“Real”ın sabiq mərkəz müdafiəçisi Naço Fernandes qərarına peşman deyil. O, Madriddən ayrılmaqla doğru addım atdığını düşünür.
Futbolinfo.az xəbər verir ki, Naço keçmiş klubundan inciməyib: “Getmək üçün zamanın yetişdiyini hiss etdim. İndi başqa yerdə olsam da, “Real” azarkeşi olaraq qalacam. Komandanın nəticələrinə görə həyəcanlanıram”.
Zədələr üzündən müdafiənin mərkəzində ciddi problemlər yaşayan “Real”ın Naçonu geri qaytarmaq istədiyi deyilir: “Klub mənimlə əlaqə yaratmayıb. Amma yaratsalar belə, mənim cavabım bəllidir. Artıq başqa yerdəyəm və müqaviləm var. Mənim üçün Madrid dəftəri bağlanıb”.
Naço son uğursuz nəticələrdən məyus deyil: “Karlo Ançelotti nə edəcəyini bilir. O, əla baş məşqçidir, çıxış yolu tapacaq. “Real” belə vəziyyətlərdən çıxmağı bacarır”.
Naço yayda bütün karyerasını sərf etdiyi “Real”ı azad agent kimi tərk edib. 34 yaşlı arxa xətt oyunçusu Səudiyyə Ərəbistanının “Əl Qədisiyyə” klubu ilə 2 illik müqavilə bağlayıb.