Ötən Avropa çempionatının seçmə mərhələsində evdə Estoniya yığmasından 1 xal alan millimiz bu dəfə də artığını bacarmadı. Bakıda heç olmasa, Baltikyanı ölkənin komandasına qol vura bilmişdik, Qəbələdə ona da həsrət qaldıq.

Hələ o ayrı söhbətdir ki, Canni de Byazinin başçılığı altında estonlardan 4 xal almışdıq. Fernandu Santuşun komandası isə 4 xalı estonlara verdi. Hətta irəli gedib “hədiyyə etdi” də yazmaq olar. Çünki Tallində buraxdığımız qollar rəqib üçün sadəcə, bəxşiş idi. Evdə onları məğlub edə bilməməklə D divizionuna yolumuz açıldı. İndi belə bir komandanın qrupu lider başa vurmaq istəyən İsveçlə səfərdə hansı şanslarından danışmaq olar?! Evdə Estoniya seçməsinə qol vura bilməyən, ümumiyyətlə 2 oyunda estonların qapısından yalnız 1 top keçirən (onu da penalti ilə) bir komanda hazırda yüksəlişdə olan skandinavlara nə edə bilər ki?!

Hər nə qədər xoş olmasa da, “İsveçə qarşı necə oynamaq lazımdır” araşdırması suyun üzərində gəzmək imkan(sızlığ)ına bənzəyir. Biz hətta bu suda üzə belə bilmərik, o ki qala gəzməyə. Milli üzvləri nə edər, nə etməz – bu, onların öz işidir. Amma biz rəqibi təhlil etmək öhdəliyini üzərimizdən ata bilmərik.

Mətləbə keçməzdən əvvəl onu qeyd edək ki (əslində bunun özü də bir mətləbdir), sentyabrın 5-də Bakıda keçirilən oyunla müqayisədə Yon dal Tomassonun komandası çox artırıb. Bakıda komandamız penaltini də nəzərə alsaq, rəqibin qapısı qarşısında xeyli qol imkanı yaratdı. Bəlkə də İsveç qrupda ən çox qol vəziyyətini o matçda verdi. Amma həmin görüşdən sonra “vikinqlər”in oyununda əməlli-başlı yüksəliş oldu. Hələ onu demirik ki, ötən Avropa çempionatının seçmə mərhələsində Bakıda 3:0 hesabı ilə məğlub etdiyimiz yığma ilə müqayisədə bu komanda əməlli-başlı “qladiator”dur. Bizim zəifləməyimizin fonunda onların güclənməsi heç yerinə düşmədi. Yəni, Solnadakı matçda xal qazanmağımız bir kənara dursun, darmadağın olunmamağımız üçün dua etməliyik. Son turda Slovakiya ilə matçda hər hissənin əvvəlində vurduğu qollarla qalib gələrək qrupda liderliyi ələ alan Tomassonun komandası bizim işimizi ümumiyyətlə ilk hissədə bitirməyə çalışacaq.

Bakıda 4-2-3-1 sxeminə üstünlük verən Tomasson həmin görüşdən sonra taktikanı dəyişmək məcburiyyətində qaldı. Hər halda, autsayderlə görüşdə bu qədər çətinliklə üzləşəndən sonra slovaklarla ümumiyyətlə bacarmaq mümkün olmayacaqdı. Nəticədə Tomasson 3-5-2 taktiki düzülüşünə bel bağladı və bunun faydasını gördü. Doğrudur, Avropa çempionatının 1/8 finalçısına qarşı keçirdikləri iki oyunda qapılarında 3 top gördülər. Amma istənilən halda, slovaklardan  4 xal qopara bildilər. Estonlara qarşı keçirdikləri 2 oyunda isə ümumiyyətlə qapılarında top görmədilər.

Bu o deməkdir ki, bu komanda hazırda müdafiədə də etibarlıdır. Amma bizimlə oyun ərəfəsində müəyyən problemlərlə üzləşiblər. Belə ki, slovaklarla görüşdə “Atalanta”nın üzvü İsak Heyn cəzalı vəziyyətə düşdüsə, “Mançester Yunayted”in arxa xətt oyunçusu Viktor Lindelöf zədələnərək meydanı tərk etdi. Onun bizə qarşı meydana çıxması inandırıcı görünmür. Lap sağalsa belə, bu səviyyədə oyunçunu autsayder komandaya qarşı görüşdə odun içinə atmağa risk etməzlər. Amma Tomassonun əlinin altında “Selta”da çıxış edən Karl Starfelt və “Malmö”də oynayan Nils Zatterström kimi müdafiəçilər var. Müdafiədə “3-lü halqa”nın daha bir üzvü olan Qabriel Qudmundssonla bağlı isə heç bir problem yoxdur. Onun bizə qarşı meydana çıxacağına şübhə yoxdur. Onları narahat etmək üçün yalnız cinahlarda fəallığı artırmalıyıq. Çünki cinalara təhkim olunan AEK-li Niklas Eliassonla “Uotford”lu Ken Sema irəli atılarkən arxanı boş qoyurlar. Nəzərə alaq ki, Semadan fərqli Eliasson heç müdafiəçi də deyil. Ona görə də biz sol cinahdan fəallığı artırmalıyıq. Slovaklar da buna cəhd edirdi, sadəcə, bitiricilkdə problem yaşayırdılar.

Mərkəz yarımmüdafiəçiləri fiziki cəhətdən çox möhkəmdir. Təkcə “Tottenhem”dən tanıdığımız Deyan Kuluşevskinin adı kifayətdir. Doğrudur, o, hazırda özünə doğma olan mövqedə oynamır.  Məsələn, Slovakiya ilə oyunda Lobotka ilə Duda ona göz açmağa imkan vermirdi. Amma Azərbaycanla görüşdə bizdən kim onun əl-qolunu bağlaya bilər ki?  Nəzərə alaq ki, “Brayton”la Yassin Ayari ilə AİK-dən Anton Saletros da döyüşkənliyi ilə seçilən oyunçulardır. Cinahlar da onlara dəstək olanda problem problem üstünə gəlir.

Bizim üçün ən böyük kabus hücumun sivri ucunda qərarlaşan “Nyukasl”ın ulduzu Aleksander İsakla “Sportinq”in göz bəbəyi Viktor Dyökereşdir. Bu iki oyunçu bir-birini gözüyümulu başa düşür. Slovakiyanı elə bu duet bitirdi. Həm qol vurdular, həm də məhsuldar ötürmə müəllifi oldular. Arxaya çəkilib zərgər dəqiqliyi ilə ötürmələrlə rəqib müdafiəsini iflic vəziyyətinə salırlar. Mümkün qədər onlar arasında koridoru bağlamaq lazımdır. Santuş onların Slovakiyaya vurduğu ilk qolu bizim futbolçulara göstərib çarə tapmalıdır. Hələ eyni epizodu sonra yenə yaxaladılar.  Sadəcə, Dyökereş Dubravkanı keçə bilmədi.

İsveçin mənfi və müsbət cəhətlərindən çox danışmaq olar. Məsələ ondadır ki, qarşılarına çıxarmağa heç kimimiz yoxdur. Hətta de Byazinin dövründə qismən normal oynayan millimiz belə İsveçdə qapısında 5 top görmüşdü. Hələ onda skandinavlar indiki kimi parlaq oynamırdılar. Heç olmasa, millimiz C divizionundan darmadağınla yola salınmasın. Santuşun Portuqaliyaya qazandırdığı Avropa çempionluğundan ayıbdır…

Azərbaycan – İsveç rəqabəti:

1. 02.09.2000. Bakı. DÇ, seçmə mərhələ. Azərbaycan – İsveç 0:1

2. 07.10.2001. Stokholm. DÇ, seçmə mərhələ. İsveç – Azərbaycan 3:0

3. 27.03.2023. Stokholm. AÇ, seçmə mərhələ. İsveç – Azərbaycan 5:0

4. 16.11.2023. Bakı. AÇ, seçmə mərhələ. Azərbaycan – İsveç 3:0

5. 05.09.2024. Bakı. Millətlər Liqası. Azərbaycan – İsveç 1:3

FƏRİD

Shares: