“Artıq 2 ildir ki, “Zenit”lə çempion oluram. Çox gözəl bir hissdir və ümid edirəm ki, davamlı olar”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında qadınlardan ibarət milli komandamızın futbolçusu Nigar Mirzəliyeva deyib.

Müdafiəçi bayrağımızı bütün ölkələrdə tanıtmaq və zirvələrə qaldırmağı hədəflədiyini bildirib: “Komandamla daha 2 il müqaviləm var. 2026-cı ilə qədər “Zenit”lə davam edəcəm. Futbolda daha yaxşı nəticələr verməklə, bayrağımızı bütün ölkələrdə tanıtmaq və zirvələrə qaldırmağı hədəfləyirəm. Öz ölkəmizdə çıxış etməyi çox istərdim. Amma təəssüf ki, bizim qadın futbolu çox inkişaf etməyib. Buna görə də karyeramı xarici klublarda davam etdirirəm. Ümid edirəm ki, Azərbaycanda da futbol daha çox inkişaf edər və mənə də öz ölkəmdə oynamaq qismət olar”.

Qeyd edək ki, “Zenit”in qadınlardan ibarət komandasının son turda ÇSKA-nı 1:0 hesabı ilə məğlub edib. Bununla da, komanda yenilgisiz Rusiya çempion olub. Nigar bu mövsüm 7 oyunda 1 qol vurub.

GÜNAY SÜLEYMANOVA

Shares: