“Turan Tovuz” Premyer Liqanın 2025/2026 mövsümündə yeni ad və loqo ilə çıxış edəcək.

Futbolinfo.az xəbər verir ki, bu barədə “Report”a qərb təmsilçisinin İdarə Heyətinin sədr müavini, klubun infrastruktur və maliyyə üzrə direktoru Əli Balakişiyev məlumat verib.

O, komandanın adının dəyişdirilməsi üçün AFFA-ya rəsmi müraciət ünvanladıqlarını bildirib:

“Turan Tovuz”un adının “Turan”la əvəz olunması üçün artıq rəsmi məktub göndərmişik. Sadəcə, cavabı gözləyirik. Müsbət rəy aldıqdan sonra komandamız yeni mövsümə yeni ad və loqo ilə başlayacaq. Artıq bir neçə loqo üzərində dayanmışıq. Klubumuzun İdarə Heyətinin sədri Ehtiram Quliyev də razılıq verdikdən sonra yeni loqo təsdiqlənəcək. Sadəcə, bunun üçün klubun adı rəsmən “Turan” olmalıdır”.

Balakişiyev yeni “Turan”ın “Turan Tovuz” klubunun davamçısı olacağını söyləyib:

“Bu gün “Turan Tovuz”da görülən işlər göz qabağındadır. Komandamızın tarixi imicini bərpa etmək üçün başda klub rəhbəri Ehtiram Quliyev olmaqla hər birimiz əlimizdən gələni edirik. “Turan” adının azarkeşlərimizə daha doğma olduğunu düşünürəm. Bildirmək istəyirəm ki, “Turan” “Turan Tovuz”un davamçısı olaraq öz fəaliyyətini davam etdirəcək”.

Shares: