Azərbaycan yığması bu gün taleyüklü oyuna çıxacaq.

Futbolinfo.az saytının məlumatına görə, Estoniya ilə Qəbələdəki matç komandamızın gələcək müqəddəratını həll edə bilər.

C liqasının 1-ci qrupunda yer alan millimiz ilk 4 turda aktivinə xal yazdıra bilməyib. Hazırkı durumda komandamız D liqasına yuvarlanmağa ən yaxın kollektivdir. Çünki C liqasında 4 qrup sonuncularından ən pis nəticəyə malik 2 komanda D liqasına düşəcək. Digər ikisi isə D liqasında qrup ikinciləri ilə pley-offda üz-üzə gələcək.

Hazırda Azərbaycan və Litva xal üzü görməyən iki komandadır ki, burada da top fərqində rəqibdən geri qalırıq. Digər qrup sonuncularından Latviyanın 4, Lüksemburqun 2 xalı var. Bir sözlə, millimiz qrupunu sonuncu pillədə başa vursa, böyük ehtimalla birbaşa D liqasına düşəcək.

Bunun qarşısını almaq isə heç də asan görünmür. İlk növbədə Estoniyanı minimum 2 top fərqi ilə məğlub etmək şərtdir. Belədə xallar bərabərləşəcək və top fərqi bizdə nisbətən yaxşı olacaq. Son turda isə estonlarla müqayisədə çox qol buraxmamaq lazım gələcək. Əgər bu gün 3 top fərqli qalibiyyət əldə olunsa, şəxsi görüşlərdə önə keçəcəyik. Belədə də son turda İsveçə uduzsaq belə, estonların da Slovakiyadan xal almamasına bel bağlamalı olacağıq. Təbii ki, Estoniya və İsveç üzərində qələbə vəziyyəti daha da yaxşılaşdırar. Ancaq real yanaşsaq, Stokholmda İsveçdən xal almaq heç də asan görünmür.

Bir sözlə, Estoniya ilə qarşılaşma millimizin taleyinə aydınlıq gətirə bilər. Bu qarşılaşmada heç-heçə belə, qrupda sonuncu yeri bizim üçün təmin edəcək. Yığmamızın Fernandu Santuşun rəhbərliyi altında həm ilk qələbəsini qazanmaq, həm də İsveç səfərinə ümidli yollanmaq baxımından Qəbələdəki görüş olduqca əhəmiyyətlidir.

Qeyd edək ki, Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 18:00-da başlayacaq.

FƏRİD

Shares: