Emerik Laport “Real”a can atır. Səudiyyə Ərəbistanında “Əl Nəsr” forması geyən müdafiəçi belə bir təklifdən qürur duyacağını söyləyib.
Futbolinfo.az xəbər verir ki, zədələr üzündən xeyli müdafiəçisini itirən madridlilər yeni transferlərə hazırlaşır. Qış fasiləsində sağ cinaha və mərkəzə müdafiəçilər cəlb ediləcək. Laport namizədlərdən biridir.
İspaniya millisinin üzvü açıq danışıb: “Madriddən gələn təklifi dinlərdim. Belə klubları görməzdən gələ bilməzsən. Bu mövzuda bir məlumatım yoxdur, amma adımın o siyahıda olması belə gözəl hissdir”.
6 il Bilbao “Atletik”ində, 5 mövsüm “Mançester Siti”də oynamış Laport ötən ilin yayında 27,5 milyon avro qarşılığında “Əl Nəsr”ə satılıb. 30 yaşlı müdafiəçinin ərəb klubu ilə müqaviləsi 2026-cı ilin yayında bitəcək.