Həm milli komandanın cari tsikldə, həm də Fernandu Santuşun millimizin baş məşqçisi postunda ilk xalı qazanıldı. Amma nəyə və kimə lazım? “Başınıza dəysin” yazardım, ağsaqqal portuqaliyalının təqaüd yaşına hörmət naminə fikrimdən vaz keçirəm…
Santuş deyir “aya gedirik”… Yox, deyib ki, “düz yoldayıq”. Bu yol millimizi ən zəiflərin yığışdığı D Liqasına aparırsa, mənə o yol lazım deyil. Portuqaliya qədər böyük futbol ölkəsi olmasaq da, hər mənada Santuşun vətənindən böyük ölkəyik. Sadəcə, otu itin, əti atın qabağına qoyublar, hər kəs öz işi ilə məşğul olmadığı üçün futbolumuz bu gündədir. Futbol bir qrupun əsirliyində olmasaydı, əsl mütəxəssislər kənarda saxlanmasaydı, bacarıqlı vətənpərvər oğullar “qaqulik”lərin ayağına verilməsəydi…
Milli komandada ən yaxşı nəticələri yerli məşqçilər qazanıb. Statistikaya baxın, sonra hər dəfə bir əcnəbini millimizə calaq edən Elşad Nəsirovun canına dua oxuyun. Son qələbəsini Arif Əsədovla qazanan millimizə elə bu mütəxəssis rəhbərlik etsəydi, ən azı indi qrup sonuncusu olmazdıq. Amma AFFA rəhbərliyinə ucuz reklam, ölkənin pulunun dağıdılması gərək oldu. İndi də “öz cəzandı, çək, Balaş”…
Oyunda detallara varmağa dəyməz. Bəli, millimiz yaxşı oynadı, amma tarixdə qalan nəticədir. Estonlar açıq şəkildə heç-heçə üçün gəldilər və buna nail oldular. Santuş onların planını poza bilmədisə, deməli, o da tükənib. Zatən, son iş yerlərində bunun siqnalını vermişdi…
Yeri gəlmişkən, AFFA rəhbərliyi tez-tez Santuşu tərifləmək üçün maraqlı cümlə işlədir: “Bakıda qalır, ailəsini də gətirib, bütün gün işləyir”… Bəs, necə olmalı idi? Azərbaycanda yaşamaq, daim işinin başında olmaq onun vəzifə borcudur, əlavə xidməti deyil.
Milli komanda ölkə futbolunun güzgüsüdür. Və yığmamızın Millətlər Liqasında D Divizionuna düşməsi tezliklə rəsmiləşəcək. Bu, uçurumun dibidir, ondan oyanası yoxdur. Dövlət futbola qayğını artırdıqca, cavabdeh məmurlar ancaq “yeməklə” məşğul oldu, axırda baş o qədər qarışdı ki, futbolun özü yaddan çıxdı. Rövnəq Abdullayevin, Elxan Məmmədovun sayəsində bünövrəsi qazılan, varlığı yalançı fonla göstərilən Azərbaycan futbolu bu gün ən arzuolunmaz vəziyyətdədir.
Bacarıqlı idarəçilərin idarə etdiyi “Qarabağ”ı kənara qoy, Azərbaycanda futbol adına heç nə yoxdur. Halbuki sabiq baş katib Elxan Məmmədovun siyahıyaalmasına inansaq, ölkədə futbolla məşğul olanların sayı yarım milyona çatmalı idi. İndi isə bircə Mahir Emreli oynamır, əvəzinə oynatmağa hücumçu tapmırıq. Halbuki kadr hazırlığına diqqət yetirilsəydi, yüzmilyonlar milliləşdirməyə deyil, uşaq futboluna yönəldilsəydi, bu gün yığmada amansız rəqabət olardı.
7,5 aydır hakimiyyətdə olan Rövşən Nəcəfi tənqid etməyi sabiqlərin dəyirmanına su tökməyə bərabər tuturlar. Guya ki, indikilərə vaxt vermək lazımdır. Elə deyil. Əvvəla, köhnələr də, indikilər də eyni adamlardır, hər iki dəstəni Nəsirov idarə edir. Balakişi Qasımov və daha bir-iki nəfər Elşad bəyin komandasının üzvü deyil, onlar da nüfuzdan belə nəticələrlə salınacaq. AFFA-nın ndiki idarəçilərinə o vaxt səbr edilərdi ki, həqiqətən iş gördüklərini göstərsinlər, amma hələ vaxt öldürürlər, Elxan Məmmədovun kadrları ilə inkişafa ümid edirlər. 7 aydır inkişaf strategiyasını “dəmə qoyublar”, bişməyib. Bunlar işə başlayanda futbol ümumiyyətlə, olmayacaq.
Vitse-prezident Balakişi Qasımov ötən günlərdə bir müsahibəsində islahata başladıqlarını, məsələn, AFFA-nın maliyyəçisini dəyişdiklərini deyib. Bu şəxs həqiqətən futbol strategiyası ilə bağlı islahatın xəzinədardan keçdiyini düşünürsə, deməli, səhv adamlara ümid etmişik. Gələn tsikldə D divizionundan yuxarı qalxarıq və bunu qəhrəmanlıq kimi təqdim edərlər…
İcraçı vitse-prezident Sərxan Hacıyev hazırda qızıl ortanı tapmaq üçün bütün karyerasını qumara qoymuş adam təsiri bağışlayər. AFFA-nın daxilində klanlar gizli müharibə aparır, Hacıyev hamıya qulaq asıb, hamının dediyini etməyə çalışır, vəzifəsinin verdiyi səlahiyyətlərdən istifadə edə bilmir. Və o qədər səlahiyyətsizdir ki, bugünədək Fernandu Santuşa daimi tərcüməçini işə götürə bilməyib. AFFA dilənməklə məşğuldur, mətbuat konfranslarından birinə “Qarabağ”ın, digərinə “Neftçi”nin tərcüməçisi gəlir.
Dünənki matçda yeganə müsbət məqam uzun fasilədən sonra milli komandamızın Bakıdan kənara çıxması, bölgədə oyun keçirməsi idi. Amma bu da AFFA-nın region azarkeşlərini sevindirmək niyyəti ilə bağlı deyildi. Sadəcə, Bakıdakı COP29 tədbirlərinə görə məcburiyyətdən bu addımı atdılar. Azarkeşlər uğursuz millidən üz döndərdiyindən tribunaları doldurmaq üçün maliyyələşdirdikləri klublara konkret rəqəm sayında azarkeş gətirmək tapşırığı verdilər, bərbad təşkilatçılıq üzündən onların stadiona girişi də ilk hissənin ortalarınadək yubandı. Sonra isə teleməddahlar az qala qələbəsizliyi həmin azarkeşlərin boynuna yıxırdı…
İstənilən halda, zəif təsəllimiz var. Milli komanda tsikli xalsız başa vurmaq təhlükəsindən qurtuldu. Dünənki nəticə qrup sonunculuğundan qurtulmağa imkan verməsə də, hər halda, Santuş 5-ci oyunda ilk xalını qazandı və millimizin xal qrafasında 1 rəqəmini gördük. Bu münasibətlə badə qaldırmaq olar – səbəbkarlar, sizin şərəfinizə!..
VÜSAL MAHMUDOV