ATP Finalları 2030-cu ilə qədər İtaliyada keçiriləcək. Bu barədə ATP-nin sədri Andrea Qaudenzi mükafatlandırma mərasimi zamanı bildirib.
Növbəti çempionatın harada keçiriləcəyi hələ rəsmi olaraq açıqlanmayıb. Daha əvvəl İtaliya mətbuatı turnirin 2026-cı ildə Milana keçəcəyi ilə bağlı məlumat yaymışdı.
“Son dörd il ərzində İtaliya özünü ən nüfuzlu turnirimizin yüksək səviyyəli ev sahibi kimi sübut etdi. Son dörd il ərzində göstərdikləri dəstəyə görə İtaliya Tennis Federasiyasına və bütün tədbir tərəfdaşlarına təşəkkür edirik. Biz bu işi birlikdə yüksəltməyə davam etməyi səbirsizliklə gözləyirik”, – deyə Qaudenzi qeyd edib.
Xatırladaq ki, dünən Turində baş tutan finalda yerli tennisçi Yannik Sinner amerikalı Teylor Fritsi 6:4, 6:4 hesabı ilə məğlub edərək qalib olub.