“Bərabər səviyyəli komandalardır. Amma biz sonuncu oyunda evdə qalib gəlmişdik”. Bunu futbolinfo.az saytına açıqlamasında Estoniya yığmasının sabiq futbolçusu Taavi Ryan deyib.
“Neftçi”də çıxış etmiş sabiq yarımmüdafiəçi UEFA Millətlər Liqasının 5-ci turunda keçiriləcək Azərbaycan – Estoniya matçından danışıb: “Təbii ki, hər iki komanda qalib gəlmək istəyir. Azərbaycan yığması da evdə qələbə ilə ilk xallarını qazanmaq niyyətindədir. Amma mən bir estoniyalı kimi yığma komandamızın səfərdən qələbə ilə qayıdacağına inanıram. Millimiz Azərbaycana qalib gələcək”.
O, Estoniya yığmasının 3-cü turda doğma meydanda qazandığı 3:1 hesablı qələbəni belə şərh edib: “Həmin vaxt komandamızda yeni baş məşqçi var idi. Futbolçular da çox istəkli idilər. Doğma meydanda qələbə qazanmaq arzusunda idilər və nəticədə 3:1 hesablı qalibiyyətə sevindik”.
Qeyd edək ki, Azərbaycan – Estoniya matçı noyabrın 16-sı, saat 18:00-da start götürəcək.