“Səbail”in kapitanı Yusif Nəbiyevin futbolinfo.az saytına müsahibəsi
– Şahin Diniyevin istefasından sonra keçirdiyiniz ilk oyunda “Turan Tovuz”dan 1 xal almağı (1:1) bacardınız. Əslində, bu görüşdə 3 xal əldə etməyə də yaxın idiniz, ancaq hesabdakı üstünlüyünüzü qoruya bilmədiniz. Diniyevin istefası və “Turan Tovuz”la matçla bağlı fikirləriniz necədir?
– Şahin müəllimin gedişi haqda nəsə deməyim düz çıxmaz. “Turan Tovuz”la oyuna gəlincə, bu görüşə ciddi hazırlaşmışdıq. Məqsədimiz meydandan xal və ya xallarla ayrılmaq idi. Düzdür, hesabda önə keçmişdik, üstünlüyümüzü sonadək qoruya bilmədik. Amma əsas odur ki, uduzmadıq. Növbəti oyunlara hazırlaşacağıq.
– Bugünlərdə komandanın yeni baş məşqçisi rəsmən açıqlandı. Cavid Hüseynovun “Səbail”ə gəlişini necə qarşıladınız? Sizcə, Hüseynov komandanı çətin vəziyyətdən çıxara biləcək?
– Bəli, yeni baş məşqçimiz Cavid Hüseynov oldu. Bizim üzərimizə düşən onun verdiyi tapşırıqları tam məsuliyyətlə yerinə yetirməkdir. Çalışacağıq ki, uğurlu olsun.
– Cavid Hüseynovun rəhbərliyi altında ilk oyununuz “Qarabağ”a qarşı olacaq. Bu görüşdən yaxşı nəticə ilə ayrılmaq şansınız nə qədərdir?
– “Qarabağ”ın gücü hamıya bəllidir. Amma futbolda hər şey mümkündür. Artıq bu oyunun hazırlığına start vermişik. “Qarabağ”la görüşə ciddi şəkildə hazırlaşırıq.
– Hazırda turnir cədvəlində 9-cu pillədəsiniz və sonuncu yerdə olan “Kəpəz”i cəmi 1 xal qabaqlayırsınız. Bu, komandada Premyer Liqanı tərk etmək qorxusu, futbolçuların üzərində təzyiq yaradırmı?
– Hazırkı mövqeyimiz bizi də qane etmir. Amma düşdüyümüz vəziyyətdən çıxacağımıza inanıram. Təhlükəli zonadan tez bir zamanda çıxmaq lazımdır.
– Komandanın kapitanı olaraq necə düşünürsünüz, cari mövsümdəki xal itkilərinizin əsas səbəbi nədir?
– Keçmişlə yaşasaq, inkişaf edə bilmərik. Keçmiş keçmişdə qaldı, gələcəyə baxmaq lazımdır. Bundan sonra məsuliyyətli olsaq və işə yanaşmanı düzəltsək, nəticəsini görəcəyik.
– “Səbail”in əsas heyətində mütəmadi oynasanız da, nədənsə milliyə dəvət almırsınız. Bunun səbəbini nədə görürsünüz?
– Milli komanda hər bir azərbaycanlı futbolçu üçün qürur yeridir, yığmada olmaq fəxrdir. Bunu futbolçularımız dərk etməlidir. Qaldı ki mənim millidə olub-olmamağıma, bu barədə heç nə deyə bilmərəm. Yığmamıza qarşıdakı oyunlarda uğurlar arzu edirəm. Qələbə ilə Azərbaycan xalqını sevindirsinlər.
ABBAS