Millətlər Liqasının 6-cı turu çərçivəsində İsveçlə səfərdə keçiriləcək matçdan öncə 3 futbolçunun Azərbaycan yığmasının heyətindən çıxarılmasından xəbərdarsız. Bunlar Elvin Cəfərquliyev, Rahil Məmmədov və Mustafa Əhmədzadədir.
Futbolinfo.az xəbər verir ki, hər 3 oyunçu müxtəlif səbəblərdən millidən kənarda qalıb.
Elvin Cəfərquliyev 5-ci turda Estoniya ilə matçda vərəqə aldığı üçün cəzalı duruma düşüb. O, sarı vərəqə limitini doldurduğu üçün İsveçlə matçda meydana çıxa bilməyəcəkdi. Bu səbəbdən “Qarabağ”ın yarımmüdafiəçisi komanda ilə birlikdə Stokholma yollanmayıb.
“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Mustafa Əhmədzadə ilə bağlı fakt isə maraqlıdır. Gənc futbolçu viza ala bilmədiyi üçün Azərbaycan yığmasının heyətindən kənarda qalıb. O, ilk dəfə çağırıldığı yığma ilə viza səbəbindən səfərə gedə bilməyib.
Polşanın “Radomyak” klubunda çıxış edən Rahil Məmmədov isə zədə səbəbindən yığmadan kənarda qalıb. O, Millətlər Liqasının 5-ci turunda Estoniya ilə 0:0 bitən matçın 1-ci dəqiqəsində zədələnib. Qarşılaşmanı erkən tərk edən futbolçunun zədəsi olduğu üçün o da İsveçə aparılmayıb.
Futbolinfo.az-a danışan Məmmədov sağalmasının 15-20 gün çəkəcəyini bildirib: “İkinci dərəcəli dartılmadır. Bu zədənin sağalması adətən 15-20 gün çəkir”.
ABBAS