicat Süleymanov deyib.
Yarımmüdafiəçi hazırda qazandıqları hər bir xalı qızıl xal sayır: “Əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq ki, nəticə qazanaraq, axrıncı pillələrdən uzaqlaşaq. İnşallah, qələbələr qazanaraq, istəyimizə nail olarıq. Hazırda hər oyun bizim üçün çox vacibdir. Qazandığımız hər xal bizə qızıl xal kimi görünür”.
Nicat komandanın mövsümün əvvəlindəki komandadan fərqləndiyini deyir: “Mövsümün əvvəlində komanda təzə yığılmışdı və demək olar ki, heyətin 90 faizi dəyişmişdi. Ona görə də futbolçuların bir-birinə öyrəşməsi üçün vaxt lazım idi. Azər Bağırovun gəlişindən sonra isə bəzi oyunçuların bizə qoşulması daha çox fayda verdi. Azər müəllimin gəlişi ilə klubdakı yeniliklər göz önündədir. Ona kimi xalımız yox idi. İndi Allaha şükür ki, 7 xal qazanmışıq və bu, son deyil. İnşallah, daha yaxşı mövqedə qərarlaşarıq. Yaranan fasilədə məşqlərimizi daha yaxşı keçib, “Araz-Naxçıvan”la matçda qələbə qazanmağa çalışacağıq”.
GÜNAY SÜLEYMANOVA