Estoniya yığmasının futbolçusu Sergey Zenyovun futbolinfo.az saytına müsahibəsi

– Yığmamızla ötən ay Millətlər Liqasında keçirdiyiniz matçda 3:1 hesablı qələbə qazana bilmişdiniz. Bugünkü qarşılaşmada şansları necə dəyərləndirirsiniz?

– Bəli, doğma meydandakı matçda qələbə bizim üçün vacib idi. Həmin oyuna ancaq qalibiyyət üçün çıxmışdıq. Fikrimcə, o görüşdə daha yaxşı oyun göstərə bilərdik. Ancaq əsas nəticə idi ki, onu da əldə etməyi bacarmışdıq. Qarşılaşmaya yaxşı başlamasaq da, lazımi anlarda qollar vura bilmişdik. Bugünkü matçdan fərqli olaraq, Estoniyada mütləq qalib gəlməliydik.

– “Qəbələ”dən ayrıldıqdan sonra ilk dəfədir ki, Qəbələyə gəlmisiniz. Millimizlə bugünkü görüşün Bakıda yox, məhz Qəbələdə keçirilməsinin sizin üçün xüsusi anlamı varmı?

– Nostalji hisslər yaşayıram. Meydana çıxmağı, yenidən Qəbələ şəhər stadionunda oyun keçirməyi çox istəyirəm. Uzun müddətdən sonra Qəbələdə olduğum üçün şadam. Fərqli hisslər keçirirəm.

– Bugünkü matçla bağlı konkret fikirlərinizi bildirmədiniz. Yığmamızla Millətlər Liqasının C liqasında qala bilmək uğrunda mübarizə aparırsınız. Sizcə, Qəbələdə sevinən tərəf kim olacaq?

– C liqasında qala bilmək üçün bu görüşdəki minimum məqsədimiz uduzmamaqdır. Təbii ki, qələbə ilə qayıtmaq daha yaxşı olardı. Ancaq Azərbaycan millisi ilə müqayisədə bizim durumumuz bir qədər yaxşıdır. Odur ki, ilk növbədə məğlub olmamağa çalışmalıyıq.

– 35 yaşlı Sergey Zenyov milli karyerasını bitirmək haqda düşünmür?

– Bəli, yığma ilə vidalaşmaq haqda fikirlər artıq ağlımdan keçir. Düşünürəm ki, gənclərə yol açmağın vaxtı çatır. Müəyyən mənada özüm üçün də yaxşı olar, diqqətimi ancaq klubumun çıxışına yönəldərəm. Yəqin ki, yaxın müddətdə yığma ilə vidalaşacağam. Digər tərəfdən, bu müddəti bacardığım qədər gecikdirməyə çalışıram (gülür). Çünki Avropa səviyyəli oyunlarda daha çox iştirak etmək istəyirəm. Amma hər şeyi vaxtında etmək yaxşıdır.

– Futbolçu karyeranızı bitirəndən sonra hansı işlə məşğul olacaqsınız? Sizi məşqçi kimi görə biləcəyik?

nl1gqzjk.lcl - Futbolinfo.az

– Məşqçilik kurslarına qatılmışam, oxuyuram. Ancaq konkret olaraq uşaq futbolunda, yoxsa böyük futbolda məşqçilik edəcəyimi hələ dəqiqləşdirməmişəm.

– Məşqçi kimi Azərbaycana dönüşünüz mümkündür?

– Niyə də olmasın?! Məşqçi kimi də Azərbaycanda çalışa bilərəm. Ölkəniz mənim üçün doğmadır. Azərbaycanla bağlı xoş, səmimi hisslərim var. Burada məşqçi kimi məmnuniyyətlə fəaliyyət göstərərdim.

ABBAS

Shares: