Azərbaycan milli komandasının sabiq futbolçusu Fabio Luis Ramimin futbolinfo.az saytına müsahibəsi
– Fernandu Santuşun gəlişindən sonra yığmamız Millətlər Liqasında buvaxtadək keçirdiyi 4 oyunun hamısında uduzub. Portuqaliyalı məşqçinin uğursuz startının səbəbini nədə görürsünüz?
– Bunun bir başlıca səbəbi var. Azərbaycanlı futbolçular Avropa səviyyəsində deyillər. Oyunçuların keyfiyyəti aşağıdır. Odur ki, istəyir Santuş deyil, Qvardiola olsun, o da problem yaşayar. Çünki Azərbaycan yığmasında Avropa səviyyəli, güclü komandalara qarşı oynaya biləcək futbolçu çatışmazlığı var. Hazırda bu səviyyədə çıxış edə bilən yeganə azərbaycanlı oyunçu Mahir Emrelidir. Çünki o, Almaniyanın 2-ci Bundesliqasında oynayır. Bu isə ona keyfiyyətini artırmaq, güclü rəqiblərlə matçlarda da özünü göstərə bilmək imkanı verir.
– Yığmamız Millətlər Liqasındakı növbəti oyununu Qəbələdə Estoniya millisinə qarşı keçirəcək. Bu görüşdən hansı nəticəni gözləyirsiniz? Komandamız səfərdəki məğlubiyyətin əvəzini çıxa biləcək?
– Estoniya yığması Azərbaycan millisi ilə eyni səviyyədədir. Azərbaycan komandası bu görüşdə böyük səhvlərə yol verməsə, meydandan qələbə ilə ayrılacaq. Mən uğurlu nəticənin qeydə alınacağına inanıram.
– Estoniya ilə matçdan 3 gün sonra isə millimiz səfərdə İsveçlə üz-üzə gələcək. Ağır səfərdən sərfəli nəticə ilə qayıdacağımıza da inanırsınız?
– Estoniya ilə oyunla müqayisədə İsveçlə matç çox çətin keçəcək. Birincisi, İsveç bu görüşün ev sahibi olacaq. İkincisi, onlar çox yaxşı heyətə sahibdirlər. İsveç yığmasında olduqca güclü hücumçular toplaşıb. Deyərdim ki, hücum potensiallarına görə hazırda Avropada ən yaxşılardandırlar. “Sportinq”də çıxış edən Viktor Dyökereş və “Nyukasl”ın formasını geyinən Aleksandr İsak çox məhsuldar futbolçulardır. Onlar klublarının heyətində hər həftəsonu yüksək səviyyəli oyun keçirirlər. Bu isə onu deməyə əsas verir ki, azərbaycanlı müdafiəçilərin işi çox çətin olacaq. Fikrimcə, Azərbaycan millisinin səfərdən xalla qayıtması çətin məsələdir.
– Millimizin heyətində hansı futbolçuların oyununu bəyənirsiniz?
– Uzun müddətdir ki, Mahiri bəyənirəm. Azərbaycan yığmasının ən təhlükəli futbolçusudur. Ramil Şeydayev və Emin Mahmudovun da oyunu xoşuma gəlir. Bilirəm ki, Emin zədələndiyi üçün yığmadan kənarlaşdırıldı. Mahmudovu yığmada iş başında görmək istərdim. Çünki “Neftçi”dəki baş məşqçi dəyişikliyindən sonra onun çox oynamaq imkanı əldə etməsindən xəbərdaram.
– Santuşa öz oyun fəlsəfəsini millimizə tam aşılaması üçün nə qədər vaxt lazımdır?
– Əsas məsələ futbolçuların baş məşqçini anlamaları, onun nə istədiyini başa düşmələri və Santuşun tələb etdiyini meydanda göstərmələridir. Yenə deyirəm, hər şey futbolçuların səviyyəsinə bağlıdır.
FƏRİD