“Qarabağ”ın Avropa Liqasında növbəti rəqibi “Olimpik” (Lion) klubunun Fransa Liqa 1-dən kənarlaşdırılması gözlənilir. Yaşanan problemlərə görə, ulduzlardan biri komandanı tərk edə bilər.

“Olimpik”in elit liqada gələcəyi Milli İnzibati Nəzarət Departamentinin (DNCG) iclasından sonra şübhə altında qalmaqdadır. Noyabrın 15-də DNCG kluba qarşı növbəti qış transfer pəncərəsinə qədər oyunçuların qeydiyyatı qadağası və maaş limiti şəklində sanksiyalar tətbiq etdi.

Lionlular şərti olaraq aşağı liqaya düşürülüb və ən qısa zamanda maddi vəziyyətini yaxşılaşdırmasa, Liqa 2-yə göndəriləcək. Amma vəziyyət ilk baxışdan göründüyü qədər də acınacaqlı deyil.

Klub sahibi azarkeşləri sakitləşdirib

“Olimpik” rəhbərliyi borcun 505,1 milyon avro (keçən maliyyə ilindən 47 milyon çox) təşkil etdiyini bəyan edib. Eyni zamanda, 2024/25 mövsümü başlamazdan əvvəl Lion komandası DNCG yoxlamasından keçə bilməyib. Departament komandanın çempionatı başa vurmaq üçün lazımi büdcəyə malik olduğuna şübhələr olduğunu qeyd edib.

Keçən həftəsonu “Olmpik”in sahibi Con Tekstor mətbuat konfransı keçirərək, klubdakı mövcud vəziyyət haqqında danışıb. O, həmçinin “Botafoqo”, “Molenbeek”, “Kristal Pelas” və ABŞ-dakı “Florida” gənclər komandasının da daxil olduğu “Eagle Football” strukturunun borclarının azaldılması strategiyasını təqdim edib. Qeyd edək ki, bu struktur məhz elə Con Tekstora məxsusdur.

Tekstor əminliklə, klubun bu vəziyyətdən çıxacağını bildirib. Onun fikrincə, xilasedilmə variantlarından biri satışlardır.

“Bütün dünyaya səslənirəm: biz aşağı liqaya göndərilməyəcəyik. Bizim modelimizin uğur qazanacağına inanıram. Səhmdarlarımızın pulu var. Heç kim klubun aşağı liqaya düşməsinə imkan verməyəcək. Uğursuzluq şansımız yoxdur. Əsas heyətdə 29 futbolçumuz var. İdeal olaraq 23 və ya 24 oyunçuya ehtiyacımız var. 6 oyunçu artıqdır”, – deyə “RMC Sport”a müsahibəsində sahibkar qeyd edib.

Satılmağa əsas namizəd

Klubun maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün ən yaxşı oyunçularından biri olan 21 yaşlı Rayan Şerkini satmağa hazırdır.

“L’Equipe” nəşrinin məlumatına görə, “Liverpul” futbolçunun mümkün transferi ilə bağlı araşdırmalar aparıb və onu Məhəmməd Salahın əvəzləyicisi kimi nəzərdən keçirir. Eyni zamanda, yarımmüdafiəçinin özü, bir çox fransız futbolçunun öz potensialını uğurla ortaya qoyduğu Bundesliqaya keçməyə meyllidir.

9bea7b66 eb3d 4ec5 9b25 032566e5ae2d - Futbolinfo.az

“Transfermarkt” Şerkini 20 milyon avro qiymətləndirir. “Olimpik” onu ən azı gələn yaya qədər saxlamaq istəyirdi, lakin klubun maliyyə problemləri futbolçunun yanvarda satılacağından xəbər verir.

“Bordo” hekayəsinin təkrarlanması inandırıcı görünmür

 Lionlular hələ də bu vəziyyətdən çıxış yolu axtarmaqdadır. Ölkənin digər titullu klubu “Bordo” isə ötən yay peşəkar statusundan imtina edərək dördüncü diviziona düşmək qərarına gəlib.

Klub DNCG-yə 2024/25 mövsümü üçün maliyyə zəmanəti vermədiyindən, departament onun aşağı liqaya düşürüldüyünü elan etmişdi. “Bordo” rəhbərliyi “Liverpul” futbol, “Boston Red Soks” beysbol və “Pitsburq Pinqvins” hokkey komandasının da sahibi olduğu Amerikanın “Fenway Sports Group” (FSG) şirkətinə satılması ilə bağlı danışıqlar aparıb. Lakin tərəflər sövdələşməni gerçəkləşdirə bilməyiblər.

FƏRİD

Shares: